Bakı - Həştərxan: etibarlı dostluq körpüləri salınır

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mehriban qonşuluq və dostluq əlaqələri getdikcə genişlənməkdədir. Bundan əlavə, Azərbaycanla RF-nin ayrı-ayrı vilayətləri və digər subyektləri arasında iqtisadi-ticari, elmi-texniki, mədəni-humanitar sahələrdə sıx əməkdaşlığın yaranması da bu dostluğun güclənməsinə yeni stimul verir. Ölkəmizin sıx əməkdaşlıq etdiyi subyektlərdən biri də Həştərxan vilayətidir. Avropadan Asiyaya gedən yolda mühüm dəniz nəqliyyatı marşrutunun üzərində yerləşən Həştərxan vilayəti ilə Azərbaycanın ticarət və tərəfdaşlıq münasibətlərinin tarixi qədim dövrlərə getsə də, son illərdə daha çox yaxınlaşma hiss olunur.
Xəzər dənizinin bioloji ehtiyatlarından birgə istifadə edilməsi və onların qorunub saxlanması, elm-təhsil, mədəniyyət və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, nəqliyyat sektorunda əməkdaşlıq bu əlaqələrin əhəmiyyətindən xəbər verir. Təsadüfi deyildir ki, Azərbaycan və Həştərxan vilayəti hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında bu yaxınlarda yeni saziş imzalanmışdır. Onu da qeyd etmək yerinə düşər ki, keçən ilin yekunlarına görə Azərbaycanla Həştərxan vilayəti arasında əmtəə dövriyyəsi 1,8 dəfə artaraq 25,7 milyon dollara çatmışdır.
Azərbaycan hökumətinin maliyyə köməyi və Heydər Əliyev Fondunun dəstəyi ilə hazırda vilayətdə bir sıra iri sosial layihələr həyata keçirilir. Bu işdə Bakının Nərimanov rayonu və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Həştərxan şöbəsi də fəal iştirak edirlər.
Həştərxanda hər addımda Azərbaycana hörmətin şahidi olursan.
Şəhərin mərkəzindəki parkda ucaldılan Heydər Əliyevin heykəli önündə şəkil çəkdirmək, Bakı küçəsində gəzmək, ümummilli liderin adını daşıyan məktəbdə olmaqdan bura gələn hər bir azərbaycanlı kimi mən də qürur duydum. Təkcə biz azərbaycanlılar yox, yerli əhali də Heydər Əliyevin adını, Azərbaycan dövlətinin, onun rəhbərinin, Heydər Əliyev Fondunun adını qürurla çəkir.Bəlkə də şəhərdə həyata keçirilən layihələrin fonunda Azərbaycanın adı birinci yerdədir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu il mayın 13-dən 16-dək Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfəri də yeni layihələrin bolluğu baxımından yadda qaldı. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, millət vəkili Adil Əliyev və RİH-in məsul işçilərinin təmsil olunduğu heyət Həştərxan vilayətinin dövlət və hökumət orqanlarının rəhbərləri, Ümumrusiya Azərbaycan Konqresinin Baş katibi M.Hüseynov, vilayətdə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, xarici dövlətlərin diplomatik korpuslarının nümayəndələri ilə birlikdə əvvəlcə Həştərxan şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ulu öndərin abidəsini ziyarət etdilər, Azərbaycan dövləti və Həştərxan vilayətinin administrasiyası adından önünə əklillər və tər gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etdilər.
Tədbirin davamı olaraq Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə ümummilli liderin anadan olmasının 89-cu ildönümü münasibəti ilə beynəlxalq konfrans keçirildi. Beynəlxalq konfransda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə etdi. Sonra isə Həştərxan vilayətinin dövlət və hökumət orqanlarının rəhbərləri çıxış etdilər.
Tədbirin sonunda Heydər Əliyev adına 11 nömrəli orta məktəbin 6 müəllim və 10 şagirdinə Heydər Əliyev Fondu tərəfindən təsis olunmuş növbəti rübün təqaüdləri təqdim olundu. Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, təhsil, rabitə və informasiya Texnologiyaları nazirliklərinin təşkilatçılığı ilə keçirilmiş inşa müsabiqəsində fərqlənmiş məktəbin 3 şagirdinə təşkilatçılar adından diplom və hədiyyələr təqdim olundu. Nərimanov Rayon İcra Hakimiyyəti qaliblərə noutbuklar hədiyyə etdi. Məktəbin direktoru təhsil ocağına Heydər Əliyevin adı verildikdən sonra əsaslı təmir işlərindən, iki yeni korpusun tikilməsindən, hər rübün sonunda fərqlənən 16 müəllim və şagirdə təqaüdlərin verilməsindən, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun təkcə təhsil ocağının deyil, şəhərin ictimai həyatında yaxından iştirakından danışaraq minnətdarlığını bildirdi. Təhsildə fərqlənənlərin yay tətilində Xəzərin sahillərində düşərgəyə göndəriləcəyini qeyd etdi.
Həmin gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşdü. Görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında son zamanlar intensiv inkişaf edən münasibətlərdən, Azərbaycan dövləti tərəfindən Həştərxan vilayətində həyata keçirilən layihələrdən danışıldı, eləcə də Knyaz Vladimirin heykəlinin ucaldılması və digər genişmiqyaslı sosial layihələrin həyata keçirilməsi, qarşılıqlı münasibətlərin perspektivləri və inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
Dostluq və işgüzarlıq şəraitində keçirilmiş görüşdə hər iki tərəf əminliklə bildirdi ki, Azərbaycanın Həştərxan vilayətində gerçəkləşdirdiyi layihələr iki ölkə arasındakı dostluğu daha da möhkəmləndirir və xalqları yaxınlaşdırır. Bu dostluq əlaqələri gələcəkdə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Mayın 15-də nümayəndə heyəti Həştərxan şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda inşa edilən, I Pyotr və Heydər Əliyev abidə komplekslərini birləşdirən "Rusiya və Azərbaycan dostluğu" körpüsündə aparılan tikinti işlərinin gedişatı ilə tanış oldu. Hazırda körpünün tikintisində son tamamlama işləri görülür. İki ölkə arasındakı sarsılmaz dostluğun rəmzi olan bu körpünün açılışı 15 iyun - Milli Qurtuluş Gününə nəzərdə tutulur.
Səfər çərçivəsində nümayəndə heyətinin mayın 15-də Həştərxan şəhərinin meri Mixail Stolyarovla da görüşü oldu. Görüşdə Həştərxan və Azərbaycan arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə edildi. Həmçinin görüş zamanı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə ümummilli lider Heydər Əliyevin adını daşiyan parkın ərazisində Uşaq Əyləncə Mərkəzinin salınması məsələsi də müzakirə olundu. Təklif olunan yerə baxış keçirildi və yaxın zamanlarda layihənin reallaşdırılması istiqamətində müvafiq işlərə başlanılması planlaşdırıldı.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında