Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konstruktivliyi ilə seçilir. Mən onu uzun müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə o, özünəinamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir.
Zbiqnev BJEZİNSKİ ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri
{nl}
Onlar xarici havadarlarının sifarişi ilə ölkədə qanunsuz aksiyalar keçirir, ictimai rəyi çaşdırmağa çalışırlar
Bu il may ayının 1-dən Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Ölkəmizin dünyanın belə bir nüfuzlu qurumunun Təhlükəsizlik Şurasına sədrlik etməsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. Cəmi 20 illik müstəqillik tarixi olan Azərbaycanın adının qısa bir dövrdə belə zirvəyə yüksəlməsi uğurlu xarici siyasətin nəticəsidir. Elə ölkələr var ki, 40-50 il, bəlkə də daha çox müstəqillik tarixinə malikdir. Lakin hələ bu vaxta qədər BMT Təhlükəsizlik Şurasının üzvü olmayıblar. Ölkəmiz isə nəinki bu qurumun üzvü, hətta bu gün artıq sədridir.
Dünyanın qabaqcıl dövlətlərinin ictimai - siyasi xadimləri, ölkəmizə rəsmi səfərə gələn dövlət başçıları, həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri də bu inkişafdan məmnunluqla danışırlar.Bununla əlaqədar diqqətinizi bir neçə fakta cəlb etmək istərdik. Xorvatiyanın ölkəmizə rəsmi səfərə gəlmiş Prezidenti İvo Yosipoviç keçirdiyi mətbuat konfransında demişdir: "Bu gün Azərbaycan özü ilə fəxr etmək üçün çox səbəbləri olan ölkədir. Ötən qısa müddətdə Azərbaycan çox sürətlə inkişaf yolu keçib". ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq də ölkəmizin inkişafını yüksək qiymətləndirmişdir: "Azərbaycan güclü, suveren, müstəqil dövlət olmaq istiqamətində nəhəng irəliləyiş, tərəqqi əldə edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi bir sıra məsələlərdə liderlik rolunu öz üzərinə götürüb."
Göründüyü kimi, Azərbaycandakı inkişaf, tərəqqi dünya birliyinin diqqətindən yayınmır. Son illər həyata keçirilən layihələr də ölkəmizin iqtisadi qüdrətini artırmış, insanların həyat səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşmışdır. Azərbaycanın belə sürətli inkişafı təbii ki, erməni lobbisini, habelə ölkəmizə düşmən olan digər dairələri ciddi təşvişə salıb. Belə dairələr Azərbaycanda qarışıqlıq və çaxnaşma salmaq üçün müxtəlif yollara əl atır, hətta özlərinə üzüdönük, antimilli və öz maraqlarının təmin olunması naminə hər cür xəyanətkarlığa əl atan müxalifət nümayəndələri də tapırlar. Bu gün artıq belə xəyanətkarları hamı tanıyır. Son vaxtlar adı Almaniya qəzetlərindən düşməyən AXCP sədri Əli Kərimli, xarici havadarlarına öz qərargahında qucaq açan Müsavat Partiyasının başqanı İsa Qəmbər və bunların yalan vədlərinə aldanaraq çaldıqları hər havaya oynayanlar ölkəmizə düşmən qüvvələrin çirkli pullarına aldanaraq təxribatlar törətmək və Avropanın böyük mədəni bir tədbiri olan "Eurovision-2012" mahnı müsabiqəsinin uğurla keçməsinə mane olmaq üçün dəridən - qabıqdan çıxırlar. Radikal müxalifət nümayəndələri gah siyasi partiyaların normal fəaliyyətinə şərait yaradılmadığını, gah mitinq və piketlərin keçirilməsinə yer ayrılmadığını, gah da digər ağlasığmaz bəhanələr gətirərək ölkəmizin inkişafına ləkə vurmaq istəyirlər. Halbuki siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi bu günlərdə Milli Məclisdə müzakirə olunmuş və "Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklər edilmişdir. Həmin qanun layihəsi müzakirəyə çıxarılmazdan əvvəl Venesiya Komissiyasına göndərilmiş və müsbət rəy almışdır. Hazırda siyasi partiyaların fəaliyyətinə normal şərait yardılmadığı iddiasında olan müxalifət partiyalarının neçə illərdir fəaliyyət göstərməsinə baxmayaraq, nə seçkilərdə, nə də seçkilərdən sonra, öz maliyyə mənbələri haqqında məlumat verməyiblər. Bu vaxta qədər də bunu "sirr" olaraq saxlayırlar. Baxmayaraq ki, çoxlu sayda ştatlı işçiləri var və onların hamısını da pulla təmin edirlər. Təəccüblüdür ki, bu partiyalarda çalışanlar başqa heç bir yerdə işləmirlər. Aldıqları əmək haqqının mənbəyi isə heç kimə bəlli deyil. Məsələn, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər parlament və prezident seçkilərində namizəd kimi maliyyə hesabatı verməli və öz gəlirləri haqqında deklorasiya təqdim etməli idilər. 20 ildir onların gəlirlərinin qarşısında sıfır rəqəmi yazılır, yəni heç birinin gəliri yoxdur. Sual olunur ki, bəs onda bunlar nə ilə dolanırlar? Əli Kərimli Londonda ən bahalı məktəbdə oxutdurduğu oğlunun təhsil haqqını - hər il 45 min funtsterlinqi hansı gəliri hesabına ödəyir? Onlar bahalı xidməti maşınlarla təmin olunmuş, evlərinin bazarlığı üçün xüsusi maşın ayrılmış, çoxlu sayda cangüdənlər saxlayırlar. Hər iki partiya sədri əslində siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinin əleyhinədir, lakin mitinq keçirmək xatirinə qanuna edilmiş əlavə və dəyişikliklərə guya etirazlarını bildirirlər. Əgər bu partiyalar dövlət büdcəsindən maliyyə alsalar, mövcud qanunvericilik aktlarına əsasən hesabat verməli olacaqlar. Bu hesabat nəticəsində onların hansı gizli mənbələrdən maliyyələşmələri bəlli olacaq.
Beynəlxalq aləmdə siyasi partiyalar seçkilərdə göstərilən nəticəyə əsasən dövlət büdcəsindən maliyyələşirlər. Avropa Birliyi və Avropa Şurasına daxil olan ölkələrdə, habelə dünyanın bütün demokratik ölkələrinin təcrübəsində də belə qayda mövcuddur. Siyasi partiyaların dövlət büdcəsi hesabına maliyyələşdirilməsi müəyyən kriteriyalar əsasında aparılır. Digər ölkələrlə müqayisədə Azərbaycanda siyasi partiyaların dövlət büdcəsi hesabına maliyyələşdirilməsində böyük güzəştlər nəzərdə tutulub. Bu o məqsədlə edilib ki, siyasi partiyalar Azərbaycanın siyasi sistemində müvafiq yer tutsun, onların fəaliyyəti üçün əlverişli imkanlar yaransın. Bunu görməmək siyasi korluq və ya nankorluqdur. Bütün bunları bəhanə gətirən "İctimai Palata" adlı qeyri - formal qurumun üzvləri yenidən mitinq keçirmək istəyirlər. Özü də dövlət tərəfindən icazə verilmiş, hər cür şərait yaradılmış ərazidə deyil, əhalinin istirahət etdiyi parklarda. Radikal müxalifət ötən həftəyə təyin etdiyi mitinqi təxirə saldı. Çünki artıq onların səsinə səs verən olmadı, yalan vədləri ilə insanları aldada bilmədilər. Bütün bunları ört - basdır etmək üçün səbəb guya hakimiyyətin razılaşdırılmış mitinqin keçirilməsində yaratdığı əngəllər göstərilir, əsasən də nəqliyyatla bağlı yaradılan problemlər. Təbii ki, müxalifətin növbəti mitinqi təxirə salmaq və ya icazə verilən yerdə keçirmək istəməməsinin səbəbi hamıya məlumdur. Qeyd edək ki, "İctimai Palata" adlı oyuncaq "qurum"un üzvləri Müsavat Partiyasının qərargahında xarici havadarları ilə görüşdən sonra bu fikrə gəliblər. Görünür, onların mitinqlərinin keçirilməsinə vəsait xərcləyən ağaları iştirakçıların azlığına narazılıqlarını bildiriblər. Ona görə də "İctimai Palata"nın üzvləri çirkli pulları əldən verməmək üçün növbəti mitinqin əhalinin gur olan yerlərində keçirilməsinə üstünlük veriblər. Bu yolla "tərəfdaşlarının" sayının çoxluğunu "nümayiş etdirmək" istəyirlər.
Mövcud qanunvericiliyə əsasən mitinq və digər aksiyaların keçirilməsi üçün dövlət tərəfindən müəyyən yerlər ayrılıb və həmin ərazilərdə mitinq keçirmək üçün heç bir problem yoxdur. Hətta onların təhlükəsizliyinə dövlət tərəfindən tam təminat verlir. Sadəcə olaraq belələri hazırda mitinq keçirmək iqtidarında deyillər. Çünki ictimaiyyət tərəfindən dəstəklənmirlər.
Mitinq keçirmək istəyində olanlardan biri Müsavat Partiyasıdır. Neçə vaxtdır ki, bu partiyanın rəhbərliyi öz qurultayını keçirmək üçün kifayət qədər təəssübkeş tapa bilmir. Ona görə də İsa Qəmbər cəmiyyətin fikrini yayındırmaq üçün mitinq məsələsini ortalığa atıb. O, çox yaxşı bilir ki, bu gün Müsavatda başqanlıq üstündə baş yardı, öz rəqiblərini qarşı-qarşıya qoyur. Əgər İsa Qəmbər başqanlığı əldən versə, qısa bir vaxtda insanların yaddaşından birdəfəlik silinəcək və növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməyəcək. Adını demokrat qoyan İ.Qəmbər guya hakimiyyətin onlara yer verməməsini bəhanə gətirərək qurultay keçirmir. Halbuki müsavatçılara qurultay keçirmək üçün Bakıxanov qəsəbəsindəki mədəniyyət sarayı və başqa bir neçə yer təklif olunub. Guya bu saraylar müsavatçılara darlıq edir. Reallıq bundan ibarətdir ki, çoxlu tərəfdarları olduğunu iddia edən müsavat rəhbərliyi mitinq keçirmək üçün 150-200 nəfər tapa bilmir. Ona görə də metro stansiyalarının ətrafına göz dikiblər.
"İctimai Palata" adlı qondarma qurumun üzvlərinin son vaxtlar fəallaşmaları başadüşüləndir. Artıq ölkəmiz Avropanın böyük mədəni tədbirinin keçirilməsinə başlamaq ərəfəsindədir. Həm təşkilati işlər, həm təhlükəsizlik, həm də texnika baxımından bütün məsələlər yüksək səviyyədə həll olunub. Azərbaycan beynəlxalq səviyyəli tədbiri necə yüksək səviyyədə keçirəcəyini dünya birliyinə nümayiş etdirəcək. Müxalifət partiyaları isə hansı ölkənin qəzetlərinə müsahibə verməsələr və hansısa ölkənin nümayəndələrini öz qərargahlarına, hətta evlərinə belə toplasalar "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsinə mane ola bilməyəcəklər. Çünki hər bir Azərbaycan vətəndaşı dövlətin diqqət və qayğısını hiss edir, gündəlik həyatında, yaşayışında bunu görür. Ona görə də xalq Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşir, müxalifətin mitinq çağırışına əhəmiyyət vermir.
Azərbaycanın hazırkı dövlət başçısının dünya birliyində böyük nüfuz sahibi olmasını ABŞ-ın Milli təhlükəsizlik üzrə sabiq müşaviri Zbiqnev Bjezinskinin sözləri ilə bir daha xatırlatmaq istərdik: "Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konstruktivliyi ilə seçilir. Mən onu uzun müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə o, özünəinamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir".
{nl}
"Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.