Azərbaycana qarşı böhtan kampaniyası aparanlar məqsədlərinə çatmayacaqlar

Bu kampaniyanın arxasında kimlərin dayandığını hər kəs yaxşı bilir

{nl}

Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu gündən-günə artmaqdadır. Hazırda BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir quruma sədrlik edən ölkəmiz may ayının sonunadək bu şərəfli missiyanı davam etdirəcəkdir. Bu günlərdə respublikamız beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir: Bakıda çox əlamətdar mədəniyyət hadisəsi baş verəcək, bütün dünyanın maraqla gözlədiyi "Eurovision-2012" mahnı müsabiqəsi keçiriləcəkdir. Bütün bunlar sürətlə inkişaf edən ölkəmizin tanıdılması üçün münbit şərait yaradır, onun imicinə müsbət təsir göstərir, beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir.
Məhz bundan təlaşa düşən erməni lobbisi və onların Qərb ölkələrindəki, Azərbaycandakı tərəfdaşları respublikamızın əleyhinə kampaniya aparır, hər cəhdlə ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışırlar. Almaniyanın bəzi mətbuat orqanlarında Azərbaycana qarşı dərc olunan məqalələri, o cümlədən ölkənin Yaşıllar Partiyası nümayəndələrinin heç bir əndazəyə sığmayan sərsəm açıqlamalarını da bu qəbildən hesab etmək olar.
Almaniyanın tarixi təcrübəsinə nəzər yetirdikdə aydın görünür ki, bu ölkənin siyasi elitasında təmsil olunan bəzi dairələr daim hegomonluq iddiasında olmuş və bu niyyətlərini həyata keçirmək üçün bəzi ölkələrin daxilindəki qüvvələrdən vasitə kimi istifadə etmişlər. Görünən odur ki, həmin qüvvələr bu gün təbii sərvətlərlə zəngin olan Azərbaycana böyük maraq göstərməyə başlayıblar. Belə olmasaydı, ölkəmizdəki radikal müxalifətə dəstək verməz, onların qeyri-qanuni hərəkətlərinə bəraət qazandırmağa çalışmazdılar. Hazırkı dövrdə həmin dairələrin Azərbaycandakı dağıdıcı ünsürlərlə sıx münasibət qurması isə həm də erməni lobbisinin vəd etdiyi külli miqdarda qrantla əlaqələndirilir. Belə ki, ermənilər Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin baş tutmaması üçün hər cür vasitəyə əl atsalar da, nəticə əldə edə bilmədilər. Bu məqsədlə Ermənistan müsabiqədə iştirak etməkdən imtina etsə də, gözlədiklərinin əksinə, bütün Avropanın mədəniyyət ictimaiyyətinin qınağı ilə üzləşdi. Belə olan halda əvvəldən hazırladıqları ikinci plana üstünlük verməyə başladılar: Avropanın nüfuzlu ölkəsi və Azərbaycanla 200 ilədək tarixi dostluq bağları olan Almaniyadakı məlum dairələrə, mətbuat orqanlarına ölkəmiz əleyhinə təbliğat kampaniyası aparmağı sifariş verdilər. AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və "İctimai Palata" adlı qondarma qurumun digər üzvləri isə, həmişəki kimi, ölkəmiz əleyhinə aparılan bu böhtan və qarayaxma kampaniyasın əsas oyunçularına çevrildilər. AXCP sədri Almaniyada nəşr olunan müxalifət qəzetlərinə müsahibələr verir, Müsavat Partiyasının rəhbəri İsa Qəmbər Almaniya Azad Demokratlar Partiyasının (FDP) sədr müavini, xanım Bricit Homburgerlə görüşür və ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığı, demokratiya və insan haqları ilə bağlı, həqiqətə uyğun olmayan cəfəngiyatlar danışırlar. Yəni xaricdəki havadarlarından daha çox qrant almaq üçün onların sifarişlərini canla-başla yerinə yetirir, ancaq bununla öz Vətənini satdıqlarını, dövlətə, dövlətçiliyə xəyanət etdiklərini, Azərbaycan xalqından daha da uzaqlaşdıqlarını yəqin ki, anlamırlar.
Almaniyanın "Deutsche Presse Agentur" informasiya agentliyində, "Die Welt" qəzeti və digər media quruluşlarında müxtəlif vaxtlarda yayılan məqsədli dezinformasiyalarda Azərbaycanın "Eurovision-2012" musiqi müsabiqəsini keçirməyə layiq demokratik ölkə olmadığı barədə ictimai rəy formalaşdırılmağa çalışılır, buna paralel olaraq, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasser Azərbaycanda "Eurovision"u boykot çağırışı ilə bağlı çıxış edir, Almaniya Bundestaqında təmsil olunan "Yaşıllar" fraksiyasının üzvləri və Almaniyanın insan haqları üzrə müvəkkili Markus Löninq Azərbaycana qarşı ittihamlar səsləndirir, əsassız olaraq insan haqlarının pozulduğunu iddia edirlər. Almaniyanın ölkəmizdəki səfiri Herbert Kveller isə heç bir diplomatik qaydalara uyğun olmayaraq ölkəmiz əleyhinə aparılan kampaniyada iştirak edir.
Bir çox alman siyasi ekspertlərin də qeyd etdiyi kimi, bütün bunlar Azərbaycana qərəzli yanaşmadan irəli gəlir. Çünki ölkəmizə ittihamlar səsləndirənlərin heç biri torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktı, hüquqları tapdalanmış, mülkiyyətləri qəsb olunmuş, evindən-eşiyindən didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün barədə bir kəlmə də danışmır. Bir milyonadək insanın taleyinə biganə qalanlar bunun əvəzində ölkəmizin qanunlarına tabe olmayan üç-dörd nəfərin guya, "pozulmuş hüquqlarını" "bərpa etməyə" çalışırlar. Bu, bir daha göstərir ki, onlar ölkəmizin imicinin korlanması hesabına insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər.
Əgər həmin şəxslər və Almaniyanın bəzi mətbuat orqanları həqiqətən də obyektiv olsaydılar, ilk öncə öz ölkələrindəki vəziyyətlə bağlı həqiqəti əks etdirən bəyanatlar verərdilər. Məsələn, ölkədə azlıqda olan xalqlara qarşı törədilən cinayətlərlə bağlı səsilərini qaldırsaydılar, biz onun ədalətli olduğunu qeyd edərdik. Almaniyada azlıqlara - müsəlmanlara, türklərə, ərəblərə qarşı neofaşistlər dəfələrlə cinayətlər törədiblər, onların ailə üzvlərini yandırıblar. Amma biz Almaniyada nə Yaşılların, nə Lördinqen, nə də digərlərinin bununla bağlı kifayət qədər açıqlama verdiyini görmədik. Yüzlərlə insanın vəhşiliklə qətlə yetirildiyi Xocalı faciəsinin ildönümü ilə bağlı ölkəmizdə dəfələrlə anım tədbirləri keçirildiyi və həmin tədbirlərə Bakıdakı bütün xarici ölkələrin səfirləri dəvət olunduğu halda, Almaniyanın Azərbaycandakı səfiri bir dəfə də olsun bu mərasimlərdə iştirak etməyib. Əgər səfir doğurdan da bu və ya digər insan haqlarının pozulmasının əleyhinədirsə və ya bütövlükdə bu siyasəti dəstəkləyirsə, o zaman reallıq budur ki, insanların ən böyük haqqı pozulubdur, ərazimiz işğala məruz qalıbdır. Nəyə görə Almaniyanın səfiri bütün bunlara biganə qalır, ancaq əvəzində Bakıda abadlıq məqsədiylə sökülən köhnə evlərə etinasız qala bilmədiyini bildirir? Halbuki sökülən həmin evlərin müqabilində sakinlərə ondan da gözəl evlər verilmişdir.
Son günlər məlum dairələr Azərbaycana qarşı ikili mövqe nümayiş etdirərək yenidən mətbuat azadlığı ilə bağlı ölkəmizi ittiham edirlər. Halbuki, Azərbaycan hakimiyyəti daim müstəqil mətbuatın sərbəst fəaliyyəti üçün bütün süni əngəllərin aradan qaldırılması üçün səy göstərirmiş və bu gün də mətbuata qayğı və diqqət dövlətin əsas prioritetdərindəndir. Xatırlayırsınızsa, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının ödənilməsi barədə" sərəncama əsasən redaksiyaların 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənilmişdi. 2005-ci ildən bu günə kimi Azərbaycanda 300-ə yaxın jurnalist dövlət mükafatlarına və fəxri adlara layiq görülüb. 2008-ci ildə 38 redaksiyaya 5 min manat, 2009-cu ildə isə 39 redaksiyaya 10 min manat məbləğində yardım ayrılıb. Dövlət başçısının imzaladığı "Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında" sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan bir milyon manat məbləğində vəsait ayrılmışdı. 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə isə 10 min manat birdəfəlik yardım göstərilmişdi. Xüsusilə qeyd etmək lazımdır ki, maddi yardımın göstərilməsində mətbuat orqanları arasında heç bir ayrı-seçkiliyə yol verilməmişdi. 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan digər bir sərəncam da imzaladı. Sərəncama əsasən mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. 2013- cü ildə artıq bu mənzillər pulsuz olaraq öz sahiblərinə veriləcək. Sual oluna bilər: dünyanın hansı ölkəsində dövlət jurnalistləri mənzillə təmin edir? Əlbəttə, Avropaya, o cümlədən Almaniyaya nümunə ola biləcək bu təcrübə yalnız Azərbaycana məxsusdur. Belə olan halda dövlətin müstəqil mətbuata təzyiq göstərməsi barədə fikirlər ancaq ironiya ilə qarşılana bilər.
İddialardan biri də guya xalqın sosial-iqtisadi məsələlərlə bağlı Azərbaycan hakimiyyətindən narazı qalması ilə bağlıdır. Bu da ən azı digər iddialar qədər gülüncdür. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən illər ərzində əhalinin gəlirləri 5,3 dəfə, əmanətləri 16, 4 dəfə artmışdır. Son 8 ildə ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə artmışdır. Ölkəmizdə aparılan rəy sorğularına görə, Azərbaycan əhalisinin böyük əksəriyyəti bu gün də hakimiyyətin siyasətini dəstəkləyir. Ancaq "Guardian" qəzetinin yazdığına görə, 5 Qərbi Avropa ölkəsində - Almaniyada, Fransada, Böyük Britaniyada və Polşada keçirilən rəy sorğusuna əsasən, artıq həmin 5 ölkədə hakimiyyətlərlə xalqlar arasında dərin uçurum yaranıb. Belə ki, sorğuda iştirak edən respondentlərin 89 faizi parlamentarilər də daxil olmaqla dövlət və hakimiyyət nümayəndələrinin dürüst və vicdanlı olduqlarına inanmadıqlarını, onlara etimad göstərmədiklərini bildiriblər. Avstraliyada keçirilən sorğunun nəticələri isə Qərbi Avropada daha acınacaqlı olub və bu ölkədə dövlət və hökumət nümayəndələrinə etimadsız münasibət 93 faiz təşkil edib. Yəni avropalı, o cümlədən almaniyalı siyasətçilərə bir daha xatırlatmaq yerinə düşər ki, təbii olaraq mənfi qiymətləndirdiyiniz korrupsiya, demokratiya ilə bağlı problemlər, hakimiyyət-cəmiyyət münasibətlərindəki mənfi məqamlar sizin ölkələrinizdə də var. Bu problemlərin həm demokratiyası inkişaf etmiş, həm də inkişafda olan ölkələrdə olduğunu kimsə təkzib edə bilməz. Ancaq bundan təzyiq vasitəsi kimi istifadə etmək heç kəsə fayda verməyəcək.
Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer Almaniya dövri mətbuatı, qəzet və radiolara verdiyi müsahibəsində də deyib ki, "demokratiyanın inkişafında zamana ehtiyac var. Bu bir prosesdir və Almaniyanın 20 ildir birləşməsinə baxmayaraq, hələ də burada 100 faiz əminliklə tam demokratiyanın olduğunu heç kəs iddia edə bilməz". Azərbaycanı tənqid edən qurumları Otto Hauser qərəzsiz olmağa və ölkəni yaxından tanımağa çağırıb. Fəxri konsul iki xalq arasında olan bu tarixi münasibətlərin hansısa maraqlar naminə pozulmasının qətiyyən yolverilməz olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Avropa və xüsusilə Almaniya üçün ciddi enerji tərəfdaşıdır. Otto Hauser alman hökumətindən və digər Avropa ölkələrinin rəhbərliyindən Dağlıq Qarabağ probleminin ədalətli həllində Azərbaycana kömək etməyi tələb edib: "İnsan haqlarının pozulmasını Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında da diqqətdə saxlanılmalı və bu barədə qəti addımlar atılmalıdır". Bəli, Avropanın və bütövlükdə müasir dünyanın insanlıq naminə atmalı olduğu addım məhz budur.
Dost Almaniyadan və bəzi Qərb ölkələrindən ünvanımıza səslənən fikirlərə baxmayaraq, Azərbaycan "Eurovision - 2012" mahnı müsabiqəsini təhlükəsiz, beynəlxalq standartlara cavab verən formada keçirəndən sonra artıq rahatlıqla özünü dünyanın bir parçası, inkişaf etmiş, qabaqcıl dövləti kimi tanıtdıracaq. Bu barədə danışan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov haqlı olaraq qeyd etmişdir ki, həmin qüvvələr Azərbaycanın imicinə mənfi zərbə vuran, müxtəlif uydurmalar, müxtəlif təxribatçı materiallar yayaraq, o cümlədən insan haqları, mətbuat, söz azadlığı sahəsindəki vəziyyəti təhrif edərək Azərbaycanı dünyaya qeyri-demokratik dövlət kimi təqdim etməyə cəhd göstərirlər: "Onların bu cəhdləri heç bir nəticə vermədi və verə də bilməzdi. İndi Azərbaycana gələn turistlər, qonaqlar gözləri ilə görəcəklər ki, Azərbaycan cəmiyyəti tolerant cəmiyyətdir, Azərbaycanda siyasi plüralizm tam təmin olunub, respublikada insan hüquqları, vətəndaş cəmiyyəti normaları Avropa ölkələrinin heç birindən geridə deyil. Azərbaycanın gözəl mədəniyyətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın tolerant cəmiyyətini və onun digər dəyərlərini öz gözləri ilə görüb, əlbəttə, o təxribatçı, antiazərbaycan yazıların bilərəkdən uydurulduğunun şahidi olacaqlar".

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında