Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq reallaşdırılan iqtisadi siyasət nəticəsində cari ilin ilk rübü ərzində Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın real sektoru üzrə dinamik inkişaf meylləri qorunub saxlanılmışdır. İlin əvvəlindən ötən üç ay ərzində muxtar respublikada yaradılmış ümumi daxili məhsulun həcmi 370 milyon 183 min manata çatmaqla bir il öncəki müvafiq göstəricini 11,2 faiz üstələmişdir. ümumi daxili məhsulun sahə strukturunda ilk yeri 33,1 faizlik payla sənaye, ikinci yeri isə 23,5 faizlik xüsusi çəkiylə tikinti tutmuşdur. 2012-ci ilin yanvar-mart aylarında hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 882,2 manat (1122 ABŞ dolları) səviyyəsində olmuşdur.
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2012-ci ilin yanvar-mart ayları ərzində sənaye məhsulunun həcmi 14,6 faiz, əsas kapitala yönəldilən investisiyalar 8,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz, nəqliyyat sektorunda yük daşınması 10,2 faiz, informasiya və rabitə xidmətləri 6,2 faiz, o cümlədən mobil rabitə xidməti 5,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 17,1 faiz, əhaliyə göstərilən pullu xidmətlər 13,7 faiz, ixracın həcmi 4,3 faiz, əhalinin gəlirləri 6,1 faiz, hər bir nəfərə düşən gəlirlər 4 faiz, orta aylıq əməkhaqqı isə 12 faiz artmışdır.
Sənaye
Həyata keçirilən səmərəli iqtisadi siyasət muxtar respublika iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə böyük irəliləyişə səbəb olmuşdur. Cari ilin ilk rübündə muxtar respublikada 181 milyon 351 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 14,6 faiz üstələyir. Sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 13 milyon 985 min manatlıq, qeyri-dövlət sektorunda isə 167 milyon 366 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,3 faizi özəl sektorun payına düşmüşdür.
Yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2012-ci ilin ilk rübündə də davam etdirilmişdir. Cari ilin yanvar-mart ayları ərzində 7 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, 34 layihə üzrə isə işlər davam etdirilməkdədir. Yeni yaradılmış istehsal və xidmət layihələrinin 4-ü, qurulması davam edən istehsal və xidmət layihələrinin isə 28-i Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun maliyyə dəstəyi ilə icra olunmuşdur.
Cari ilin ilk rübü ərzində sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 3 milyon 742 min manatdan çox həcmdə kredit verilmişdir ki, bu da təsərrüfat fəaliyyətinin dərinləşməsini təmin etməkdədir.
Tikinti-quruculuq və su təchizatı
2012-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 202 milyon 811 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 8,3 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 168 milyon 388 min manatı və ya 83 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2012-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada 63 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş, 126 müxtəlif təyinatlı obyektin isə inşası və ya təmiri davam etdirilmişdir. İnzibati binaların tikintisi üzrə 2012-ci ilin yanvar-mart ayları ərzində ümumilikdə 4 inzibati binanın inşası başa çatdırılmış, 18 inzibati binanın isə tikintisi, yenidən qurulması və ya təmiri işləri hazırda davam etdirilməkdədir.
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazini, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə etməkdədir. Cari ilin ilk rübü ərzində 1 kənd mərkəzinin inşası davam etdirilmişdir. Ötən dövr ərzində muxtar respublikada 1 yaşayış binasının əsaslı təmiri başa çatdırılmışdır. 4 yaşayış binasının tikintisi, 2 yaşayış binasının isə yenidən qurulması davam etdirilir. Hazırda 5 qazanxanada tikinti işləri aparılmaqdadır.
Əhali gəlirlərinin dinamik artımı, həyat səviyyəsinin daha da yaxşılaşması fərdi yaşayış evlərinin inşası prosesini də xeyli sürətləndirmişdir. 2012-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 87 min 531 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 1953 kvadratmetr və ya 2,3 faiz çoxdur.
1 aprel 2012-ci il tarixə Naxçıvan şəhərində 49,3 kilometr uzunluğunda kanalizasiya və 50,3 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bu dövr ərzində yaşayış mənzillərinə su və kanalizasiya xətlərinin çəkilişi işləri davam etdirilmişdir. Layihə başa çatdıqdan sonra Naxçıvan şəhərinin əhalisi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq, kanalizasiya sistemi isə şəhərin bütün məhəllələrini əhatə etməklə tamamilə yeniləşdiriləcəkdir. Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlər davam etdirilməkdədir. Bu müddət ərzində muxtar respublikada 6 kəhriz təmir olunmuşdur. 2 kəhrizin bərpası, 12 kəhrizin isə təmiri davam etdirilir.
Kənd təsərrüfatı və yaşıllaşdırma
2012-ci ilin yanvar-mart aylarında 2008-ci ilin yanvar-mart ayları ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 7,8 dəfə artaraq 1 milyon 32 min manata, heyvandarlıq məhsullarının həcmi isə 69,6 faiz artaraq 19 milyon 176 min manata çatmışdır. Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmışdır. 2012-ci ilin yanvar-mart ayları ərzində 83 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası gətirilmiş və bu dövr ərzində 69 ədəd maşın və mexanizm lizinq yolu ilə icarəyə verilmişdir. Bütövlükdə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaranandan muxtar respublikaya gətirilmiş kənd təsərrüfatı təyinatlı texnikaların sayı 768-ə çatdırılmışdır. İlin ilk rübü ərzində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə məhsul istehsalçılarına ümumi dəyəri 1 milyon 419 min manatdan çox olan 3 min 830 tona yaxın mineral gübrə paylanmışdır.
Bu ilin yanvar-mart aylarında da bitkiçiliyin inkişafı diqqət mərkəzində saxlanılmış, bank və kredit təşkilatları tərəfindən bu sahədə fəaliyyət göstərən istehsalçılara 2 milyon 84 min manatdan çox kredit verilmişdir ki, bu da bir il öncəki göstəricini 68 faiz üstələyir. Operativ məlumatlara əsasən, 16 aprel 2012-ci il tarixə cari ilin məhsulu üçün 8 min 758 hektar sahədə yazlıq əkin aparılmış və hazırda bu iş öz aktiv mərhələsindədir.
Aqrar sektorun inkişafında mühüm təsir vasitəsi olan soyuducu anbarların yaradılması işi davam etdirilir. Son illər ərzində ümumi tutumu 9 min 720 ton olan 14 soyuducu anbar istifadəyə verilmiş, ümumi tutumu 2000 ton olan 1 soyuducu anbarın qurulması hazırda davam etdirilir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikaya 146 baş cins mal- qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
2012-ci ilin yanvar-mart aylarında heyvandarlığın inkişafına dəstək məqsədilə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən fermerlərə 1 milyon 276 min manatdan çox kredit verilmişdir. 1 aprel 2012-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 109 min 165 baş, qoyun və keçilərin sayı isə 663 min 381 baş olmuşdur ki, bu da 1 aprel 2011-ci il tarixə olan göstəriciləri hər iki halda 1,6 faiz üstələmişdir. 2012-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 5027,4 ton ət, 11553,2 ton süd istehsal olunmuşdur ki, bu da 2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 2,3 və 1,3 faiz çoxdur.
Quşçuluğun inkişafına hərtərəfli dövlət yardımı davam etdirilmiş və 2012-ci ilin yanvar-mart aylarında bu sahədə fəaliyyət göstərən sahibkarlara 435 min manatdan çox kredit verilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricini 40,5 faiz üstələyir. Ötən dövr ərzində quşçuluq sahəsində 2 yeni təsərrüfat subyekti fəaliyyətə başlamış, 6 quşçuluq təsərrüfatının yaradılması istiqamətində isə işlər davam etdirilməkdədir.
Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın inkişafı məqsədi ilə dövlət maliyyə dəstəyinin həcmi ildən-ilə artırılmaqdadır. Cari ilin ötən dövrü ərzində bu sahəyə bank və kredit təşkilatları tərəfindən 100 min manata yaxın həcmdə kredit verilmişdir.
Ümumilikdə cari ilin ilk rübü ərzində kənd təsərrüfatı sahəsi üzrə təsərrüfat subyektlərinə 3 milyon 895 min manatdan çox həcmdə kreditin verilməsi təmin olunmuşdur. 2012-ci ilin yanvar-mart aylarında 20 milyon 472 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyir.
Cari ilin ilk rübü ərzində 5 subartezian quyusu istifadəyə verilmiş, 2 nasos stansiyasının tikintisi, 1 nasos stansiyasının isə əsaslı təmiri davam etdirilmişdir.
212 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 262 mindən çox ağac və bəzək kolu əkilmişdir.
Nəqliyyat, rabitə və energetika
İlin əvvəlindən ötən üç ay ərzində muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz, sərnişin daşınması isə 8,3 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 8 milyon 747 min manat gəlir əldə edilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 9,3 faiz çoxdur. Muxtar respublikada nəqliyyat kompleksinin işinin daha da yaxşılaşdırılması məqsədilə cari ilin ilk rübü ərzində 3 milyon 690 min manat həcmdə investisiyadan istifadə olunmuşdur.
2012-ci ilin yanvar-mart ayları ərzində Şərur Rayon Rabitə İdarəsi üçün yeni inzibati bina inşa olunmuş və universal poçt xidmətləri üçün infrastruktur yaradılmışdır. Bu dövr ərzində muxtar respublikanın iri yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkili istiqamətində tədbirlər davam etdirilmiş, Ordubad şəhərində, Babək rayonunun Cəhri və Kəngərli rayonunun Qarabağlar kəndlərində bu xidmətdən istifadəyə başlanılmışdır. Şərur rayonunun Püsyan, Alışar, Tumaslı, Babək rayonunun Şıxmahmud kəndlərində avtomat telefon stansiyalarının arabağlantıları fiber-optik kabel xətləri ilə təmin edilmişdir. Muxtar respublika ərazisində cari ilin fevral ayının 1-dən başlayaraq rəqəmsal televiziyanın test yayımına başlanılmışdır.
2012-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikada 616 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, 1 aprel 2012-ci il tarixə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 66-ya çatmışdır. 1 aprel 2012-ci il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 427982 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 102 ədəd olmuşdur.
2012-ci ilin ilk rübü ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2011-ci ilin müvafiq dövründəki göstəricini 6,2 faiz üstələyərək 10 milyon 486 min manat olmuşdur. Ümumi xidmətlərin 85,6 faizi mobil rabitənin payına düşmüşdür ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 5,9 faiz çoxdur.
Cari ilin ötən dövrü ərzində Şərur rayonunda Arpaçay, Ordubad rayonunda Ordubad su elektrik stansiyalarının inşası işləri davam etdirilmişdir. Babək rayonunda 132/110 kilovoltluq "Araz" elektrik yarımstansiyasında 50 mva gücündə yeni 132/110 kilovoltluq transformatorun quraşdırılması işləri başa çatdırılmış, Naxçıvan şəhərində "Naxçıvan" elektrik yarımstansiyasının yeni avadanlıqlarla təchiz edilməsi və başqa əraziyə köçürülməsi işləri davam etdirilməkdədir. Muxtar respublikada 8 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 18 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır. 1 aprel 2012-ci il tarixə 79 min 228 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Sahibkarlıq, gəlirlər və məşğulluq
2012-ci ilin ilk rübündə muxtar respublika üzrə 9 hüquqi və 439 fiziki şəxs qeydiyyata alınıb ki, bu da iqtisadi aktivliyin yüksələn səviyyəsini səciyyələndirməkdədir.
2012-ci ilin yanvar-mart ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 13 milyon 649 min 608 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 12,3 faiz çoxdur. Verilmiş kreditlərin 6 milyon 40 min 259 manatı və yaxud 44,3 faizi qısamüddətli, 7 milyon 609 min 349 manatı və yaxud 55,7 faizi uzunmüddətli kreditlər olmuşdur.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq hazırda muxtar respublikada 311 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 114 növü ərzaq, 197 növü qeyri-ərzaq məhsullarıdır. 94 növdə ərzaq, 168 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 262 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
2012-ci ilin ilk rübü ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 6,1 faiz artaraq 298 milyon 77 min manata, onun hər bir nəfərə düşən həcmi isə 4 faizlik artımla 711 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 354,1 manata çatmışdır ki, bu da bir il öncəki səviyyədən 12 faiz çoxdur. Yüksək iqtisadi fəallıq şəraiti məşğulluq məsələlərinin də səmərəli həllinə geniş imkanlar açmaqdadır. 2003-cü il oktyabr ayının 1-dən 1 aprel 2012-ci il tarixədək muxtar respublikada 50187 yeni iş yeri yaradılmışdır ki, onun da 34089-u və ya 67,9 faizi daimi iş yerləridir. 2012-ci ilin ilk rübü ərzində yaradılmış 1147 yeni iş yerinin 1034-ü və ya 90,1 faizi daimi iş yerlərinin payına düşür.
2012-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 184 milyon manatdan artıq həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 16,4 faiz çoxdur. Cari ilin ötən dövrü ərzində əhaliyə göstərilən xidmətlərin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin gömrük nəzarəti zonasında muxtar respublikada ilk rüsumsuz ticarət mağazası istifadəyə verilmişdir. Bu mağazadan gömrük sərhədini keçən şəxslər məhsulları daha sərfəli qiymətlərə ala biləcəklər.
Xarici ticarət, maliyyə və sığorta
2012-ci ilin ilk rübü ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 60 milyon 289 min ABŞ dollarına çatmışdır. Xarici ticarət dövriyyəsinin 46 milyon 390 min ABŞ dollarını ixrac, 13 milyon 899 min ABŞ dollarını isə idxal təşkil etmişdir. Son bir ildə ixracın həcminin 4,3 faiz artması və idxalın həcminin 44,5 faiz azalması muxtar respublika iqtisadiyyatının dinamik inkişafından xəbər verməkdədir.
Cari ilin ilk rübü ərzində ümumi iqtisadi fəallığa paralel olaraq büdcə daxilolmalarının da həcmində müsbət dinamika müşahidə olunmuşdur. 2012-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə nəzərdə tutulandan 22,2 faiz çox vəsait daxil olmuşdur. 1 aprel 2012-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 13054-ə çatmışdır ki, bunun da 10340-ı və ya 79,2 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 877 bank hesabının 877-si də aktiv hesab olmuşdur. 2012-ci ilin ilk rübü ərzində muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 924,8 min manat olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 556,4 min manat və ya 2,5 dəfə çoxdur. Sığorta növləri üzrə daxilolmaların 382,1 min manatı və ya 41,3 faizi könüllü sığorta, 542,7 min manatı və ya 58,7 faizi isə icbari sığorta daxilolmalarının payına düşmüşdür. Bu dövr ərzində sığorta hadisələri ilə əlaqədar sığorta ödəmələri 465,6 min manat olmuşdur ki, bunun da 464,5 min manatını və ya 99,8 faizini könüllü sığorta, 1,1 min manatını və ya 0,2 faizini icbari sığorta ödənişləri təşkil etmişdir.
Humanitar sahə
Təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri çərçivəsində hazırda Naxçıvan Dövlət Universitetinin Pedoqoji, Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültələrinin binasının yenidən qurulması işləri davam etdirilməkdədir. Naxçıvan şəhərində 608 şagird yerlik Naxçıvan Qızlar Liseyinin və Culfa rayonunun Yaycı kəndində 774 şagird yerlik 1 nömrəli tam orta məktəbin binalarının yenidən qurulması başa çatdırılmış, Şahbuz rayonunun Ağbulaq kəndində tam orta məktəb binasının tikintisi, Naxçıvan şəhərində 10 və 17 nömrəli tam orta məktəblərin binalarının yenidən qurulması, Ordubad şəhərində M.Füzuli adına tam orta internat məktəbinin binasının təmiri davam etdirilir.
Naxçıvan şəhərində 280 yerlik 3 nömrəli uşaq bağçasının binasının tikintisi başa çatdırılmış, 1 nömrəli uşaq bağçasının binasının tikintisi, Şahbuz şəhərində uşaq bağçasının binasının isə təmiri hazırda davam etdirilir. Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin və Şərur rayonunun Yuxarı Daşarx kəndində uşaq musiqi məktəbinin binalarının yenidən qurulması davam etdirilməkdədir.
Səhiyyə sahəsində genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə uyğun olaraq cari ilin ilk rübü ərzində Babək Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi, Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin binalarının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanası binasının isə təmiri davam etdirilmişdir. Naxçıvan şəhərində hərbi xəstəxana binasının tikintisi hazırda davam etdirilməkdədir.
Muxtar respublika əhalisinin sayı 1 aprel 2012-ci il tarixə bir il öncəyə nisbətdə 8 min 518 nəfər artaraq 420 min 655 nəfər olmuşdur. 2012-ci ilin ilk rübü ərzində muxtar respublikada 2 min 648 körpə doğulmuşdur ki, bu da bir il öncəki göstəricini 40 nəfər üstələyir. Ötən dövr ərzində aztəminatlı vətəndaşlar xüsusi qayğıyla əhatə olunmuş, muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 863 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Hazırda Sədərək rayonunun Heydərabad qəsəbəsində və Babək rayonunun Babək qəsəbəsində şahmat məktəbi binalarının tikintisi davam etdirilməkdədir. 2012 -ci ilin ilk rübündə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının yenidən qurulması başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi binasının yenidən qurulması, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının, Kəngərli rayonunda Mədəniyyət Evinin və Şahbuz rayonunun Ağbulaq kəndində uşaq istirahət mərkəzinin tikintisi işləri hazırda davam etdirilməkdədir.
Ordubad rayonunda Sabirkənddə məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Qədim Qala tarixi abidəsinin bərpası və "Came" məscidinin təmiri davam etdirilir. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri yaradılmışdır.
2012-ci ilin yanvar-mart ayları ərzində muxtar respublikaya 82 min 251 nəfər turist gəlmişdir ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricini 3,7 faiz və ya 2 min 905 nəfər üstələyir.
Ümumilikdə, muxtar respublika iqtisadiyyatının kompleks modernləşdirilməsi və innovativ inkişaf mərhələsinə uyğun olaraq səmərəli qurulması uzunmüddətli dövr üçün iqtisadi artımın və dayanıqlılığın təmin edilməsinə etibarlı zəmin yaratmaqdadır.
{nl}
(Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanmışdır).
"Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.