Dünya mətbuatı Azərbaycan həqiqətlərini şərh edir

Xəbər verdiyimiz kimi, mayın 21-də Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı görülən işlər, beynəlxalq ictimaiyyətin bu məsələyə marağı ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov mətbuat konfransında "Eurovision-2012", ölkəmizin ictimai-siyasi, iqtisadi həyatı, xarici və daxili siyasəti ilə bağlı jurnalistlərin suallarını cavablandırmışdır.
Dünyanın aparıcı KİV-ləri mətbuat konfransını işıqlandıraraq Azərbaycan həqiqətlərini geniş şərh etmişlər.
AzərTAc bir sıra nüfuzlu xəbər agentliklərinin bu barədə materiallarının xülasəsini təqdim edir.
BBC: Bakı sakinlərinin şəhərin mərkəzi hissəsindən "Eurovision"la əlaqədar köçürülməsi ilə bağlı iddialar əsassızdır
Mayın 21-də keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun jurnalistlərin suallarına cavablarını geniş şərh edən BBC yazır: "Bakı sakinlərinin şəhərin mərkəzi hissəsindən "Eurovision"la əlaqədar köçürülməsi ilə bağlı iddialar əsassızdır". Agentlik bu barədə Ə.Həsənovun fikirlərini diqqətə çatdırır: "Təəssüflər olsun ki, bəzi yerli və xarici jurnalistlər 2005-ci ildən Azərbaycanda başlanmış tikinti işlərini "Eurovision"müsabiqəsi ilə əlaqələndirir və bunu sakinlərin hüquqlarının pozulması kimi qələmə verirlər. Sual olunur: Dünyanın hansı ölkəsini göstərə bilərsiniz ki, orada sakinlərin köçürülməsi halları yoxdur? Şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində sakinlərin köçürülməsi halları dünyanın bütün ölkələrində müşahidə olunur".
BBC yazır: "Evlərindən köçürülən sakinlərə kompensasiya və yaxud da əvvəl yaşadıqlarından daha yaxşı evlər verilir. Əgər həmin sakinlər şərtlərlə razılaşmırlarsa, onların məhkəməyə müraciət etmək hüquqları vardır. İndiyədək 10 min insan köçürülmüşdür və yalnız onların arasında üç və ya dörd nəfərlə bağlı narazılıq yaranmışdır".
***
Frans-Press: Azərbaycan hökuməti Bakıda gey-paradın keçiriləcəyi ilə bağlı İran tərəfindən yayılan şayiələri rədd etmişdir
Frans-Press agentliyi Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mayın 21-də Bakıda keçirdiyi mətbuat konfransı barədə yaydığı məlumatı aşağıdakı sözlərlə başlamışdır: "Azərbaycan hökuməti "Eurovision" mahnı müsabiqəsi ərəfəsində guya Bakıda gey-parad keçiriləcəyi ilə bağlı İran tərəfindən yayılan şayiələri rədd etmiş və bu iddiaları kəskin pisləmişdir".
Agentlik Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bu məsələ ilə bağlı suala cavabından sitat gətirərək yazmışdır: "İran olmayan bir şey haqqında yalan bəyanatlar yayır. Biz gey-parad deyil, "Eurovision" mahnı müsabiqəsi keçiririk".
Frans-Press yazır: "Prezident Administrasiyasının rəsmisi, həmçinin "Amnesty İnternational", "Human Rights Watch" kimi təşkilatları "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanın beynəlxalq imicini korlamağa cəhd etməkdə təqsirləndirmişdir. Əgər bu təşkilatlar belə kampaniyaları davam etdirsələr, Azərbaycan xalqının onlara inamı itəcəkdir. Çünki Azərbaycan xalqı bu bəyanatların ölkədəki real vəziyyətə uyğun gəlmədiyini görür".
***
İTAR-TASS: Azərbaycanın hökuməti "Eurovision" mahnı müsabiqəsinin təhlükəsizliyi ilə əlaqədar bütün tədbirləri görmüşdür
Agentlik Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mayın 21-də keçirdiyi mətbuat konfransını şərh edərək yazmışdır: "Azərbaycan hökuməti "Eurovision" mahnı müsabiqəsinin təhlükəsizliyi ilə əlaqədar bütün tədbirləri görmüşdür.
İTAR-TASS Əli Həsənovun cavabından sitat gətirərək yazmışdır: "Ölkəmizin təhlükəsizliyini təmin etməyimiz təkcə "Eurovision" ilə əlaqədar deyildir. Təhlükəsizlik tədbirləri bütün il ərzində görülür. Lakin indi onlar daha da gücləndirilmişdir. Azərbaycan təhlükəsizlik üçün hər cür təminat verir".
Agentlik yazır: "Əli Həsənovun sözlərinə görə, indi iki mərkəz güclü antiazərbaycan təbliğatı aparır. Həmin mərkəzlərdən biri İrandır. Bu ölkə Bakının inkişafına, Azərbaycana çoxlu sayda əcnəbi turistin gəlməsinə, "Eurovision" mahnı müsabiqəsi kimi beynəlxalq tədbirlərin keçirilməsinə çox qısqanclıqla yanaşır".
Agentlik yazır ki, Ə.Həsənov müsabiqə ərəfəsində antiazərbaycan təbliğatının ikinci mənbəyi kimi ölkəmizi demokratik prinsipləri pozmaqda günahlandıran bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatlarının və Qərb KİV-lərinin, o cümlədən "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarının adını çəkmişdir: "Bu təşkilatlar Azərbaycanın imicini zəiflətmək üçün məqsədyönlü fəaliyyətlə məşğuldurlar. Biz hesab edirik ki, onlar bunu qəsdən edirlər".
İTAR-TASS yazır: "Müsabiqəyə hazırlıq işləri başa çatmışdır, bütün infrastruktur tam hazır vəziyyətə gətirilmişdir, ölkəyə artıq 20 minə yaxın qonaq gəlmişdir.
***
İnterfaks: İranda bəzi qüvvələr Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsinə qısqanclıqla yanaşırlar
Agentlik Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mayın 21-də keçirilən mətbuat konfransından çıxışını şərh edərək yazmışdır: "İranda bəziləri Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsinə qısqanclıqla yanaşaraq Azərbaycanı əsassız tənqid edirlər. Bu halda onlar ümumiyyətlə mövcud olmayan bir məsələ - hansısa "mavi"lərin paradı üzərində diqqəti cəmləşdirirlər".
Agentlik şərhini davam etdirərək yazmışdır: "Azərbaycan KİV-lərində hələ cari ilin əvvəlində xəbər yayılmışdı ki, "mavi"lərin LQBT birliyinin nümayəndələri Bakıda mahnı müsabiqəsi günlərində özlərinin tədbirini keçirmək niyyətindədirlər. Bununla əlaqədar, dini ekstremistlər "Eurovision" mahnı müsabiqəsi iştirakçılarının ünvanına hədə-qorxu dolu çıxışlar etmişlər. Aprelin əvvəlində islam saytlarının birində dərc edilmiş xəbərin müəllifi iddia edirdi ki, həmin mətndə "şeytan qüvvələri", "pozğunlar", "dünya homoseksualistləri" adlandırılan müsabiqə iştirakçılarına hücumlar təşkil ediləcəkdir. Mayın 17-də özünü "Azadlıq uğrunda kibermübarizlər" adlandıran hakerlər qrupu müsabiqəyə hazırlıq və onun keçirilməsini işıqlandıran "eurovision.az", "eurovisionaz.com", "esctoday.com" və "ann.az" resurslarına hücum etmişdir. Cinayətkarlar öz tələblərini saytlarda yerləşdirmişlər. Bu tələblərdən biri Bakıda "mavi"lərin paradının keçirilməsinə yol verməməkdən ibarət idi. Mayın 19-da Azərbaycan paytaxtında "Eurovision-2012" mahnı müsabiqəsinin açılış mərasimi olmuşdur. Müsabiqə özü düz bir həftə davam edəcəkdir. Mayın 22-də və 24-də yarımfinal yarışmaları, mayın 26-da isə final olacaqdır".
***
Almaniyanın dpa agentliyi: "Azərbaycana gələn qonaqların təhlükəsizliyi tam təmin ediləcəkdir"
"dpa" yazır ki, "Eurovision-2012" mahnı müsabiqəsinə tamaşa etmək üçün Azərbaycana gələn qonaqların təhlükəsizliyi tam təmin ediləcək və onlara qarşı hər hansı narahatlıq hallarının yaşanmasına imkan verilməyəcəkdir. Agentlik Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mayın 21-də Bakıda keçirilən mətbuat konfransında bu barədə söylədiyi fikirlərdən sitat gətirərək yazmışdır: "Xarici ölkələrin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bizim bütün imkanlarımız vardır və bu məqsədlə bütün zəruri addımları atacağıq".
Azərbaycan hökumətinin guya müxalifəti sıxışdırması məsələsinə münasibət bildirən Əli Həsənovun çıxışından aşağıdakı seçməni diqqətə çatdıran agentlik qeyd etmişdir: "Azərbaycan hökumətinin müxalifəti sıxışdırması və bu məqsədlə "Eurovision" ilə əlaqədar həyata keçirilən təhlükəsizlik tədbirlərindən bəhanə kimi istifadə etməsinə dair iddialar əsassızdır. Azərbaycan vətəndaşlarının söz və fikir azadlığı tam şəkildə təmin edilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında