Gəncədə keçirilən məzun yarmarkasında 787 nəfər işlə təmin edilmişdir

Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) məzunların ixtisaslarına uyğun işlə təmin olunması məqsədilə növbəti yarmarka keçirilmişdir. 
Respublika kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun iştirakı ilə keçirilən tədbirdə iştirakçılar "Elba 999"un, "Palsüd", "Azərsun", "Bismak", "Bərdə" yağ-pendir emalı müəssisələrini, Göygöl və Şəmkir rayonlarının şərabçılıq zavodlarının, Qaraqaşlı broyler və Biləsuvar quşçuluq fabriklərinin istehsal etdikləri məhsullara maraqla tamaşa etmişlər. Nazir müavini nümayiş etdirilən məhsullar barədə iştirakçılara ətraflı məlumat vermiş, bu uğurları son illər ölkəmizdə aqrar bölmənin inkişafına göstərilən qayğının nəticəsi kimi dəyərləndirmişdir. Bildirmişdir ki, respublikamızda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Sahibkarlığın inkişafına dəstək məqsədilə hər il yüzlərlə iş adamına milyonlarla manat güzəştli kreditlər verilir ki, bu da ölkəmizdə ərzaq probleminin həlli istiqamətində müsbət dəyişikliklərə səbəb olur.
Aslan Aslanov onu da qeyd etmişdir ki, bu gün respublikamızın aqrar bölməsində qazanılan uğurlarda Azərbaycan Dövlət Aqrar Universitetinin də öz yeri vardır. Yüksək ixtisaslı mütəxəssislərin hazırlığında, elmin kənd təsərrüfatına tətbiqində, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsində alimlərin zəhməti əvəzsizdir. Son illər Aqrar Universitetin beynəlxalq əlaqələrinin genişlənməsi, tələbə və müəllim mübadilələrinin qurulması müsbət nəticələrə yol açmışdır. Elə bu məqsədlə Moskva Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında ADAU-nun tələbələri üçün 20 yerin nəzərdə tutulmasını da Aslan Aslanov şad xəbər kimi yarmarka iştirakçılarının nəzərinə çatdırmışdır.
ADAU-nun rektoru, professor Mirdaməd Sadıqov isə yarmarkanın təşkilini dövlətin təhsilə qayğısının bir daha təsdiqi kimi qiymətləndirmiş və bildirmişdir ki, məzun yarmarkası ilk olaraq tələbənin illərlə çəkdiyi zəhmətin, onun sabahının təminatıdır, nəzəri və praktiki biliyin ümumi inkişafımıza yönəldilməsidir.
Yarmarkanın təşkilat komitəsinin sədri, dosent Hümbət Camalov AzərTAc-a demişdir ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işlərinə 2 ay əvvəl başlanılmışdır. 35 rayon ilə əlaqə qurulmuş, icra strukturları, qeyri-hökumət təşkilatları və fermer təsərrüfatlarında olan boş iş yerləri barədə məlumat əldə edilmişdir ki, yarmarkaya çıxarılan 822 iş yerindən də 500-ü sırf kənd təsərrüfatını əhatə etmişdir. Rayon və ayrı-ayrı təşkilatlardan gələn nümayəndələrin normal işləməsi üçün aqrotexnologiya korpusunda 7 otaq ayrılmış, kompyuterlə təchiz edilmiş , monitorlar vasitəsilə boş iş yerləri barədə məlumatlar verilmişdir.
Bütün gün davam edən yarmarkada 787 nəfər məzun ixtisasına uyğun iş yeri tapdığı üçün tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında