Şriftin ölçüsü:
22.05.2012 00:50 | Oxunma sayı: 528
Azərbaycan tarixində ilk dəfə dünyanın ən möhtəşəm mədəniyyət tədbirlərindən birinə - "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edir. Müsabiqənin miqyası və ölkəmiz üçün siyasi, iqtisadi və mədəni əhəmiyyəti nəzərə alınaraq hazırlıq işləri görülmüş, ölkənin bütün sahələrində təxirəsalınmaz və genişmiqyaslı tədbirlər həyata keçirilmışdır. "Eurovision -2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara, verdiyi tapşırıqlara uyğun olaraq digər sahələrdə olduğu kimi, su təchizatı sistemində də genişmiqyaslı işlər görülmüşdür. Bu məqsədlə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində müvafiq komissiya və qərargah yaradılmış, qısa müddətdə Tədbirlər Planı hazırlanaraq onun icrasına başlanmışdır.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ilk növbədə, xarici qonaqların yerləşəcəyi mehmanxanaların, ictimai iaşə obyektlərinin, əyləncə və ticarət mərkəzlərinin ünvanları müəyyən edilmiş, həmin obyektləri su ilə təchiz edən anbarların, boru xətlərinin, məhəllədaxili nasos stansiyalarının və digər qurğuların siyahısı dəqiqləşdirilərək onların təhlükəsizliyi və istismarına diqqət artırılmışdır. Müsabiqə zamanı qonaqları qəbul edəcək otellərin su anbarlarının vəziyyəti bir daha təftiş edilmiş, onların giriş borularının diametri, gündəlik su sərfi və alternativ giriş xətlərinin imkanları araşdırılmışdır.
Müsabiqə ərəfəsində, eləcə də yarış günlərində su və kanalizasiya sisteminin davamlı iş rejimini təmin etmək üçün növbətçilik qrafiki hazırlanmış və müəyyən olunmuş yerlərə növbətçi məsul şəxslər təyin edilmişdır. İstehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə magistral kəmərlərdə təmir-bərpa, anbarlarda profilaktika işləri aparılmışdır. Belə ki, İ. Nəbiyev, 2A ünvanında yerləşən su anbarı, "+ 69 Qərb" su anbarı bütünlüklə, "+160 Qərb" su anbarının əsas seksiyaları yuyularaq dezinfeksiya edilmişdir. Bütün bunlarla yanaşı "Azərsu" ASC-nin balansında olan məhəllədaxili su anbarlarının da yuyulması təmin edilmişdir. Tərtib olunmuş qrafikə uyğun olaraq yuyulub zərərsizləşdirilmiş anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında istismara buraxılmışdır. Bu istiqamətdə görülmüş işlərin davamı olaraq anbarlar lazımi reagent və reaktivlərlə təmin edilmişdir.
Müsabiqə ərəfəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması, paytaxtın yol infrastrukturunun yenidən qurulması nəzərə alınaraq yeni xətlər çəkilmiş, həmçinin təmir-bərpa işləri aparılmışdır. Suyun səmərəli paylanması məqsədilə Səbail rayonu "Ramada" oteli və "Dostluq" istirahət mərkəzinin yaxınlığından keçən magistral xəttin üzərində yeni siyirtmə quraşdırılmış, A. Abbaszadə və M. Müşfiq küçələri boyunca 2100 metr uzunluğunda xəttin inşası başa çatdırılmışdır. "+110 Qərb" və "+ 69 Qərb" su anbarları arasında inşa edilmiş 1200 mm diametrli əlaqələndirici xətt istismara verilmişdir.
Təmir-bərpa işlərinin operativliyinin təmin edilməsi və onlar arasında etibarlı kommunikasiya əlqələrinin təşkil edilməsi məqsədilə operativ qəza-bərpa qrupları yaradılmışdır. Həmin qruplar lazımı material və avadanlıqlarla təmin edilmişdir. "Bakı Sukanal" İdarəsinin təqdim etdiyi arayışa əsasən 8 qəza-bərpa qrupunun hər biri üçün dislokasiya yeri müəyyən edilmiş, onlar lazımi texnika və avadanlıqla təchiz edilmişdir. Qəza-bərpa qrupları ilə qərargah arasında etibarlı kommunikasiya əlaqələrinin təşkil edilməsi və zəruri informasiyaların operativ ötürülməsi məqsədilə müsabiqə ərəfəsində müvafiq səlahiyyətli şəxslər rabitə vasitələri ilə təmin edilmişdir.
Mahnı müsabiqəsinin keçirildiyi günlərdə su anbarlarının mühafizəsini tam təmin etmək məqsədilə mühafizə olunan bina və qurğularda mühafizə xidməti əməkdaşları xüsusi təlimatlandırılmış və gücləndirilmiş iş rejiminin tətbiq olunması diqqətə çatdırılmışdır.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.