Şriftin ölçüsü:
23.05.2012 01:57 | Oxunma sayı: 559
Çingiz QƏNİZADƏ: Bizim ölkənin ərazilərinin işğalını tanımayan adamın Bakıdakı tədbirlərə dəvət olunmasına çox təəssüflənirəm
Erməni lobbisinin vəsaiti hesabına yaşayıb Azərbaycana qarşı qarayaxmalarla məşğul olan bəzi əcnəbi qüvvələr artıq ölkəmizdə özlərinə dəmtutanlar dəstəsi formalaşdırıblar. O dəmtutanlar ki, Azərbaycan haqqında istənilən səviyyəli adamın söylədiyi bədniyyətli fikirləri şadyanalıqla qeyd edirlər. Fransada bir taksi sürücüsünün " Azərbaycan iqtisadi cəhətdən inkişaf etdiyi kimi siyasi cəhətdən də inkişaf etsə daha yaxşı olardı"- ifadəsini eşidən İP təmsilçisi (bu ifadənin " ipləmə" sifətinə dəxli yoxdur, İctimai Palata deməkdir) iki gün bayram edibmiş. Onlarla adama zəng edib ki, Fransa Azərbaycandakı siyasi durumu bəyənmir.
Bu baxımdan Almaniya mətbuatında işıq üzü görən böhtanla dolu sərsəm yazılar bizim müxaliflərin dadına daha çox çatır. Dərhal bəyanat bəyanat dalından, məqalə məqalə dalından yazılır ki, bəs Avropa ölkələrində Azərbaycan müxalifətini dəstəkləyirlər. Ancaq unudurlar ki, öz müxalifətinin gözünə soğan sıxan Almaniya rəhbərliyinin kiminsə müxalifətini dəstəkləməsi gülünc, absurd və məntiqsiz bir haldır.
Bakıda keçirilən Avropa miqyaslı mahnı müsabiqəsinin adından və mahiyyətindən istifadə etməyə çalışan müxaliflər çox iyrənc yollara əl atırlar. Məsələn, Yaşılllar Partiyasından Almaniya Parlamentinə deputat seçilmiş Volker Bek öz ölkəsində Azərbaycanın ünvanına səsləndirdiyi qərəzli böhtanları ilə bizim müxalifətin çox böyük rəğbətini qazanmışdır. Həmin qarayaxma ustasını Bakıya dəvət edib onun başına toplaşmağı iftixar hesab edən müxaliflər bu iyrənc addımı atdılar və cənab Bekin antiazərbaycan çıxışlarının öz paytaxtımızda səsləndirilməsinə çox sevindilər. Məsələ ondadır ki, "mən Almaniya dövləti adından deyil, öz partiyamız adından danışacam" - deyən Volker Bek Ermənistanın müxalifət təmsiçilərindən olan Volter Bekyandan heç nə ilə fərqlənmir. Bakıda ikrahdoğuran bəyanatlar səsləndirmiş almaniyalı deputat Bek öz səlahiyyətlərinin harada başlanıb harada qurtaracağına məhəl qoymadan, ən başlıcası isə Azərbaycanda qonaq olduğunu unudaraq 9 milyonluq ölkəyə dərs vermək iddiasına düşüb. Guya Azərbaycanda insan hüquqları qorunmur, demokratiya yoxdur, insanların sərbəst toplanmasına icazə verilmir, siyasi məhbuslar var və sairə.
Doğrudur Azərbaycanı təmsil edən insanlardan dörd- beş nəfəri (Bekin yanında oturanların Azərbaycanı təmsil etməsinə çoxsaylı şübhələr yaranır ) ona konkret faktlara istinad edən tutarlı cavablar verirlər. Ancaq bu sətirlərin müəllifi kimi mən başqa məqamları yada salmaq istəyirəm. 2008-ci ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərinin gedişini müşahidə etmək üçün ölkəmizə gələn yüzlərlə əcnəbi siyasətçi və parlamentari arasında olan almaniyalı deputat öz ürək sözlərində yazmışdı: "Arzu edərdim ki, mənim ölkəmdə də seçkilər bu şəkildə şəffaf və ədalətli keçirilsin". Əminəm ki, həmin müşahidəçilərin hesabatlarının surəti Bakıdakı Almaniya səfirliyndə saxlanılır və cənab Bek həqiqəti dərk eləmək üçün o hesabatlara baxa bilər. Yaxud 1995-ci ildə Azərbaycanda olmuş Almaniya parlamentinin üzvü Villi Vimmer yazmışdı: "İndi Azərbaycan İkinci Dünya müharibəsindən çıxmış Almaniyanı, Prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr Heydər Əliyevə mane olmasalar, işləməyə imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil ola bilər". Mərhum Vimmer haqlı idi. O zaman Heydər Əliyevə də mane olmaq istəyənlər çox idi. Ancaq əl- ayağa dolaşmaqdan başqa heç nəyə nail ola bilmədilər. İndi Prezident İlham Əliyevin dünya miqyaslı nüfuzu qarşısında duruş gətirə bilməyən erməni lobbisi Volker Bek kimi əl-ayağa dolaşanları Bakıya göndərməklə nəyəsə nail olcaqlarına inanırlar. Unudurlar ki, Azərbaycan bu gün mərhum Vimmerin proqnoz verdiyi intibah dövrünü yaşayır. Mehmanxana zalının küncündə oturub hərzə- hədyan danışmaqla bu intibahı və inkişafı əngəlləmək mümkün olmayacaq.
Sonda bir məsələni də qeyd edək. Almanları Bakıya dəvət edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov və onun əlinin altında fəaliyyət göstərən İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov "Avroviziya - 2012" mahnı müsabiqəsini siyasiləşdirməklə bir "ilk"ə imza atmış oldular. Belə ki, indiyədək 56 dəfə Avropanın az qala bütün ölkələrində keçirilmiş həmin müsabiqə heç zaman bu qədər siyasiləşdirilməmişdir. İnsanlar həmin yarışmaya mədəniyyət məsələsi kimi, şou xarakterli layihə kimi baxırdılar. Qalib gələn ölkələr öz bayraqları və təmsilçiləri ilə fəxr edirdilər. İndicə adını çəkdiyimiz iki adam isə Azərbaycanın həmin müsabiqədə qalib gəlməsinə başqa cür sevinmişdilər: "Bu layihəni siyasiləşdirmək və beynəlxalq aləmdəki qrantverənlərdən vəsait qoparmaq üçün məqam". Amma erməni lobbisindən pul alıb Azərbaycana qarşı böhtan yağdırmaqdansa, Volker Bek olmaq yaxşıdır. Çünki o, danışıb-danışıb gedəcək. RATİ-çilər isə ölkəmizin uğurları artdıqca yenə danışacaqlar.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.