Kür qırağında "meşə" əməliyyatı

... Atışma qəfil başlandı. Əməliyyat işçiləri buna hazır olsalar da, cavab atəşi açmadılar. Onlar dəqiq müəyyən etmək istəyirdilər ki, cinayətkar dəstənin məqsədi nədir, ilk növbədə nəyə nail olmaq istəyirlər?
Çox keçmədi ki, hər şey aydın oldu: oğrular nəyin bahasına olursa-olsun mühasirəni yarmaq, aradan çıxmaq istəyirdilər. Ona görə də mühasirəyə alındıqları yerdən - Kürqırağı meşənin çaya nisbətən yaxın yerlərinə çəkilmək istəyirdilər. Əməliyyat işçiləri bu ehtimalı əvvəlcədən nəzərə almışdılar. Ona görə də məhz həmin istiqamətdən havaya bir neçə xəbərdarlıq atəşi açdılar. Deməli, yollar bağlıdır. Müqavimət göstərmək, itki vermək ağılsızlıqdır.
Güllə səsindən hürkən 20-dən çox inək-camış özünü Kürə vurdu. Bu dəstə üzvlərinin qəlbində az da olsa ümid işığı yandırdı: dəhliz açılmışdır. Deməli, mal-qaranın ardınca da özlərini Kürə ata bilərlər. Sonrası asandır. "Hamımız üzməyi bacarırıq. O taya keçmək çətin olmayacaq".
Ancaq... onlar bu dəfə də yanılmışdılar. Əməliyyatçılar dəhlizi heyvanlar üçün açmışdılar, oğrular üçün yox. Üç tərəf qalın meşə, bir tərəf isə Kürün lal axan suları. Atəşi davam etdirməyin, müqavimət göstərməyin mənasız olduğunu bilən dəstə üzvlərinin təslim olmaqdan başqa çarələri qalmadı.
Əziz oxucular, elə bilməyin ki, təsvir etdiyimiz bu hadisə hansısa dedektiv əsərdən götürülmüşdür. Xeyr! Bu, yaxın vaxtlarda, Bərdə Rayon Polis Şöbəsinin həyata keçirdiyi axtarış-əməliyyat tədbirlərindən birinin qısa təsviridir.
Yeri gəlmişkən, qeyd edək ki, müxtəlif rayonlarda yaşayan cinayətkar dəstənin mövcudluğu, istər rayon ərazisindən, istərsə də qonşu rayonların ərazisindən mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil silahlı dəstə barədə Bərdə Rayon Polis Şöbəsinə əməliyyat məlumatları daxil olurdu. Ancaq ilk gündən onların izinə düşmək mümkün deyildi. Vəziyyəti çətinləşdirən bir də o idi ki, həmin cinayətkar dəstənin üzvləri tez-tez yerlərini dəyişir, qonşu rayonların ərazisində gizlənirdilər. Nəhayət, həyata keçirilən əməliyyat-axtarış tədbirləri, yerlərlə sıx əlaqə gözlənilən nəticəni verdi. Mütəşəkkil dəstənin izinə düşmək mümkün oldu. 8 nəfərdən ibarət 2 cinayətkar dəstənin üzvləri aşağıdakılardır: Mingəçevir şəhər sakini Vüqar Həsənov, Tərtər rayon sakinləri Tural Əzizov,Vüqar Mirzəyev, Sənan Əzizov, Bərdə rayon sakinləri Qoşqar Əsgərov, Babək Ələsgərov, Laçın rayon sakini Şəmyəddin Ağalarov.
Göründüyü kimi, onlar müxtəlif şəhər və rayon sakinləri idi. Bu, sonradan dəstə üzvlərinin bəzilərinin də etiraf etdiyi kimi, izi itirmək, əməliyyatçıları çaş-baş salmaq məqsədi daşıyırdı.
Düzdür, ilk vaxtlar onlar öz çirkin məqsədlərini həyata keçirə bildilər. Təsadüfi deyildir ki, həmin cinayətkar dəstə bu müddət ərzində 8 oğurluq faktı törətməyə imkan tapmışlar. Ancaq nəticə etibarilə çox uzağa gedə bilmədilər. Dəqiq işlənib hazırlanmış əməliyyat-axtarış tədbirləri, yüksək peşəkarlıq, lazım olan məqamda göstərilən çeviklik və cəsarət öz bəhrəsini verdi. Silahlı dəstə ifşa olunmuş və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunmuşlar.
Onu da qeyd edək ki, bu, son vaxtlar Bərdə Rayon Polis Şöbəsi əməliyyatçılarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirlərindən biridir. Biz bu siyahını uzada da bilərik. Lakin məqsədimiz təkcə bu deyil. Əsas cəhət odur ki, Bərdə rayonunda cinayətkarlığa qarşı qəti və barışmaz mübarizə sahəsində ardıcıl və sistemli iş qurulmuşdur. Nəticədə polis şöbəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin, nəzarət-mexanizminin daha da təkmilləşdirilməsi, cinayətkarlığın və digər hüquqpozmaların qarşısının alınması, zərərçəkənlərin hüquqlarının bərpası, ictimai qaydaların, vətəndaşların təhlükəsizliyinin təmini, profilaktika işlərinin səmərəsinin artırılması diqqət mərkəzində saxlanılmışdır. Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə, axtarışda olan şəxslərin yerlərinin müəyyənləşdirilməsi və tapılması sahəsində maraq doğuran müsbət təcrübə toplanmışdır.
Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birgə aparılmış məqsədyönlü əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci ildə rayon ərazisində cəmi 223 cinayət hadisəsi qeydə alınmışdır ki, onların 211-nin, yəni 94,5 faizinin açılması təmin edilmişdir. Keçən il qeydə alınmış 18 ağır və xüsusilə ağır, 2 qəsdən adamöldürmə, 6 qəsdən sağlamlığa ağır xəsarət yetirmə, 53 sağlamlığa yüngül xəsarət yetirmə, 15 dələduzluq, 82 böyük ictimai təhlükə törətməyə, 26 yol-nəqliyyat hadisəsinin, 5 dövlət hakimiyyəti əleyhinə və s. cinayət hadisələrinin açılması 100 faiz təmin edilmişdir.
Görülmüş əməliyyat tədbirləri nəticəsində 2011-ci ildə və ötən ilin yayı ərzində rayon ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində 48 fakt cinayət hadisəsi aşkar edilmişdir ki, onlardan da 24 fakt satış məqsədi olmaqdan, qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 22 fakt satış məqsədi ilə olmuşdur.
Qeyd edilən faktlar üzrə 8,99 qram narkotik vasitə olan heroin, 62 qram qurudulmuş marixuana və s. dövriyyədən çıxarılmışdır. Bununla bağlı 26 nəfər təqsirləndirilən şəxs cinayət məsuliyyətinə, 4 nəfər şəxs isə inzibati məsuliyyətə cəlb edilmişdir.
Aparılan profilaktik tədbirlər nəticəsində əhalidə qanunsuz olaraq saxlanılan 2 ədəd kolaşnikov avtomatı, 1 ədəd 7,62 mm kalibirli beşaçılan, 3 min ədəddən çox müxtəlif kalibrli patron, 8 ədəd sandıqça, cari ilin ötən ayları ərzində isə 1 ədəd pulemyot, 2 ədəd tapança, 210 ədəd pulemyot patronu və s. müsadirə olunmuşdur.
Belə bir fakt da razılıq doğurur ki, rayonda 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə baş vermiş cinayətlərin sayı azalmış, qəsdən adamöldürmə, adam öldürməyə cəhd, zorlama, adam oğurluğu, soyğunçuluq və quldurluq cinayətləri, ümumiyyətlə, qeydə alınmamışdı. Vətəndaşların müraciətlərinə baxılması və qəbulu, şəxsi heyətin qanunçuluğa, etik normalara və davranış qaydalarına ciddi əməl etməsi, anda sədaqət ruhunda tərbiyə olunması yönündə də xeyli iş görülmüşdür. Xidməti fəaliyyətə şəffaflıq, açıqlıq və sosial yönümlülük onunla nəticələnmişdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə vətəndaşların ərizə, şikayət və məktublarının sayı azalmışdır.
Göründüyü kimi, Bərdə Rayon Polis Şöbəsində ictimai asayişin və təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə və digər hüquqpozmalara qarşı aparılan mübarizə sahəsində zəngin təcrübə toplanmış, bu istiqamətdə ardıcıl və sistemli iş qurulmuşdur.
Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Hikmət Quliyev uzun illər polis orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. Peşəkar və təcrübəli polis işçisidir. Ziyalılıq, sadəlik və prinsipiallıq - polis-polkovnikini rayon rəhbərliyi, ağsaqqallar, ziyalılar, bir sözlə, ictimaiyyət arasında sevdirən də məhz bu keyfiyyətləridir.
Polis-polkovniki görülmüş işlərdən, əldə edilmiş uğurlardan daha çox qarşıda duran vəzifələrdən danışır:
- Biz xoşbəxt millətik, bir də ona görə ki, həyatımızın bütün sahələrində olduğu kimi, hüquq-mühafizə orqanları sahəsində də zəngin və tükənməz xəzinəmiz var. Bu, ulu öndər, xalqımızın böyük oğlu Heydər Əliyevin bizə miras qoyub getdiyi xəzinədir. Bir anlığa fikir verin: hüquq-mühafizə orqanlarında, o cümlədən polis orqanlarında ardıcıl surətdə həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar məhz ulu öndərin adı ilə bilavasitə bağlıdır.
Digər tərəfdən, xaos və qarşıdurma, anarxiya və hərc-mərclik illərini hamımız yaxşı xatırlayırıq. Axı bu, o qədər də uzaq tarix deyil. Başqa bölgələr bir yana, cəbhə xəttində yerləşən rayonlarda qanunsuz silahlı birləşmələr, küçə döyüşləri, adam oğurluğu adi hala çevrilmişdi. Düşmən tərəfə də elə bu lazım idi. Təsadüfi deyildir ki, müqəddəs ata-baba torpaqlarımız erməni tapdağına çevrildi. Artıq bu, təkzibolunmaz bir həqiqətdir ki, əgər həmin illər ulu öndər respublika rəhbərliyində olsaydı, bir qarış torpağımız da düşmən əlinə keçməzdi.
Anarxiya və qarşıdurmaya yalnız ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdandan sonra son qoyuldu. Bütün sahələrdə intizam və qayda-qanun yaradıldı, tənəzzül və geriliyin qarşısı alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Burada, əlbəttə, digər hüquq-mühafizə orqanları ilə yanaşı, polis orqanlarının da böyük və həlledici rolu olmuşdur.
Bu gün müstəqil respublikamız dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxmışdır. İqtisadiyyatımız gündən-günə güclənir, şəhərlərimiz, kəndlərimiz öz simasını əsaslı surətdə dəyişir, daha abad və yaraşıqlı olur. Adamlarımız sabaha dərin inam və ümidlə baxırlar. Bütün bunlar isə bir daha sübut edir ki, ulu öndərin müəllifi və yaradıcısı olduğu həmin strateji xətt böyük qətiyyət və uzaqgörənliklə davam etdirilməkdədir. Respublika Prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının, o cümlədən polis orqanlarının fəaliyyətini daha da genişləndirmək istiqamətində imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi qətiyyətli tədbirlər buna bariz nümunədir.
Bərdə respublikanın dinamik surətdə inkişaf edən bölgələrindən biridir. İndi şəhər tanınmaz dərəcədə dəyişmiş, müasir tipli müxtəlif təyinatlı binalar tikilmiş, park və xiyabanlar salınmış, bir sözlə, müasir infrastruktur yaradılmışdır. Biz polis işçiləri də sözsüz ki, ümumi inkişaf və yüksəlişdən kənarda qala bilmərik.
Şübhəsiz ki, polisin əsas vəzifəsi cinayətkarlığa qarşı mübarizə, ictimai qaydaların, vətəndaşların təhlükəsizliyinin təminatıdır. Yuxarıda sadalanan fakt və rəqəmlərdən də göründüyü kimi, son vaxtlar Bərdə Rayon Polis Şöbəsində bu istiqamətdə maraqlı təcrübə toplanmış, ardıcıl iş qurulmuşdur. Bərdəlilər tikib-qurur, əkib-becərir, rahat və sakit həyat sürürlər. Onlar yaradılan, bərqərar olan sakitlikdən, əmin-amanlıqdan məmnuniyyət hissi duyur, sabaha dərin inam bəsləyirlər.
... Axşamdan xeyli keçib. Bərdənin abad, yaraşıqlı küçələri ilə addımlayırıq... Müasir üslubda tikilmiş evlər, əsaslı şəkildə təmir olunmuş binalar, işıqlandırma sistemi, park və xiyabanlar, yaşıllıq zolaqları - adamda xoş duyğular oyadır. Qəlbimiz qürur və fərəhlə döyünür. Elə buradaca bir müşahidəmizi oxucularla da bölüşmək istəyirik: nəinki bu yerlərə ilk dəfə qədəm qoyanlar, hətta şəhər sakinlərinin özləri də maraq və heyrətlərini gizlədə bilmirlər: "Şəhər qısa müddət ərzində tanınmaz dərəcədə dəyişib, bu gözəlliyi, bu rahatlığı, bu müasirliyi yaradanlara min əhsən!"
Bəli, Bərdə özünün sakit, rahat və xoşbəxt gününü yaşıyır, rayonun ənənəvi-psixoloji, siyasi-ideoloji, kriminal həyatı isə ondan da sakitdir.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında