Sivilizasiyanın xilas yolu, yaxud Ali İcmaya doğru

Kimya elmləri doktoru Pənah Qurbanovun "Xalq qəzeti"ndə çap olunmuş silsilə məqalələri "Həyati oçerklər" adlı kitabda İngilis və Azərbaycan dillərində işıq üzü görmüşdür. Nəşrdə müəllif dünya oxucularına, dövlət başçılarına və parlamentlərinə aşağıdakı məzmunda müraciət etmişdir.
"Həyati oçerklər" adlanan bu kitabçanı oxumaq bütün insanlar üçün vacib olsa da, onlar, xüsusən "İcma", "Cəmiyyət", "Ədalət", "Vətənpərvərlik", "İnsan", "Şəxsiyyət", "Həyat", "Keçid", "Şüur", "Karbon" oçerkləri Sizin üçün nəzərdə tutulmuşdur.
Bu gün hər bir kəsə aydındır ki, sivilizasiya hər an güclənən ekoloci fəlakət qarşısında acizdir. Bu ümumplanet bəlasına yalnız və yalnız ümumbəşər gücü ilə qalib gəlmək olar. Bu məqsədə çatmaq üçün bütün ölkələr "Ali İcma" halında birləşməlidir. Bu birləşməni "İnkarı inkar" qanunu tələb edir və əslində, bu proses bu günə qədər kor-korana surətdə gedir. "Birləşmiş Millətlər Təşkilatı"nın və Avropa Birliyinin yaranması bu işin başlanğıcıdır.
Bəşər tarixində çox az halda iki qardaş birlik yarada bilib. Ancaq həyatın tələbi olduğu üçün min illər boyu bir-birini didib parçalamağa çalışan 27 Avropa dövlətinin tərəqqidə olan bir birliyi - Avropa Birliyini yarada bilməsi ümumdünya birliyinin yaranmasını mümkün edir.
Bu günə qədər kor-koranə gedən bu prosesi - ümumdünya birliyinin əmələ gəlmə prosesini şüur idarə etməli, onu sürətləndirməlidir. Hələ ki, ekoloji fəlakətin gəlmə sürəti dünyanın birləşməsi sürətini qat-qat üstələyir. Bu işdə dönüş yaradılmasa, dünyanın birləşməsi sürətinin ekoloji fəlakətin gəlmə sürətini üstələməsinə nail olunmasa, sivilizasiyanın məhvi labüddür.
Hər bir ölkənin başçısı və parlamenti öz ölkələrini ümumdünya birliyinə daxil olmaq üçün hazırlamalıdır. Ümumdünya birliyinin yaradılması üçün vacib olan nəzəri əsasları Siz bu oçerklərdə tapa bilərsiniz. Hesab etmək olar ki, ən azı iki min il davam edən, - bəşəriyyət haradan gəlib haraya gedir, - sualı ətrafında gedən axtarışlar və mübahisələr öz həllini tapmışdır. Əslində, mən məlum həqiqətlər arasında əlaqə yaratmış və alınan konsepsiyanı həyatın tələbinə uyğunlaşdıra bilmişəm.
Belə demək olar ki, tarix boyu olduğu kimi, bu gün də bütün dövlətlərin siyasəti öz mənafelərini maksimum təmin etməyə, güdməyə yönəlmişdir. Halbuki, bu gün bəşəriyyətin bütün imkanlarının ən azı yarısı həyatın qorunmasına yönəldilməlidir. Əslində, Yer üzərində həyat ən azı yüz ildir ki, hər il daha da artan bir sürətlə sönməkdədir; "qırmızı kitab"lar bunu təsdiq edir.
İnsan bir bioloji varlıq kimi yalnız icmada yaşaya bilər. O, öz həyatının əvvəlini instinktin təmin etdiyi az qala mütləq ədalət şəraitində, ən azı, iki milyon il ərzində yaşadı. Milyon illərlə müqayisədə çox kiçik zaman kəsiyi, qeyri-müəyyənlik dövrü, keçid dövrü, daha dəqiq desək xəstə dövr başa çatmaqdadır. Bəşəriyyət öz təbiətinə, xromosom quruluşunun tələbinə zidd olan linsan insanın canavarıdır" prinsipinə əsaslanan bu dövrdə, İbtidai İcmada olduğu kimi "insan insanın dostudur" prinsipinə əsaslanan, şüurun yaratdığı ədalət şəraitində, əbədiyyətə qədər uzanmaq haqqına malik olan Ali İcma fazasına, əslində bəşər həyatının baharına keçmək ərəfəsindədir. Yəni, dünyamızın vahid bir qurumda, Ali İcma halında birləşməsi labüddür.
Cəmiyyət haqqında olan ilk doqquz oçerk müstəqil məqalələr şəklində yazılmış və onlarda, fəlsəfə elmi tarixində ilk dəfə, dialektik qanunların insan cəmiyyətinə tətbiqi mümkün olmuşdur.
Ümumdünya birliyi, Ali İcma qurulan kimi üçüncü dünya müharibəsi təhlükəsi aradan qalxacağına və Yer üzünə əbədi sülh gələcəyinə şübhə yoxdur. Dünyanın bütün insanları mənim nə vaxtsa yazdığım bir beytə köklənəcəkdir:
Mənim hər bir millətə
Dərindir məhəbbətim.
Faşistliyə, daşnaka
Hüdudsuzdur nifrətim.
Təxminən bir il bundan öncə televiziyadan eşitdim ki, Prins Çarlz yazıb ki, üzümüzə gələn 96 ay ərzində ekoloji fəlakətdən həyatı xilas etmək üçün lazımi tədbirlər görülməsə sonra gec olacaqdır. Onun nəzərdə tutduğu lazımi tədbirləri yalnız və yalnız ümumbəşər gücü ilə ortaya qoymaq olar. Deməli, sivilizasiyanın xilası bəşəriyyətin bu kitaba qarşı sağlam münasibətinin formalaşması sürətindən asılı olacaqdır...
Əgər kimsə yaxınlaşan ekoloji fəlakətdən öz ölkəsini, kimsə öz sevgilisini, kimsə əzizinin sonuncu siqarı yandırdığı yarı yanmış kibrit çöpünü xilas etmək istəyirsə, o, bütün dünyanı xilas etməlidir.
Əgər bəşər tarixinin ilk mərhələsi, İbtidai İcma dövrü, onun Qızıl Dövrü adlandırılırsa, Ali İcma adlanan ikinci mərhələsi, əbədiyyətə qədər davam etmək hüququna malik olacaq dövrü, birinci mərhələdən üstün olacağına görə bəşər həyatının Brilyant Dövrü adlandırıla bilər.
Bütün dövlətlərin ümumdünya birliyində, Ali İcmada gecikmədən, vaxtında birləşməsi və nəticədə sivilizasiyanın xilası Sizlərdən asılıdır. Yer planeti həyatında unikal bir hadisə olan sivilizasiyanın xilası işində Sizlərə uğurlar diləyirəm.
Kitaba daxil olan bütün oçerklər müstəqil məqalələr kimi yazılıb çap ediliblər. Onlar, demək olar ki, elə o şəkildə də kıtaba daxil edilmişdir. Bəzi fikirlərin müxtəlif məqalələrdə təkrar olunması, bəlkə də, işin xeyrinədir; axı təkrar biliyin anasıdır, - deyirlər.
Kitabdakı hər hansı məqalə və ya bütövlükdə kitab haqqında öz rəyini bildirəcək hər bir kəsə qabaqcadan minnətdarlığını bildirir və öz rəyini mənim elektron poçtuma göndərməyi xahiş edirəm ([email protected]).
"Canlılıq" məqaləsində qeyd etmişdik ki, sonsuz olan kainatda istənilən anda sonsuz sayda sivilizasiyalar mövcud olur. Təkcə bizim qalaktikada olan yüz milyarddan çox Günəşə bənzər ulduzun hər birinin ətrafında həyatın, yəni sivilizasıyanın mövcud olmaq imkanı vardır. Əbədi olan yalnız kainatdır. Kainatı təşkil edən hər şey, qalaktikalar da daxil olmaqla, doğulmağa, ömür etməyə və məhv olmağa məhkumdur. Deməli, bu anda kainatda mövcud olan sonsuz sayda sivilizasiyaların hər biri nə vaxtsa keçmişdə yaranmışdır və nə vaxtsa gələcəkdə məhv olacaqdır.
Bizim sivilizasiya istənilən anda elmə məlum olan və ya məlum olmayan asteroidlə Yerin toqquşması nəticəsində məhv ola bilər. 1962-ci ildə Karib böhranı zamanı düymələr basılsaydı sivilizasiyamız öz əlimizlə məhv olacaqdı. Ətraf mühitin çirklənməsi nəticəsində sürətlə gələn ekoloji fəlakət ən uzağı əlli ilə sivilizasiyamızı məhv etməklə hədələyir. Çox olsun ki, artıq gecdir, ancaq bu, bizə əllərimizi yanımıza salıb dayanmaq haqqı vermir. Əksinə, biz bu fəlakəti başa düşdükcə daha böyük əzmlə çalışmalıyıq ki, ondan yan keçə bilək.
"Həyat" məqaləsində sivilizasiyanın xilası üçün dörd qlobal problemin, dünyanın Ali İcma halında birləşməsi, ətraf mühitin qorunması, ekoloji təmiz enerji mənbələrinin tapılması və Yer qabığını ehtizaza gətirməyən maşın və mexanizmlərin yaradılması problemlərinin həll edilməsinin vacibliyi göstərilmişdir.
Ulu Tanrı Adəm peyğəmbəri yaratdı, darıxmasın deyə Həvvanı ona bəxş etdi. İlk birlik, ailə meydana gəldi. Onların övladlarının yaranması ilə birlik böyüdü. Adəm peyğəmbərin qarğışı ilə Yer kürəsinə səpələnən Adəm övladları artıb çoxaldıqca əvvəl qəbilələrdə, sonra dövlətlərdə, daha sonra imperiyalarda birləşdi. Dinlər ətrafında daha böyük birliklər yarandı. Deməli, birləşmək bəşəriyyətin Ulu Tanrı tərəfindən təyin edilmiş və ya dialektik qanunların tələbi ilə baş verməsi labüd olan taleyidir. O səbəbdən də bizim gözümüz önündə gələcək vahid dünyanın, Ali İcmanın əsasını qoyan Avropa Birliyi yaranmışdır. Bu günün dünyəvi şəxsiyyətləri olan dövlət başçılarının və parlamentlərinin bu prosesi, Ali İcmanın yaradılması prosesini sürətləndirəcəyinə əminəm. Əslində, bu elə də çətin bir problem deyildir; Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Hindistan və Yaponiyanın Avropa Birliyinə birləşməsi ümumdünya birliyinin, Ali İcmanın, əsasən yaranması demək olardı.
Ətraf mühitin çirklənməkdən qorunması da Ali İcma yarandıqdan sonra bəşəriyyətin gücü çatası problemdir.
Ekoloji təmiz enerji mənbələrinin də tapılacağına ümid etmək olar.
Əfsus ki, bu üç qlobal problemin həlli də sivilizasiyamızı xilas edə bilməz. Ən çətin problem "Həyat" məqaləsində ilk dəfə səslənən dördüncü problemdir. Yer qabığını ehtizaza gətirməyən maşın və mexanizmlərin tezliklə, gecikmədən yaradılmasına demək olar ki, ümid yoxdur. Belə ki, Yer səthində işləyən maşın və mexanizmlər Yer qabığını ehtizaza gətirir, onu bütünlüklə, yəni, qütb buzlarının altında da isidir və buzların əriməsinə səbəb olur.
Dünyada belə bir fikir dolaşır ki, guya bizdən çox-çox artıq səviyyədə inkişaf etmiş sivilizasiyanın və ya sivilizasiyaların Yer kürəsində olan dövlətlərin bəzisi ilə, məsələn, Amerika Birləşmiş Ştatları ilə əlaqəsi vardır. Bizim sivilizasiya ilə başqa sivilizasiyanın belə bir əlaqəsi mövcuddursa, deməli, xilas üçün müəyyən şansımız vardır. O sivilizasiyadan dördüncü problemin həlli üçün kömək istəmək olardı.
Tarixi həmişə şəxsiyyətlər yaradır. Bu günün tarixini pis və ya yaxşı yaradan dövlət başçıları və parlamentlərdir. Onlar sivilizasiyamızın sabahının ölüm və ya qalım tarixini yazmağa məhkumdurlar. Qoy onlar yüz dəfə ölçüb bir dəfə biçsinlər. Qocalara, müdriklərə qulaq assınlar. Nizami Gəncəvi yazırdı:
Nə qədər ağıllı olsalar, yenə,
Cavanlar möhtacdı qoca fikrinə.

Əziz və hörmətli dövlət başçıları və parlamentlərin üzvləri, Sizə sivilizasiyamızın sabahının qalım tarixini yaza bilmək üçün uğurlar diləyirəm.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında