Şriftin ölçüsü:
23.05.2012 01:20 | Oxunma sayı: 886
Mətbuat Şurasında Borçalıda nəşr olunan "Qarapapaqlar" jurnalının 5 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirdi ki, 2007-ci ilin mayında nəşrə başlayan "Qarapapaqlar" jurnalının artıq 5 yaşı tamam olub. Əsasən elmi xarakter daşıyan dərgi Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafında mühüm rol oynayır. Jurnalın yubileyi Mətbuat Şurası və "Dialoq Avrasiya" Platformasının Azərbaycan nümayəndəliyi tərəfindən birgə təşkil edilib.
"Dialoq Avrasiya" Platforması Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı çıxış edərək dedi ki, "Qarapapaqlar" jurnalı türk dünyasına bağlı olan coğrafi məkanda ərsəyə gəlib və türk xalqlarının tarixini, mədəniyyətini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır.
Jurnalın baş redaktoru Akif Xansultanlı dərginin Gürcüstan hökuməti tərəfindən elmi-kütləvi nəşr kimi qeydə alındığını, tarix, ədəbiyyat, etnoqrafiya və kulturologiya istiqamətləri üzrə nəşrinə icazə verildiyini bildirdi. Dərgi əsasən Borçalı qarapapaqlarının, eləcə də Gürcüstandan Dərbəndə, Təbrizə, Türkiyə ərazisinə qədər böyük bir məkanda yaşayan türk etnoslarının tarixinə işıq saçır, Azərbaycanın elm və ictimai xadimlərinin ikitərəfli gürcü-Azərbaycan münasibətləri ilə bağlı müsahibələrini, publisistik və elmi materiallarını nəşr edir, maarifçiliyi əsas istiqamət kimi götürür. Eyni zamanda, Tbilisidəki çox zəngin arxivdə saxlanan Azərbaycanın tarixi haqqında materiallarla bağlı istər Azərbaycan, istərsə də gürcü alimləri və tədqiqatçılarının əsərləri jurnalda öz əksini tapır.
Sonra Əflatun Amaşov "Qarapapaqlar"ın baş redaktoruna Mətbuat Şurası və "Dialoq Avrasiya" Platformasının təsis etdiyi "Həqiqətə xidmətlərinə görə" mükafatını təqdim etdi.
Toplantı iştirakçılarından Diasporla İş üzrə Dövlət Komitəsi aparatı rəhbərinin müavini Surəddin Hümbətov "Qarapapaqlar"ın uğurlu bir missiya ilə fəaliyyətə başladığını bildirdi. Onun sözlərinə görə, qarapapaq türk tayfasının adı ilə bağlı nəşrin ərsəyə gəlməsi təkcə elmi deyil, həm də kifayət qədər əhatəli ictimai-mədəni hadisədir. Türk dünyası ilə əlaqədar araşdırmaların nəşrin səhifəsində müntəzəm yer alması olduqca vacib cəhətlərdən biridir. Ona görə də "Qarapapaqlar" təkcə Gürcüstanda deyil, ümumən regionda türkçülüyün təbliği baxımından mühüm mənbədir.
BDU-nun jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev və həmin fakültənin müəllimi Cahangir Məmmədli jurnalın kollektivini yubiley münasibətilə təbrik etdilər və gələcəkdə uğurlar arzuladılar. Onların sözlərinə görə, yurda, Vətənə, elmə bağlılığı sadəcə sözlə ifadə etmək azdır. "Qarapapaqlar" bunun peşəkar nümunəsini ortaya qoyan kütləvi informasiya vasitəsidir. Onun maddi və mənəvi qayğılarının aradan qaldırılmasına dəstək göstərmək hər birimizin doğma işi olmalıdır.
Yazıçı Yunus Oğuz qarapapaqların tarixi və yaşadıqları ərazilər haqqında ətraflı məlumat verərək bu barədə jurnalda geniş elmi məqalələr çap olunduğunu bildirdi.
Yazıçı Nəriman Əbdülrəhmanlı qeyd etdi ki, Tbilisidə çıxmış "Varlıq" qəzeti nəşrini dayandırdıqdan sonra "Qarapapaqlar" Gürcüstandakı türk toplumunun yeganə mənəvi istinadgahıdır. Nəşrin uzunömürlüyünü təmin etmək üçün Azərbaycanın müvafiq qurumları öz köməyini göstərməlidir.
Xarici İşlər Nazirliyinin əməkdaşı Fəxri Hacıyev bildirdi ki, yaxın keçmişimizə qədər qarapapaqların tarixi kimliyi barədə adi məlumat belə olmasa da, jurnal fəaliyyət göstərdiyi 5 ildə təkcə daşıdığı adla deyil, ümumən bölgədəki türk etnosu ilə bağlı bilgisizliyi tamamilə aradan qaldırıb.
Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış edərək "Qarapapaqlar" jurnalına yeni uğurlar arzuladılar və ona hərtərəfli dəstək göstərməyin vacibliyini vurğuladılar. Yerli iş adamları, eləcə də Azərbaycanın Gürcüstanda çalışan şirkətləri də bu prosesdə fəal rol oynamalıdırlar.
{nl}
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.