Dünya şöhrətli neftçi Sabit Atababa oğlu Orucov 1912-ci il may ayının 31-də Bakının Novxanı kəndində fəhlə ailəsində dünyaya göz açmışdır. Orta məktəbi Bakıda bitirən gənc Sabit 1929-1931-ci illərdə kənd məktəbində müəllim işləmişdir. 1931-1936-cı illərdə dünyada tanınmış, Avropa və Asiyada ilk neft-qaz təmayüllü ali məktəbdə - Azərbaycan Sənaye İnstitutunda oxumuşdur. Neft səltənətində doğulmuş və gənc yaşlarından neft işinə sonsuz maraq göstərən Sabit Orucov 1936-cı ildə həmin institutun neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirib, neftçi-mühəndis ixtisasına yiyələndikdən sonra tərəddüd etmədən istehsalata getmişdir.
Sonsuz həvəs və əzmkarlıqla əmək fəaliyyətinə başlayan Sabit Orucov elə ilk gündən həyatının sonunadək öz işini peşəkarlıqla yerinə yetirmiş, qarşısına çıxan maneə və çətinlikləri məharətlə aradan qaldıra bilmiş və bütün ömrü boyu Vətəninə və xalqına sədaqətlə xidmət etmişdir.
1936-1946-cı illərdə S.Orucov Suraxanı mədənlərində kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası vəzifələrində çalışmış, "Orconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma işləri üzrə rəis müavini və "Azneft"də baş mühəndis işləmişdir. Böyük Vətən müharibəsinin son dərəcə çətin illərində Azərbaycanın ən qabaqcıl neftqazçıxarma müəssisələrindən birinə başçılıq etməsi S.Orucovun, gənc olmasına baxmayaraq, fövqəladə bacarıq və istedadından xəbər verirdi.
1946-47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini - baş mühəndis, 1949-53 və 1955-57-ci illərdə SSRİ neft sənayesi nazirinin müavini, 1957-59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi olmuş, 1962-65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi bölməsinə rəhbərlik etmiş, 1965-72-ci illərdə SSRİ neft sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ qaz sənayesi naziri olmuşdur.
S.A.Orucov Xəzər dəniz neft yataqlarında, xüsusilə də Neft Daşlarında yüksək həvəs və əzmkarlıqla çalışmışdır. SSRİ neft və qaz sənayesinin inkişafında onun misilsiz xidmətləri olmuşdur.
XX əsrin 30-cu illərində Azərbaycan neftçiləri haqqında yazan Amerika jurnalistləri onları "nəhənglərdən də nəhəng" adlandırmışdılar. O dövrdə Azərbaycan mütəxəssislərinin, qazmaçıların neft yataqlarının işlənməsi, neftçıxarma və neft-kimya sənayesi sahəsində rəqibi olmamışdır. Bu həqiqəti onlar "İkinci Bakı" adlanan Qərbi Sibirin karbohidrogen ehtiyatlarının kəşf olunub-çıxarılması işində, bir sözlə, SSRİ neft-qaz sənayesini aparıcı iqtisadi sahəyə çevirməklə sübut etdilər.
Azərbaycanın görkəmli neftçiləri arasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərən Sabit Orucovu qeydsiz-şərtsiz ən böyük və ən parlaq ulduzlardan birinə bənzətmək doğru olardı. Bir epizodu xüsusi qeyd etmək istərdim. Böyük Vətən müharibəsi dövründə Krasnodar vilayətinin neft mədənləri məzarlığa çevrilmişdi. Krasnodar mədənlərinin reabilitasiyası üçün sovet hökuməti 1950-ci ildə ora məhz Sabit Orucovu ezam etdi. Krasnodar missiyasını şərəflə başa çatdıran Sabit Orucov Vətənə - Azərbaycana Dövlət Mükafatı ilə qayıtdı. Sonrakı illərdə quruda və dənizdə neft hasilatını artırmaq üçün ona axtarış-kəşfiyyat və qazıma işlərini gücləndirmək vəzifəsi tapşırıldı. Abşeron yarımadası, Xəzər akvatoriyası və Kür düzənliyində yeni neft və qaz yataqlarının kəşfiyyatı və sənaye miqyasında mənimsənilməsi bilavasitə "Azərneftkəşfiyyat" Birliyinə başçılıq edən Sabit Orucovun adı ilə bağlıdır.
Elə həmin dövrdə əfsanəvi Neft Daşları yatağı kəşf olunub Vətənin xidmətinə verildi. 1949-ci il noyabr ayının 7-də Neft Daşlarında qazımadan alınan 1№-li kəşfiyyat quyusu neft fontanı vurdu. Həmin yerdə diqqəti cəlb edən xatirə lövhəsinin üzərində "Dəniz neft yatağının ilk kəşfiyyatçısı, əfsanəvi dəniz şəhəri və mədəninin əsasını qoyan Sabit Atayeviç Orucov burada yaşayıb işləmişdir" sözləri yazılmışdır.
Sabit Orucov bacarıqlı dövlət xadimi olmaqla yanaşı, neft-qaz sənayesinin görkəmli təşkilatçısı, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində görkəmli alim kimi həmişəlik yaddaşlarda qalmışdır. Onun elmi, istehsalat və rəhbər kadr kimi idarəetmə fəaliyyəti hərtərəfli olmuşdur: Sabit Orucov harada işləməsindən asılı olmayaraq, doğma Azərbaycanın neft-qaz sənayesinin inkişafı naminə fədakarlıqla çalışmışdır. Onun müvəffəqiyyətlərinin bir başlıca səbəbi də o idi ki, başçılıq etdiyi hər müəssisədə çox bacarıqlı və fədakar insanları öz ətrafına toplaya bilirdi.
Həmin dövrdə ölkənin dünyada ən böyük Vahid Qaz Təsərrüfatı sistemi intensiv inkişafa nail olmuşdur: sənaye istismarında 250 qaz-qazkondensat yatağı vardı; qaz emalı zavodlarının illik məhsuldarlığı 65 milyard kubmetrə çatdırılmışdı; magistral qaz kəmərlərinin ümumi uzunluğu 130 min kilometri ötmüş; sıxıcı kompressor stansiyalarındakı qaz vurucu aqreqatların ümumi gücü 18 milyon kilovatdan artıq olmuşdu; fəaliyyətdə olan yeraltı qaz anbarlarının sayı 40-ı keçmişdi; təbii qaz və maye qazlardan istifadə çox yüksək səviyyəyə çatdırılmış, 195 milyon nəfərlik əhali kateqoriyası iqtisadi cəhətdən səmərəli və müəyyən mənada ekoloji təmiz yanacaqdan istifadə etmişdir.
Tərkibində xeyli miqdarda hidrogen-sulfıd və ağır merkaptanlar olan Həştərxan, Mübarək, Orenburq qazkondensat yataqları bazasında möhtəşəm qaz emalı kompleksləri tikilmiş və qiymətli xammal olan kükürdün istehsal olunması prosesləri müvəffəqiyyətlə həyata keçirilmişdir. Orenburqun yaxınlığında yerləşən unikal Karaçaqanak qazkondensat yataqlarının yüksək hidrogen-sulfid tərkibli qazı və kondensatı Orenburq Qaz Emalı Zavodunda emal olunmuş və merkaptanlardan azad edilmişdir. Nəhəng Şatlık QKY-nın qazkondensat sistemində parafinin çökməsinin qarşısının alınması məqsədilə yüksək effektli metod işlənib hazırlanmış və istehsalatda tətbiq edilmişdir.
Yüksək potensiallı kondensata malik olan qazkondensat yataqlarının məhsuldar laylarında olan qalıq kondensatın çıxarılma əmsalını xeyli artırmaq məqsədilə ilk dəfə olaraq sayklinq prosesi tətbiq olunmuş və yüksək səmərəlik əldə edilmişdir.
Sabit Orucovun böyük təşkilatçılıq qabiliyyəti keçmiş SSRİ qaz sənayesi naziri olduğu dövrlərdə (1972-1981-ci illər) daha böyük vüsət almışdı: Qərbi Sibirin Tümen və Şərqi Sibirin Krasnoyarsk vilayətlərinin, Uzaq Şərqin, Türkmənistanın, Özbəkistanın, Qazaxıstanın, Ukraynanın, Komi MR-nın Ural-Volqaətrafı neft-qaz zonasının, Başqırdıstanın, Krasnodar, Stavropol və Həştərxan vilayətlərinin, Şimali Qafqazın neft-qaz yataqlarının kəşfiyyatı və sənaye miqyaslı mənimsənilməsində onun misilsiz xidmətləri olmuşdur. O, Qərbi Sibirin qaz kompleksinin formalaşmasında və intensiv inkişafında mühüm rol oynamışdır. Regionun geoloji-texniki, təbii iqlim xüsusiyyətləri nəzərə alınmaqla, qazkondensat yataqlarının sənaye işlənməsinin yeni yanaşma konsepsiyasını işləyib hazırlamışdır; qazkondensat quyularının qazılması, qaz hasilatının artırılması, təbii qazın magistral kəmərlərlə uzaq məsafəyə - Avropaya nəqlini, habelə mütərəqqi texnika və texnologiyaların yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirə bilmişdir.
Xalq təsərrüfatında qazın səmərəli istifadə olunması problemlərinin qısa müddətdə həll olunmasına, qaz sənayesi iqtisadiyyatının daha da inkişaf etdirilməsinə nail ola bilmişdir; ilk dəfə ölkənin qaz hasilatı o vaxt üçün rekord rəqəmə - 800 milyard kubmetrə çatdırılmışdı.
Sabit Orucov ölkənin qaz sənayesində müasir infrastrukturun qurulmasına müvəffəqiyyətlə nail ola bilmişdi. Medvejye (1972-ci il) və Urenqoy (1978-ci il) qazkondensat yataqlarının misalında S.A.Orucov göstərmişdir ki, mədəndaxili boru kəmərləri yerüstü olarsa, onlar xüsusi istilik örtükləri ilə mühafizə olunarsa, istismar quyularından hasil olunan təbii qazın temperaturu çıxış xətlərində və kollektorlarda hidratəmələgəlmənin (donmanın) qarşısının alınması üçün tamamilə kifayət edə bilər. Bu məqsədlə yaradılmış texnologiya nəticəsində hidratəmələgəlməyə qarşı xüsusi inhibitorun verilməsinə və onun regenerasiyasına ehtiyac olmamışdır. Medvejye və Urenqoy qazkondensat yataqlarında torpağın əbədi donma şəraitində təbii qazın mədəndə qurudulması məqsədilə idxal adsorbentlərinin (bərk sorbentlər) və ölkədə istehsal olunan absorbentlərin (maye sorbentlər) tətbiq olunması ilə yüksək məhsuldarlıqlı qurğulardan geniş miqyasda istifadə olunmasına başlandı. Urenqoy və Messoyax qaz kondensatından dizel yanacağının və yüksək oktanlı benzinin alınması texnologiyası hazırlanmış və istehsalatda tətbiq edilməsinə başlanmışdı.
70-ci illərdə qaz hasilatının əsas mənbəyi Qərbi Sibirdə yerləşdiyi üçün təbii qazın uzaq məsafəyə, xüsusilə Avropaya nəqli üçün magistral qaz kəmərlərinin uzunluğunun 4,5 min kilometrə çatdırılması ilə əlaqədar olaraq Sabit Orucovun təşəbbüsü ilə başlanğıcını Qərbi Sibirdən alan nəhəng "Dostluq" (Drujba) ixrac boru kəmərinin diametri ölkə üçün rekord həddə -1420 mm-ə və nəql olunan qazın kəmərə vurulma təzyiqi isə 75 atmosferə çatdırıldı.
Sabit Orucov çoxsaylı elmi işlərin və ixtiraların müəllifi, texnika elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Dəfələrlə Ümumdünya konqreslərində (Moskva, Yaponiya, İngiltərə, Kanada) məruzələr etmiş, beynəlxalq neft-qaz konqreslərinin vitse-prezidenti seçilmişdir.
O, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinə deputat seçilmişdir. Sabit Orucovun səmərəli və dəyərli xidmətləri sovet hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı və iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan SSR əməkdar elm və texnika xadimi adlarına layiq görülmüşdür. İki dəfə Lenin, "Oktyabr İnqilabı", dörd dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla ilə təltif olunmuşdur.
Neft-qaz sənayesinin dahi istehsalat təşkilatçısı və rəhbəri, tanınmış alim və gözəl insan, həmyerlimiz Sabit Orucovun heykəli Nadım şəhərinin görkəmli yerində ucaldılmışdır. "Urenqoy neft qazçıxarma" İstehsalat Birliyinə, "Xəzərdənizneftndonanma"nın sərnişin gəmilərindən birinə onun adı verilmişdir.
Sabit Orucov 1981-ci ildə Moskvada vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.
Bakı şəhərinin küçələrindən birinə və Özbəkistanın Xarəzm vilayətinin Xivə şəhərindəki orta məktəbə Sabit Orucovun adı verilmişdir. Sabit Orucovun Moskvada yaşadığı evin fasadında qranit və tuncun kompozisiyasından ibarət olan xatirə lövhəsi vurulmuşdur. Neft və qaz sənayesinin görkəmli təşkilatçılarından biri olan Sabit Orucovun xatirəsi bütün neft-qaz sahəsində çalışan alim və mütəxəssislərin qəlbində daim yaşayacaqdır.
{nl}
Sakit RƏSULOV, Azərbaycan Dövlət Neft Akademiyasının elm və texnika işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.