Şriftin ölçüsü:
18.05.2012 01:07 | Oxunma sayı: 538
Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilmiş, onlardan ümumilikdə 213 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotiklərin qanunsuz daşınması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə ifşa edilmişdir. Əməliyyat tədbirləri zamanı Moskva şəhərində Rusiya Federasiyasının 3 vətəndaşı saxlanılmış, onlardan 209 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür. Faktla bağlı Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi başlanmışdır.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Abdullayeva Mehriban Rəsul qızı, Nəsirli Cavid İbrahimxəlil oğlu, Nəsirova Nəzakət Eynulla qızı və Əskərzadə Kənan Rəfail oğlu saxlanılmış, onlardan 2 kiloqram 741,5 qram heroin aşkar edilərək götürülmüşdür. Məlum olmuşdur ki, Mehriban Abdullayeva, Kənan Əskərzadə, Cavid Nəsirli və onun anası Nəzakət Nəsirova, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Firudin adlı vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq İran İslam Respublikası ərazisində satış məqsədi ilə qanunsuz əldə etdikləri həmin narkotik vasitəni İran istiqamətindən qaçaq yolla Xəzər dənizi vasitəsilə Azərbaycana gətirmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Sadıqova Kəmalə Məhərrəm qızı, Sadıqova İlhamə Məhərrəm qızı, Sadıqova Təranə Məhərrəm qızı və Süleymanov Aslan İsmayıl oğlu ifşa edilmişlər. Məlum olmuşdur ki, adları çəkilən şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Səfər adlı vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda heroini İran istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirmişlər.
Müəyyən edilmişdir ki, Kəmalə, İlhamə və Təranə Sadıqovalar həmin Səfər adlı iranlı ilə cinayət əlaqəsinə girərək, sonuncuya satış məqsədi ilə külli miqdarda heroin sifariş vermişlər. Bundan sonra İlhamə Sadıqova qrupun digər üzvü Aslan Süleymanovla birlikdə, sonuncunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək, İranın Biləsuvar şəhərinə getmiş və orada Səfərlə görüşmüşlər. Səfər adlı iranlı sifariş verilmiş heroinin xüsusi qablaşdırılması məqsədi ilə Aslan Süleymanovdan avtomaşınının ehtiyat təkərini almışdır. Bir gündən sonra həmin iranlı içərisinə külli miqdarda heroini qablaşdırdığı ehtiyat təkəri Aslan Süleymanova təhvil vermişdir. Təranə və Kəmalə Sadıqovalar isə şübhə doğurmamaq üçün İlhamə Sadıqovaya və Aslan Süleymanova dövlət sərhədindən ayrı-ayrılıqda keçərək Azərbaycana qayıtmalarını tapşırmışlar. Tapşırığa uyğun olaraq, Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən İlhamə Sadıqova adi qaydada keçmiş, Aslan Süleymanov isə idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla həmin heroini İrandan Azərbaycana gizli gətirmişdir. Sonradan onlar Bakı şəhərinə gələrkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanmışlar. Avtomaşına keçirilmiş baxış zamanı ehtiyat təkərin içərisindən qrupa məxsus 1 kiloqram 970 qram heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirləri davam etdirilərək qrupun digər üzvləri Kəmalə və Təranə Sadıqovalar da saxlanılmışlar.
Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.