Tarixi həqiqətdir ki, əraziləri təbii sərvətlərlə zəngin olan, üstəlik də əlverişli coğrafi şəraitə, münasib geosiyasi mövqeyə malik nisbətən kiçik ölkələr uzun illər iri dövlətlərin qəsbkarlıq müdaxilələrinin qurbanı olmuşlar. Həyatın bu dəhşətli sınağı Azərbaycan xalqının taleyindən də yan keçməmişdir. XIX əsrin əvvəllərində Azərbaycan hissə-hissə zəbt edilərək çar Rusiyasının tərkibinə qatılmışdır. Həmin əsrin ortalarında Abşeronun zəngin neft yataqlarının sənaye üsulu ilə istismarı və o illərdə texniki tərəqqinin geniş vüsət alması nəticəsində duru yanacağa tələbat böyük sürətlə artmağa başladı və Azərbaycan tezliklə dünyanın mühüm sənaye rayonlarından birinə çevrildi. Lakin müstəmləkə vəziyyətində olan Azərbaycan iqtisadiyyatı bu böyük imkanın bəhrəsini tam dolğunluğu ilə görə bilmədi. Təəssüf ki, imperiyanın statistik göstəricilərinin məhdud və təkmil olmaması üzündən Azərbaycan iqtisadiyyatının o zamankı həqiqi vəziyyətini ortaya qoymaq mümkün deyil. Lakin iqtisadi inkişafın vəziyyətini ümumiləşdirən bəzi məlumatlar onun haqqında müəyyən fikirlər söyləməyə əsas verir.
1913-cü ildə iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin strukturunda neft sənayesinin xüsusi çəkisi 80 faizdən yuxarı idi. Bu, Azərbaycan iqtisadiyyatının birtərəfli quruluşa malik olmasına, başqa sənaye sahələrinin son dərəcə məhdud inkişaf etməsinə dəlalət edirdi. Həmin dövrdə çox zəngin xammal sərvətlərindən nəinki istifadə edilmirdi, hətta onların bəzilərinin mövcudluğu barədə təsəvvürlər belə yox idi. Əsasən müxtəlif regionlarda yerləşən bu sərvətlərdən istifadə edilməməsi nəticəsində həmin ərazilərin Azərbaycan sənayesində xüsusi çəkisi 5 faizdən də aşağı idi. Bu regionlarda imperiyanın mənafeyinə uyğun olaraq məhsuldarlıq aşağı olsa da, taxılçılıq və heyvandarlıq sahələrinin üstün inkişafına diqqət yetirilirdi. İqtisadiyyatın lazımlı sahələrindən olan nəqliyyatın, tikintinin və s. vəziyyəti isə çox acınacaqlı halda idi.
Sovet hakimiyyəti illərində Azərbaycana ögey münasibət əvvəlki kimi qalsa da, ədalət naminə etiraf etmək lazımdır ki, respublikanın ümumi iqtisadi inkişafında az da olsa müəyyən yüksəliş baş verdi. Bunun əsas səbəbi ondan ibarət idi ki, Sovet İttifaqı öz maraqları naminə neft sənayesinin inkişafını gücləndirməklə yanaşı, respublikanın bir sıra başqa sərvətlərini də aşkara çıxararaq onlardan geniş istifadə etməyə başladı. Məsələn, neft hasilatı respublikada 1940-cı illərdə 1920-ci ilə nisbətən 15 dəfə artdı, müxtəlif istiqamətli qara və əlvan metallurgiya sənayesi yaradıldı, su-enerji resurslarının mənimsənilməsinin əsası qoyuldu, kənd təsərüffatının inkişaf istiqamətlərinin təkmilləşdirilməsi əsasında güclü emal sənayesi yaradıldı. Ərazinin müxtəlif sərvətlərindən daha səmərəli istifadə edilməsi məqsədilə nəqliyyat şəbəkəsi genişləndirildi və s. Digər tərəfdən Sovet İttifaqı müsəlman Şərqinin qapısı sayılan Azərbaycanın timsalında qonşu dövlətlərə Sovet sisteminin "üstünlüklərini" göstərmək məqsədini güdürdü.
Keçən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın ictimai-mədəni həyatının bütün sahələrində, iqtisadiyyatın hərtərəfli inkişafında milli dirçəlişin əsası qoyuldu.
Heydər Əliyev hər şeydən əvvəl yanacaq sənayesinin respublikanın müasir və gələcək dövrlərdə müstəsna rolunu düzgün müəyyən edərək o zamankı şəraitdə onun inkişafının əsas vəzifələrini (neft xammalının emalının artırılması, neft sənayesinin tələbatı ilə əlaqəli olan sahələrin genişləndirilməsi, təbii qaz istehsalının yüksədilməsi və s.) dəqiqləşdirərək və milli maraqlara uyğun yüksəliş istiqamətlərini nəzərə alaraq sənayenin bütün başqa sahələrinin də istehsal imkanlarını genişləndirdi. Ulu öndər iqtisadiyyatın digər sahələrinin zəruri inkişaf yollarını düzgün müəyyən edərək göstərdi ki, Azərbaycan imperiya sisteminin yaratdığı məhdud şəraitdə belə müstəqil yaşaya və inkişaf edə bilər.
Təəssüf olsun ki, bu tarixi uğur Sovet İttifaqının çökməsi və müstəqilliyimizin ilk illərində respublikanın fərsiz və məsuliyyətsiz rəhbərlərinin səbatsız fəaliyyətləri nəticəsində xeyli zəiflədi.
Respublika iqtisadiyyatı ciddi tənəzzülə məruz qaldı. 1991-ci ilin axırlarında uzun müddət həsrətində olduğumuz dövlət müstəqilliyinə qovuşsaq da, onun əsl mahiyyətini ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra hiss etdik. Ulu öndər ilk növbədə ölkədə sosial-ictimai sabitlik yaradaraq, Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirmək səylərini artırdı. Bu il fevralın 3-də Münhen Təhlükəsizlik Konfransının "Enerji ehtiyatları və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Mən demək istərdim ki, Azərbaycan neft istehsal edən ən qədim ölkələrdəndir. Faktiki olaraq Azərbaycanda sənaye üsulu ilə ilk neft XIX əsrin ortalarında istehsal edilib. Amma o vaxtdan bəri çox şeylər dəyişilib. Müstəqillik bərpa edildikdən sonra Azərbaycan xalqı öz sərvətlərinin sahibi oldu. Bu 20 il ərzində Azərbaycan əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı şaxələndirilmiş ölkəyə çevrildi.
"Azərbaycanın dirçəlişi ondan başladı ki, ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə iqtisadiyyatın möhkəm dayağı olan yanacaq sənayesinin sürətli inkişafına şərait yaradan beynəlxalq əhəmiyyətli "Əsrin müqaviləsi"ni imzaladı. Nəticədə artıq keçən əsrin 90-cı illərinin ikinci yarısında neft hasilatı on il əvvəlki səviyyəni ötüb keçdi. Sonra Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması üçün mövcud kəmərlər şəbəkəsinin sahmana salınması və yenilərinin tikilməsi işlərinə başlanıldı. Bununla yanaşı, Heydər Əliyev yeni şəraitdə dövlət mülkiyyətinə əsaslanan sosialist təsərrüfat sistemindən bazar iqtisadi münasibətlərinə keçidin çox mükəmməl qanunvericilik bazasının yaradılmasını təmin etdi. Bu təməl üzərində ölkədə dövlətsizləşdirmə prinsipinə uyğun genişmiqyaslı özəlləşdirmə proqramları gerçəkləşdirildi, geniş sahibkarlıq fəaliyyətinin əsası qoyuldu, böyük güzəştlərlə aqrar islahatlar həyata keçirildi. Maliyyə, kredit, vergi, gömrük və s. təsisatlar və sistemlər yeni iqtisadi münasibətlərin tələblərinə uyğun quruldu. Aparılan bu düşünülmüş ardıcıl islahatlar və başqa əhəmiyyətli tədbirlər ölkənin iqtisadi dirçəlişinin təmin edilməsinə səbəb oldu, bəzi istehsal sahələrində, xüsusən kənd təsərrüfatında, nəqliyyatda və digər sahələrdə məhsul istehsalının həcmi bir neçə dəfə artdı. Xarici dövlətlərlə qurulan sıx əməkdaşlıq dünya ölkələrinə Azərbaycanı sivil, etibarlı tərəfdaş kimi tanıtdı və beynəlxalq aləmdə müstəqil respublikamızın nüfuzu xeyli artdı. İqtisadi inkişafın uğurlu nəticələri ilk növbədə əhalinin rifahının yüksəldilməsinə yönəldildi və bununla da Azərbaycan dövləti əsas inkişaf istiqamətinin sosialyönümlü bazar iqtisadiyyatı olduğunu gündəmə gətirdi.
Müstəqilliyimizin birinci onilliyinin yaratdığı möhkəm və hərtərəfli istehsal təməlinə söykənən ikinci onilliyində iqtisadi artım daha böyük və sevindirici oldu. Bu dövr Bakı-Tbilisi-Ceyhan əsas boru neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə salınması və istehsal gücünə çatdırılması nəticəsində Azərbaycandan dünya bazarlarına neft və qaz ixracı xeyli artırıldı. Ölkədə neft istehsalı 2003-cü ildəki 15,4 milyon tondan 2010-cu ildə 50,8 milyon tona, qaz istehsalı isə müvafiq olaraq 5,1milyard kubmetrdən 16,7 milyard kubmetrə çatdırıldı. Bu enerji resurslarından əldə edilən maliyyə vəsaitləri hesabına ölkədə quruculuq işlərinin miqyası genişləndirildi. Hər şeydən əvvəl, ölkədə iqtisadiyyatın güclü inkişafını təmin edən çoxsaylı Dövlət Proqramları hazırlanıb həyata keçirilməyə başlandı. Xarici investorların cəlb edilməsi, azad sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə ölkədə əlverişli investisiya mühiti yaradıldı. Dövlət İnvestisya Şirkətinin, Səhmdarlar Cəmiyyətinin, Sahibkarlığa Kömək Milli Fondunun və yerli şirkətlərin böyük fəallığı ilə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyanın həcmi ilbəil artdı. Əlamətdardır ki, son 8 ildə ölkəmizə yatırılmış sərmayənin miqdarı 100 milyard dollardan artıqdır. Həm də çox önəmli hal ondan ibarətdir ki, artıq 2011-ci ildə əsas kapitala yönəlmiş sərmayənin ümumi həcmində daxili vəsaitlər 76,7 faiz təşkil etmişdir. Məhz həmin vəsaitlər 2004-2011-ci illərdə 3,5 dəfədən çox artmışdır. Müstəqilliyimizin ikinci onilliyinin təqdirəlayiq uğurlarından biri də ulu öndərin həmişə xüsusi diqqət yetirdiyi regionların tarazlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə geniş miqyaslı tədbirlərin həyata keçirilməsi olmuşdur. İkinci on illik əsasən cənab İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edir. Ölkə başçısı kimi cənab İlham Əliyevin imzaladığı ilk fərman məhz regionların 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında oldu. Bu sənəddə müəyyən edilmiş tədbirlərə əsasən regionlarda bütün növ infrastruktur sisteminin, xüsusən ölkənin başdan-başa qazlaşdırılması və elektrikləşdirilməsi, müxtəlif nəqliyyat şəbəkələrinin genişləndirilməsi və müasirləşdirilməsi, ən vacib sosial tikintilərin (məktəb, səhiyyə, idman müəssisələrinin) tələbata uyğun qurulması təmin edilməli, dövlət və sahibkarlıq fəaliyyətini genişləndirməklə regionlarda çoxlu istehsal sahələri və yeni iş yerləri yaradılmalı idi. Regionların birinci inkişaf proqramı vaxtında və böyük uğurla yerinə yetirildi.
Sonra ölkə başçısı 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı barədə fərman imzaladı. Bu sənəddə regionlarda daha böyük miqyasda tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əgər birinci Proqramda regionlarda 300-ə qədər müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulurdusa, ikinci proqramda həmin tədbirlərin sayı 1000-dən çoxdur. Hər iki proqram əsasında bu günə qədər görülən işlər artıq regionların sosial-iqtisadi mənzərəsini tanınmaz dərəcədə dəyişmişdir. Bu sahədə görülən işlərin miqyası barədə aydın təsəvvür yaratmaq üçün iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin regionlarda inkişaf vəziyyətinə diqqət yetirmək kifayətdir. Belə ki, son 8 ildə ölkədə yaradılan 144 sənaye müəssisəsinin 128-i (təxminən 90 faizə qədəri) Bakı-Abşeron iqtisadi rayonundan kənarda yerləşən regionların payına düşür. Bu müddət ərzində ölkədə 1 milyondan artıq yeni iş yerləri yaradılmışdır ki, onların da 80 faizə qədəri regionlarda açılmışdır.
Regionların hərtərəfli inkişafı ölkənin ümumi sosial-iqtisadi və ictimai-mədəni həyatının yüksək tərəqqisinin ən vacib göstəricisi kimi qəbul edilir. Vaxtilə Azərbaycanda neft sənayesinin böyük imkanlarından milli mənafelərə uyğun istifadə olunmurdu. Bu baxımdan itkilərimizin həqiqi miqyası barədə düzgün təsəvvür yaratmaq üçün son 20 ildə neft sənayesində əldə olunan uğurlara nəzər salmaq kifayətdir. 20 ildə neft sənayesi Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etməklə yanaşı, indi ölkəmizin bir illik büdcə gəlirlərindən 2 dəfə çox valyuta ehtiyatı toplamağa imkan vermişdir.
Azərbaycan yanacaq sənayesinin indiki əsas səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o öz tarazlı inkişafı ilə respublika iqtisadiyyatının hərtərəfli inkişafına ciddi təsir göstərir. Məhz müxtəlif təbii sərvətlər və imkanlarla zəngin olan regionların iqtisadiyyatı yanacaq sənayesinin maliyyə dəstəyi ilə canlanır və qeyri-neft sektoru sürətlə inkişaf edir. Təsadüfi deyil ki, 2004-2011-ci illərdə qeyri-neft sektoruna yatırılan sərmayənin artım sürəti digər sahələrə yönəldilən kapitalı 2,9 dəfə üstələmişdir. Görünür, yanacaq sənayesi hələ uzun illər Azərbaycanın yüksək inkişaf amili kimi qalacaq və iqtisadiyyatın digər sahələrinin dinamik inkişafına güclü təkan verəcəkdir.
Əvvəl də qeyd etdiyimiz kimi regionların sərvətləri, o cümlədən qara və əlvan metallurgiya, maşınqayırmanın müxtəlif sahələri, neft emalı, kimya, toxuculuq və s. kimi emal sənaye sahələrinin inkişafı qeyri-neft sektorunun inkişaf sürətini daha da artıra bilər. Bu sahədə görüləcək işlərin miqyası ildən-ilə artır. 2011-ci ilin yekunları bu inkişaf meylinin inamla davam etdiyini bir daha təsdiqləyir. Keçən il neft hasilatı obyektiv səbəblər üzündən bir qədər aşağı düşsə də, qeyri-neft sektoru təxminən 10 faiz, o cümlədən onun sənaye bölməsi 11 faizdən çox artmışdır. Nəticədə 2011-ci ildə respublikada ÜDM-in çoxalması, demək olar ki, bu sahənin hesabına əldə edilmiş, ümumiyyətlə, 2004-2011-ci illərdə qeyri-neft sektoru 2,2 dəfə artmışdır. Bu da istehsalın başqa sahələrinin, xüsusilə emal sənayesi sahələrinin əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur. Təkcə 2011-ci ildə ölkədə 40-dan çox sənaye müəssisəsi istifadəyə verilmiş, nəticədə metallurgiya sənayesində məhsul istehsalı 1,9 dəfə, tikinti materialları 4,4 faiz, elektrik enerjisi 8,4 faiz, qida məhsulları 5 faiz, mebel istehsalı 24,5 faiz, geyim məhsulları 56,5 faiz artmışdır. Əsasən regionların imkanları hesabına bu inkişaf meyli 2012-ci ildə və sonrakı illərdə də davam edəcəkdir. Belə ki, Gəncədə yeni alüminium zavodunun istismara verilməsi, orada poladəritmə müəssisəsinin, Şirvanda 780 meqavat gücündə "Cənub" elektrik stansiyasının, 25 meqavat gücündə Füzuli su elektrik stansiyasının, ümumiyyətlə, 200-dən çox müəssisənin tikintisi başa çatdırılacaqdır. Göründüyü kimi, yeni istehsal sahələri hesabına Azərbaycan iqtisadiyyatı daha sürətlə inkişaf edəcəkdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, son illər dünyada tüğyan edən maliyyə və iqtisadi böhran Azərbaycan iqtisadiyyatına elə də ciddi təsir etməmişdir. Ölkədə 2004-2011-ci illərdə ÜDM istehsalı 3 dəfə, sənaye məhsulu 2,7 dəfə, əsas kapitala qoyulan vəsaitlərin həcmi 3,5 dəfə, kənd təsərrüfatı məhsulları 1,3 dəfə, yük daşımaları 1,8 dəfə, xarici ticarət dövriyyəsi 6,9 dəfə, dövlət büdcəsi 12,7 dəfə, əhalinin orta aylıq nominal əmək haqqı 4,7 dəfə artmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 7,6 faizə düşmüşdür. Beləliklə, təxminən iki əsrdən sonra Azərbaycanın böyük imkanları onun öz tərəqqisinə, öz xalqının rifahının yüksəldilməsinə yönəldilmişdir.
Azərbaycanın dinamik inkişafı, onun iqtisadi gücü artmaqdadır. Nüfuzlu xarici maliyyə qurumlarının proqnozlarına görə 2012-ci ildə də Azərbaycanda iqtisadi inkişaf davam edərək, ölkədə ÜDM 2,5 faiz artacaqdır. Əsasən yeni müəssisələrin yaradılması hesabına ölkənin yaxın dövrlərdə iqtisadi inkişafının daha da möhkəmləndirilməsi konsepsiyası hazırlanmışdır. Ölkə başçısının imzaladığı "Azərbaycan -2020: gələcəyə baxış" adlı sənəddə yeni əzəmətli inkişafın əsas hədəfləri müəyyən edilmişdir. Qarşıdakı 10 ildə qeyri-neft sektorunun inkişafı hesabına ölkənin iqtisadi potensialı ən azı 2 dəfə artacaqdır. Bu isə o deməkdir ki, Azərbaycan tezliklə orta inkişaf etmiş ölkələr sırasından dünyanın yüksək inkişaf etmiş dövlətləri sırasına yüksələcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaxın onillikdə qarşıda duran vəzifələrdən danışarkən demişdir: "Beləliklə, gələcək üçün perspektivlər müsbətdir, iqtisadiyyat sabit, davamlı, özünü təmin edəndir, enerji sektorundan güclü dəstək alır və ölkənin strateji gələcəyinin tam aydın mənzərəsini yaradır."
{nl}
Asəf NADİROV, akademik
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.