Toy və yas məclislərindəki israfçılığa son qoyulmalıdır

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi "Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsi çərçivəsində keçirilən "dəyirmi masa"nın iştirakçıları dəyərli fikirlər söylədilər, maraqlı, diqqətçəkən təkliflər irəli sürdülər.
Qeyd olundu ki, Azərbaycanda toy və yas mərasimlərinin keçirilməsindəki neqativ hallar, israfçılıq, ifratçılıq artıq hamının diqqətini cəlb edir. Hazırda ictimaiyyəti düşündürən bu məsələnin həlli yolları axtarılır. Hətta, Milli Məclisdə xüsusi komissiya yaradılaraq bu məsələnin həlli yolları araşdırılıb. Ancaq nəticə belə olub ki, məsələ qanun çərçivəsində tənzimlənə bilməz. Belə olan halda qeyri-hökumət təşkilatlarının məsələyə münasibətinin öyrənilməsinin vacibliyi ortaya çıxır.
İnsanların maarifləndirilməsi, təbliğat işlərinin aparılması məsələyə münasibəti dəyişə bilər. Azərbaycan Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə ötürülməsi yolunda fəaliyyətinin bir hissəsi kimi bu məsələyə laqeyd qala bilməzdi. Bu istiqamətdə işə başlayan Ağsaqqallar Şurası mayın 11-də ilk "dəyirmi masa"sını keçirmişdir. Şura məsələni KİV-lər vasitəsilə ictimaiyyətin diqqətinə çatdırıb. Artıq layihənin hesabat dövrü yaxınlaşır və ötən müddət ərzində qəzet və jurnallarda, televiziya kanallarında, informasiya agentliklərinin saytlarında bu məsələ ətraflı təhlil edilib, ictimaiyyətin diqqəti problemin həlli yollarına yönəldilib.
Azərbaycan Ağsaqqallar Şurası layihə çərçivəsində daha bir "dəyirmi masa"nı "Gəncəli-Plaza" otelinin iclas zalında keçirib. Tədbiri AAŞ sədri, akademik Budaq Budaqov açıb və məsələ ilə bağlı çıxış edib. B.Budaqov qeyd edib ki, bu gün insanlar cəmiyyətdə baş verənləri görür və qiymətləndirir: "Hamı şahiddir ki, toy və yas mərasimlərində həddindən artıq ifratçılığa yol verilir. Hətta milli toy görmək arzusu ilə məclislərimizə gələn əcnəbi qonaqlar da ifratçılığı xüsusi vurğulayır və tənqid edirlər. Yüksək istehsal mədəniyyətinə, kapitalizmin diqtə etdiyi qənaət anlayışına ciddi yanaşan xarici vətəndaşlar bu qədər ərzaq məhsulunun məhv edilməsinə ağılsızlıq kimi baxırlar.
Məsələnin aktuallığını diqqətə çatdıran şura sədri Azərbaycan Ağsaqqallar Şurasının milli-mənəvi dəyərlərimizin qoruyucusu missiyasını daşıyıcısı kimi böyük işlər gördüyünü və xeyir-şər mərasimlərindəki ifratçılığın aradan qaldırılmasında da mühüm rol oynayacağına inandığını vurğulayıb. Həyata keçirilən layihənin təkcə 4 ay müddətində deyil, sonralar da davam etdirilməsinin vacibliyinə diqqət yönldilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Nərgiz Cəfərova bildirib ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2010-cu il üçün elan etdiyi müsabiqəyə təqdim olunub. Mövzu ilə əlaqədar mətbuatda yazılar və müsahibələr dərc olunub, bu istiqamətdə aparılan tədbirlər işıqlandırılıb: "Ümumiyyətlə, bu məsələ hazırda çox aktualdır. Təəssüf ki, qədim adətlərimiz müasirlik və dövrə uyğunlaşdırılma adı ilə eybəcər hala salınır. Son zamanlar müasirləşmə, Avropaya inteqrasiya adı altında milli adət-ənənələrin təhrif olunmasının, Qərbdən gətirilən yad ünsürlərin həyat tərzimizə çevrilməsinin, bəzi adətlərimizin unudulduğunun şahidi oluruq. Belə hallar xüsusilə özünü Azərbaycan xalqının ən çox önəm verdiyi xeyir-şər mərasimlərində daha qabarıq büruzə verir."
Belə xoşagəlməz hallara həm toy məclislərində (gəlinlə bəyin geyimi, bəzən zala Avropa musiqisinin sədaları altında girmələri, masalara həddindən artıq nemətlərin düzülməsi, evlənənlərə kömək məqsədilə qədimdən gələn "nəmər" adətinin "pulyığma" alətinə çevrilməsi və s.), həm də yas mərasimlərində (yenə də masaların toy süfrələri kimi cürbəcür naz-nemətlərlə doldurulması, üç, yeddi, cümə axşamları, qırx və il mərasimlərində ifratçılığa varılması, bahalı qəbirüstü abidələrin, başdaşların qoyulmasına və s.) rast gəlirik. İnsanlar da bir-birinin bəhsinə borca düşür, digər neqativ hallarla üzləşməli olurlar.
Layihə hazırlanarkən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanın bir çox bölgələrində, rayon və şəhərlərində (məsələn Naxçıvan MR, Tovuz, Saatlı, Sabirabad və s.) xeyir-şər mərasimlərinə ciddi nəzarət var. Bunun nəticəsində də yas mərasimlərində süfrələrdə ehsan kimi yalnız çay və halva verilir, üç və cümə axşamları kimi əlavə xərc tələb edilən məclislər isə yeddi məclisi ilə birləşdirilir. Bu, əhali tərəfindən razılıqla qarşılanır. Çünki əhalinin varlı təbəqəsi öz imkanlarını nümayiş etdirmək üçün hər cür naz-nemət düzülmüş süfrələr açaraq ehsan verir, kasıb təbəqənin nümayəndələri isə el içində qınaq sahibi olmamaq üçün borca düşməyə məcbur olurlar. Eləcə də toy məclislərinə ciddi nəzarət sahəsində süfrələrə yalnız milli yeməyimiz olan aş və başqa bir yemək verilir.
Nərgiz Cəfərova sonda vurğuladı ki, layihənin icrası üçün nəzərdə tutulmuş vaxt ərzində insanların həyat tərzini dəyişəcək işləri başa çatdırmaq mümkün deyil. Ancaq təbliğat işlərini gücləndirməklə şüurlara təsir etmək, düşüncələri az da olsa dəyişmək olar. Xüsusilə ölkəmizdə ağsaqqal sözünün daim yüksək tutulduğunu nəzərə alsaq, tanınmış ziyalıları, elm və din xadimlərini öz sıralarında cəmləşdirən Azərbaycan Ağsaqqallar Şurasının bu işə qoşulması təqdirəlayiq haldır. Layihənin əsas məqsədi Azərbaycan xalqının qədim adət-ənənələrinin təhrif olunmadan, ifratçılığa varılmadan, insanlara ziyan verilmədən təbliğ olunması, gənc nəslə ötürülməsidir.
Azərbaycan İqtisad Universitetinin professoru Zahid Məmmədov, AAŞ dini dəyərlər komissiyasının sədri Məmmədəli Abasov, Milli Kulinariya Mərkəzinirn rəhbəri Tahir Əmiraslanov, etnoqraf alim Solmaz Səttarova, Ukrayna İnşaat Akademiyasının akademiki, Memarlıq və İnşaat Universitetinin professoru Telman Əliyev, Xocavənd Rayon Ağsaqqallar Şurasının sədri Novruz Quliyev, professor Ənvər Xudiyev və başqaları çıxış edərək məsələ ilə bağlı fikirlərini bildirdilər.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti", Azərbaycan Ağsaqqallar Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında