İki ölkənin vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilmişdir

Son zamanlar Azərbaycan-İran sərhədində fəaliyyət göstərən transsərhəd cinayətkar qrupların aşkarlanması və zərərsizləşdirilməsi, qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması ilə bağlı hər iki ölkənin sərhəd qurumları arasında müxtəlif səviyyələrdə məlumat mübadiləsi intensivləşmiş, sərhəd mühafizəsinin gücləndirilməsi istiqamətində razılaşdırılmış tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, aprel ayı ərzində keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan-İran sərhədindən narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan hər iki ölkənin vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qrup aşkar olunaraq zərərsizləşdirilmişdir.
Məlum olmuşdur ki, qrupun üzvləri gizli üsullardan istifadə etməklə dövlət sərhədindən narkotik vasitələrin İrandan Azərbaycana gətirilməsini təşkil etmişlər.
Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində qrupun Azərbaycan Respublikası (AR) vətəndaşlarından olan 2 üzvü saxlanılmış, onlarla aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İrandan Azərbaycana gətirilmiş narkotik vasitənin müqabilində 2 nəfər Azərbaycan vətəndaşı - Masallı rayon sakinləri Əhmədov Zamin Gülhüseyn oğlu və Məmmədova Həmayıl Məmməd qızı İranın Parsabad şəhristanı Əlirzabad kəndində girovluqda saxlanılır, onların səhhətinə və həyatına ciddi təhlükə yaranmışdır.
Göstərilənləri nəzərə alaraq aprelin 27-də İran sərhəd polisinin aidiyyəti qurumu məlumatlandırılmış, müqabil tərəfdə mütəşəkkil qrup üzvlərinin müəyyənləşdirilərək aşkar edilməsi, zərərsizləşdirilməsi və AR vətəndaşlarının girovluqdan azad edilməsi üzrə birgə tədbirlərin keçirilməsi razılaşdırılmışdır.
İran İslam Respublikasının aidiyyəti qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyd olunan qrupun İran vətəndaşlarından ibarət 4 üzvü törətdikləri cinayətə görə saxlanılmış və girovluqda olan Azərbaycan vətəndaşları azad edilərək mayın 3-də tərəfimizə təhvil verilmişlər.
Tədbirlərin davamı olaraq İran tərəfdən mütəşəkkil cinayətkar qrupun digər üzvləri də aşkar olunmuş və ümumilikdə 7 nəfər saxlanılmış, onlardan silah-sursat və texniki vasitələr, küllü miqdarda narkotik maddə, əntiq əşyalar, cinayət məqsədi ilə istifadə olunan 5 nəqliyyat vasitəsi, 3 mobil telefon və digər maddi sübutlar götürülmüşdür.
Həmin dövrdə Azərbaycan ərazisinə keçirilmiş narkotik vasitə və qrupun digər bir üzvü də saxlanılmışdır.
Faktla bağlı birgə tədbirlər davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında