Milli Məclisdə bəzi qanunlara əlavələr və dəyişikliklər edilmiş, bir sıra beynəlxalq sənədlər təsdiq olunmuşdur

Mayın 22-də Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə cari məsələlərə baxılmışdır.
Deputatlar dünyada və regionda baş verən hadisələr, siyasi proseslər, eləcə də Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsi ilə bağlı fikirlərini bölüşmüşlər. Bildirilmişdir ki, indi bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdir. Azərbaycanın regionda və dünyada artan nüfuzundan təşvişə düşən qüvvələr çirkin vasitələrlə ölkəmizin uğurları üzərinə kölgə salmağa çalışırlar. Erməni lobbisinin təsiri altında olan qüvvələr Azərbaycanda asayişi pozmağa cəhd göstərirlər. Amma onlar birdəfəlik bilməlidirlər ki, istədiklərinə nail ola bilməyəcəklər.
Milli Məclis sədrinin müavini Bahar Muradova demişdir ki, Azərbaycanın nailiyyətləri fonunda hər hansı bir nöqsan axtarmağa yönəlmiş cəhdlərin davam etdiyi bir məqamda bəhanələrdən danışmaq sadəlövhlükdür. Bəhanə axtaran istənilən halda o bəhanəni tapacaq və bizim apardığımız siyasi kurs kimlərinsə bəhanəsini əlindən almağa yönəlməmişdir. Biz Azərbaycan dövlətini möhkəmlətmək, vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün çalışırıq. Eyni zamanda, qonşularımızla normal münasibətləri saxlamaq istəyirik. Bu, Azərbaycanın yeritdiyi siyasətin əsas istiqamətlərindən biridir. Biz münasibətlərimizi beynəlxalq hüququn əsas prinsipləri üzrə qururuq.
Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir. Sədr demişdir ki, Azərbaycana qarşı aparılan bütün çirkin təbliğatın arxasında erməni lobbisi dayanır. Bütün bunları erməni lobbisi hazırlayır. İranda baş verən hadisələrin ssenarisi elə bil Ermənistanda yazılır. Həmin hadisələr daha da genişləndirilmiş formada Ermənistanın elektron KİV-lərində yayılır.
Sonra iclas gündəlikdəki qanun layihələrinin müzakirəsi ilə davam etmişdir.
Əvvəlcə "Həbs yerlərində saxlanılan şəxslərin azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu qanun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının həyata keçirilməsi və təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyəcəkdir.
Dörd fəsil və 50 maddədən ibarət olan qanun müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilmişdir.
İclasda bir sıra beynəlxalq sazişlərə də münasibət bildirilmişdir.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" və "Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" sazişlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu sənədlər ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcəkdir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə "Azərbaycan Hökuməti ilə Xorvatiya Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza sənədindən azad edilməsi haqqında" Saziş və "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birinci zirvə toplantısının bəyannaməsi"nin təsdiq edilməsi haqqında" qanun layihəsi barədə məlumat vermişdir. O demişdir ki, hər iki sənəd Azərbaycanın regionda və dünyada artan nüfuzunun göstəricisidir. İkinci sənəd türkdilli ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəkdir.
İclasda bəzi qanunlara əlavələr və dəyişikliklər də edilmişdir.
Məlumat verilmişdir ki, "Dövlət rüsumu haqqında" və "Məhkəmə və hüquq-mühafizə orqanlarının işçilərinin dövlət müdafiəsi haqqında" qanunlara təklif olunan dəyişiklik redaktə xarakterlidir.
"Prokurorluq haqqında" Qanuna edilən dəyişiklikdə isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki təminatının Müdafiə Nazirliyindən alınaraq Baş Prokurorluğa verilməsi nəzərdə tutulmuşdur.
"Konstitusiya Məhkəməsi haqqında" Qanuna edilən dəyişiklikdə isə Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı yuxarı yaş həddi 70 yaş müəyyən edilmişdir.
İclasda "Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında" layihəyə baxılmış, Nətavan qəsəbə inzibati ərazi dairəsinin və onun tərkibində olan Nətavan qəsəbəsinin adının Natəvan adlandırılması barədə qanun qəbul olunmuşdur.
Bundan başqa, iclasda "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunlara, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda da dəyişikliklər edilmişdir. Qeyd olunmuşdur ki, bu sənədlərin bələdiyyələrin icra aparatının fəaliyyəti ilə bağlı hissəsində müvafiq əlavənin edilməsi nəzərdə tutulub. Əlavəyə əsasən, bələdiyyənin icra aparatı bələdiyyənin, onun komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Aparatın struktur bölmələrinin rəhbərləri isə görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, həmçinin komissiyaların iclaslarındakı səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.
İş gününün sonunda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi ikinci və üçüncü oxunuşda müzakirə olunmuşdur.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov bildirdi ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsini təmin edəcək, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalının və yayılmasının qarşısını alacaqdır.
Qanun layihəsində əsas anlayışlarla yanaşı, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar, sübutlar, informasiya hüququ, bu qanunun tətbiq sahəsi, müəlliflik hüququ, əlaqəli hüquqlar və başqa müddəalar əksini tapmışdır.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, layihə üçüncü oxunuşun da tələblərinə cavab verir.
Sonda 4 fəsil, 17 maddədən ibarət olan qanun layihəsi ikinci və üçüncü oxunuşda səsə qoyularaq qəbul edilmişdir.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında