Gün gələcək Azərbaycanın bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
May ayının 8-də Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü tamam oldu. Prezident İlham Əliyevin "Şuşa şəhərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" sərəncamı ilə bağlı Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda müxtəlif tədbirlər, anım mərasimləri keçirildi, şəhidlərimizin xatirəsi bir daha ehtiramla yad edildi. Bu sərəncam həm də xalqımızda qələbəyə yeni inam hissi yaratdı.
Erməni işğal faktının, Azərbaycanın haqq səsinin dünya dövlətləri tərəfindən bir daha tanıdılmasına xidmət etdi. Ərazisi 289 kvadratkilometr olan Şuşa şəhərinin binasını 1750-ci ildə qarabağlı Pənahəli xan Cavanşir qoymuşdur. Yerli əhali yeni salınmış qalanı Qarabağın ilk hökmdarının şərəfinə "Pənahabad" adlandırmışdır. Sonralar bu qala "Şişə", daha sonralar isə "Şuşa" kimi tanınmışdır. Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahim Xəlil xanın dövründə xanlıq daha da güclənmiş və inkişaf etmişdir.
Pənahəli xan və İbrahimxəlil xan Şuşa şəhərini yüksək səviyyədə inkişaf etdirmişdilər. Şəhər on yeddi əsas məhəlləyə bölünmüşdü. Ümumiyyətlə, Şuşanın bir şəhər kimi formalaşmasını şərti olaraq üç mərhələyə bölmək olar: birinci mərhələ 1763-cü ili əhatə edir. İkinci mərhələ 1763 -1806-cı illərə təsadüf edir. Bu illərdə Şuşada aparılan tikinti işləri daha geniş və keyfiyyətli olmuşdur. On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə isə Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır.
On doqquzuncu əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının "Şəhər əsasnaməsi"nın (1785-ci il) 28-29-cu maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur. Şuşa Qarabağın sənətkarlıq mərkəzi olmuşdur. Şəhərdə müxtəlif sənət sahələrinin inkişafı, ticarət əlaqələrinin genişlənməsi, mənəvi mədəniyyətin yüksəlişi onun şöhrətini uzaqlara yaymışdı.
Sənətkarlığın və mədəniyyətin inkişafına, əhalisinin çoxluğuna görə Azərbaycanda birinci, Zaqafqaziyada isə Tiflisdən sonra ikinci şəhər olan Şuşa iyirminci əsrdə 3 dəfə - 1905-1907-ci, 1920-ci və 1992-ci illərdə erməni təcavüzünün qurbanı olmuşdur. 3-cü dəfə - özü boyda tarixi bir abidə olan Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni işğalçıları tərəfindən işğal olunmuşdur. Müharibə nəticəsində Şuşa şəhərindən 195 nəfər torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər isə itkin düşmüşdür. 28 yanvar 1992-ci ildə Qarabağ səmasında Ağdam - Şuşa reysi ilə uçan mülki vertolyotun vurulması nəticəsində isə 44 nəfər şəhid olmuşdur. Həmin dəhşətli terror zamanı Şuşadan olan 4 ailənin bir neçə üzvü eyni vaxtda faciəli şəkildə həyatını itirmişdir.
Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 8 muzeyi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 25 orta məktəbi, 40 tibb müəssisəsi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı məhv edilmişdir. 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, bir sıra tarixi abidələr və qədim binalar da talan edilmiş, dağıdılmışdır.
Şəhərin bir sıra mədəniyyət və tarixi abidələri erməni vandalizminin qurbanı olmuşdur. Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri ermənilər tərəfindən vəhşicəsinə güllələnmişdir. Möhtəşəm sənət əsəri olan bu tarixi abidələr məhz ulu öndər Heydər Əliyevin səyləri nəticəsində xilas edilmiş və Bakıya gətirilmişdir. Azərbaycan xalqının qiymətli mədəni sərvətlərinin məhv edilməsi "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.
Şuşa Azərbaycan mədəniyyətinə bəxş etdiyi musiqi xadimlərinin, görkəmli şəxsiyyətlərin, tanınmış elm adamlarının vətənidir. Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Səməd bəy Mehmandarov, Bülbül, Xan Şuşinski, Üzeyir, Zülfüqar, Ceyhun Hacıbəyov qardaşarı, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov və Şuşa mühitinin yetirmələri olan bir çox başqa xadimlərin Azərbaycan mədəniyyətində və incəsənətində müstəsna xidmətləri olmuşdur.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Şuşanın inkişafına diqqət və qayğı onu müasir bir şəhər kimi inkişaf etdirmişdi. O dövrdə Şuşada görkəmli şəxsiyyətlərin abidələrinin qoyulması, ev-muzeylərinin yaradılması, şəhərin tarix-memarlıq abidələrinin bərpası, şərq musiqi alətləri istehsal edən fabrikin istifadəyə verilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü ilə qədim Şuşa şəhəri 1977-ci ildə tarixi-memarlıq qoruğu elan edilmişdir. Heydər Əliyev Azərbaycan rəhbəri kimi 12 yanvar 1979-cu ildə, 14 yanvar və 28 iyul 1982-ci ildə Şuşaya gəlmiş və bir sıra obyektlərin açılışında şəxsən iştirak etmişdir. Bu görüşlər illər ötsə də bütün şuşalıların qəlbində əziz bir xatirə kimi yaşayır.
Təəssüf ki, bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 20 ildir ki, Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Şuşanın 1 şəhər, 1 qəsəbə, 37 kənd olmaqla, 39 ərazi vahidi vardır. Əhalisi 30432 nəfərdir. Şuşalılar respublikanın sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edirlər. Məcburi köçkün kimi əhali respublikanın 55 şəhər və rayonunda məskunlaşmışdır. 2956 nəfər dövlət tərəfindən yeni mənzillərlə təmin olunmuşdur. 2007-ci ildə Bakı şəhərinin Ramana qəsəbəsində 450 ailə üçün salınmış qəsəbədə 2243 nəfər məcburi köçkün yaşayır. Köçkün əhali üçün burada 1 orta məktəb, 1 musiqi məktəbi, tibb məntəqəsi, poçt, inzibati bina tikilmişdir.
Sürətli inkişaf dövrünü yaşayan Azərbaycan böyük tərəqqi yolu keçmiş, qazandığı sosial-iqtisadi nailiyyətlərlə beynəlxalq aləmdə aparıcı dövlətlərdən birinə çevrilmişdir. Ölkəmizin müstəqilliyi və bugünkü sürətli inkişafı üçün Heydər Əliyev tərəfindən yaradılmış güclü potensial Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, uzaqgörən siyasət nəticəsində bu gün daha da möhkəmləndirilir. 2011-ci il, oktyabrın 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Səsvermədə Azərbaycanın lehinə 155 ölkənin səs verməsi ölkəmizin hərtərəfli inkişafının, beynəlxalq aləmdə nüfuzunun artmasının bariz sübutudur.
Azərbaycan dövlətini, onun Prezidentini, hər bir Azərbaycan vətəndaşını bu gün narahat edən ən vacib məsələ, təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün problemləri Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin gündəlik qayğısına çevrilmişdir.
Prezident iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkənin baxışlarını, mövqeyini və siyasi xəttini qətiyyətlə ifadə edir. Dövlət başçısı Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirilmiş iclasında Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olduğunu bir daha bəyan etmişdir.
Şuşanın işğalı ilə bağlı xalqımızın ortaya qoyduğu möhkəm iradə hər birimizdə əminlik yaradır ki, Ali Baş Komandanın rəhbərliyi altında tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək. Bütün məcburi köçkünlər ata-baba yurdlarına qayıdacaq. Prezident İlham Əliyevin dediyi kimi : "Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır!".
{nl}
Bayram SƏFƏROV, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin sədri-icma rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.