"İki sahil" qəzeti iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş xüsusi buraxılış hazırlamışdır
Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin qurulmasına və inkişafına xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar bir-birini əvəzləməkdədir. Azərbaycan-ABŞ diplomatik əlaqələrinin qurulmasının 20 illiyi fonunda bu reallıq bir daha təsdiqlənir ki, münasibətlərdə qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlayan ölkəmiz 20 illik müstəqillik tarixində etibarlı tərəfdaş imici qazanmış və bu mövqeyini günbəgün möhkəmləndirməkdədir.
"İki sahil" qəzetinin Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə hazırlanmış 100 səhifəlik xüsusi buraxılışı keçilən yola nəzər salmaqla, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri əks etdirən maraqlı yazıları, rəngarəng şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir.
"Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" xüsusi buraxılışının ikinci səhifəsində qeyd olunan Prezident İlham Əliyevin "Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Biz strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsində tərəfdaşlığımıza daim töhfə vermək əzmindəyik", ABŞ Prezidenti Barak Obamanın "Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. ABŞ regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir" fikirləri iki ölkə arasında münasibətlərin bugünkü və gələcək inkişafına bələdçilik edir.
Xüsusi buraxılışda 2012-ci il 24-26 aprel tarixlərində Vaşinqton şəhərində keçirilən "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış" beynəlxalq konfransında Azərbaycan nümayəndə heyəti üzvlərinin dəyərli çıxışlarının, eyni zamanda, ABŞ təmsilçiləri tərəfindən söylənilmiş fikirlərin ölkə ictimaiyyəti üçün daha böyük maraq kəsb etdiyi nəzərə alınaraq, onların geniş şəkildə təqdim olunmasının zəruriliyi diqqətə çatdırılır.
"ABŞ-Azərbaycan münasibətləri regional təhlükəsizlik və terrorizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir" mövzusunda çıxışında ABŞ-ın Luiziana ştatının qubernatoru Bobbi Cindal Azərbaycan və Amerika xalqlarına əlamətdar hadisə münasibətilə təbrikini çatdıraraq bildirir ki, Azərbaycan kimi Luizianada da neft və qaz istehsalatın əsas hissəsidir. Dünyanın ölkənizin və bizim ştatımızın neft və qaz ehtiyatlarına ehtiyacı vardır. Mən həqiqətən inanıram ki, biz dünyamızı enerji ilə təmin edirik. Çıxışın sonunda B.Cindal bildirmişdir: "Sizin neft və qaz şirkətinizlə çox yaxşı müzakirələrimiz oldu. Sizin də neft-kimya sənayesinə investisiya yatırmaq sahəsində bizim gördüyümüz bir çox işləri həyata keçirdiyinizi görmək sevindirici amildir. Biz birgə işləmək, texnologiyaları, təcrübələri bölüşmək istiqamətində müzakirələr apardıq".
İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov ötən 20 il ərzində ölkələrimiz arasında münasibətlərin inkişafı, əldə olunan uğurlar və qarşıda duran vəzifələr barədə danışmışdır. Komissiyanın üçüncü iclasında aviasiya sahəsində Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran S.Şərifov ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün imkanların genişləndirilməsinin vacib olduğunu, bu baxımdan "Azadlığa Dəstək Aktı"na edilmiş "907-ci düzəliş"in strateji münasibətlərin ruhunu əks etdirmədiyini və daha geniş əməkdaşlığa mane olduğunu bildirmişdir. Nazir, eyni zamanda, ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa humanitar yardımın ayrılmasının ABŞ-ın rəsmi mövqeyi ilə uzlaşmadığını vurğulamışdır. S.Şərifov humanitar məqsədlə ayrılmış yardımın birtərəfli qaydada deyil, Dağlıq Qarabağın azərbaycanlı icmasının da nəzərə alınmaqla ayrılmasının vacibliyini qeyd etmişdir.
"Azərbaycanın demokratik ölkə, regional və qlobal lider kimi inkişafına inanırıq" mövzusunda çıxışda ABŞ Administrasiyasının rəsmi təmsilçisi, dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin ABŞ-Azərbaycan diplomatik əlaqələrinin yaradılmasının 20 illiyi ilə bağlı bir sıra məqamlara toxunaraq bildirmişdir ki, görün nə qədər yol gəlmişik, Azərbaycan bizə nə qədər yaxın olmuşdur. "Hesab edirəm ki, o günləri xatırlamaq bu əlaqələrin yaradılmasına töhfə vermiş və burada iştirak edən hər bir insanda şəxsi məmnunluq hissi yaradır. Bu konfrans da onu göstərir ki, ABŞ-Azərbaycan əlaqələri rəsmi Vaşinqtonun bütün strukturlarında mühüm yer tutur. ... Bugünkü konfrans da bu əlaqələrin gələcəyinə ümidlə baxmağa əsas verir". Çıxışda bu fikir də əminliklə ifadə olunmuşdur ki, Azərbaycan həmişə Birləşmiş Ştatların dostu və tərəfdaşı olacaqdır.
Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov ABŞ ilə Azərbaycan arasında bir çox oxşarlığın olduğunu önə çəkərək, bu sırada tolerantlığı xüsusi vurğulamış, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini, irəlidə daha böyük işlərin olduğunu bildirmişdir.
Oklahomanın keçmiş dövlət katibi Syuzan Savic ştat ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinə görə qürur duyduğunu bildirmişdir: "... Biz fəxr edirik ki, Azərbaycanla ölkəmiz və ştatlarımız arasında mühüm strateji, iqtisadi, mədəni və təhsil əlaqələrinin yaradılmasına öz töhfəmizi veririk".
Milli Məclisin beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ ilə Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu, konfransın başlıca məqsədinin mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarət olduğunu vurğulamışdır.
ABŞ Senatının üzvü Çak Şumers "Biz Azərbaycan xalqı ilə möhkəm dostluq qurmuşuq", ABŞ Konqresinin üzvü Stiv Koen "Azərbaycan xalqı tolerantlığı ilə digər xalqlara nümunədir", Konqresin digər üzvləri Bill Kəssidi, Ted Po, Qreq Harper, Şeyla Cəkson Li "Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır", "Azərbaycan Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur", "İnanıram ki, güclü və inkişaf edən Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaqdır", "SOCAR-ın enerji təminatında artan rolunu yüksək dəyərləndirirəm" söyləməklə iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan qlobal enerji tələbatının ödənilməsi və dünya bazarlarında sabitliyin bərqərar olmasında mühüm rol oynayır. ABŞ-ın Azərbaycanla tərəfdaşlığını davam etdirərək Xəzər hövzəsinin etibarlı enerji istehsalçısı kimi qalmasını təmin etmək olduqca vacibdir.
Konfrans işini sessiyalar üzrə davam etdirmişdir. "ABŞ-Azərbaycan tərəfdaşlığının iki onilliyi: 20 illik birgə fəaliyyətin dərsləri" adlanan birinci sessiyaya moderatorluğu Almaniyanın Marşal Fondunun rəhbəri Coşua Uoker etmişdir.
Atlantik Şurasının Dinu Patrisiu Avrasiya Mərkəzinin direktoru Ross Uilson "Azərbaycan mənim qəlbimdə xüsusi yer tutur" mövzusunda çıxış edərək bildirmişdir ki, problemləri həll etmək, liderlərlə, xüsusən Birləşmiş Ştatların böyük dostu olmuş Prezident Heydər Əliyevlə səmərəli işləməyi öyrəndim.
Xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev ikitərəfli münasibətlərin bugünkü inkişafından bəhs etmişdir. Ölkənin beynəlxalq münasibətlərdə əldə etdiyi uğurları diqqətə çatdıran H.Paşayev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq birlik tərəfindən dövlətimizin əhəmiyyətinin təsdiqi kimi qeyd etmişdir.
ABŞ dövlət katibi köməkçisinin sabiq müavini, Milli Təhlükəsizlik Şurasının direktoru Devid Merkel "Azərbaycan ABŞ üçün strateji əhəmiyyətli məsələlərdə mühüm rol oynayır", "Heritage" Fondunun Rusiya və Avrasiya tədqiqatları və Beynəlxalq Enerji Siyasəti üzrə baş tədqiqatçısı Ariel Koen "Azərbaycan Şimal və Cənub, Şərq və Qərb ticarətinin Qafqazdakı əsas oxudur", ABŞ Konqresinin üzvü Qreqori Miks "Azərbaycana "Eurovision - 2012" mahnı müsabiqəsinə ev sahibliyi etməkdə uğurlar arzulayıram", ABŞ Konqresinin üzvü Trent Frenks "Bu gün ABŞ və Azərbaycanın birlikdə olması çox mühümdür" mövzularında çıxışlar edərək bildirmişlər ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri inanılmaz uğurlar və irəliləyiş əldə etmişdir. Azərbaycan ABŞ-ın milli maraqları üçün çox əhəmiyyətlidir. ABŞ-da Azərbaycana, xalqımıza, onun bölgədə nümayiş etdirdiyi cəsarətə rəğbət vardır.
"ABŞ-Azərbaycan tərəfdaşlığının əsas aspektləri: Xəzər hövzəsində enerji təhlükəsizliyi" adlı ikinci sessiyanın moderatoru Ceymstaun Fondunun Avrasiya Proqramının baş tədqiqatçısı Vladimir Sokor Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının nailiyyətlərindən danışmışdır. "Azərbaycan ixrac-nəql layihələrində mərkəzi qitələrarası birləşmə həlqəsi olmaqla çıxış nöqtəsinə çevrilməkdədir" mövzusunda çıxışında bildirmişdir ki, Azərbaycanın idarəetmə baxımından uğurlu tarixi vardır. Ölkədə sabitlik hökm sürür. Hökumət və Prezident müasirləşmənin ən əsas elementi olan inam qazanmışlar. Müasir milli dövlətin inkişafı üçün ilkin şərtlər azadlıq və stabillikdir.
bp şirkətinin beynəlxalq məsələlər üzrə baş direktoru Qreq Sanders "Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni dağılmaqdan xilas etdi" mövzusunda çıxışında səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkib. Azərbaycanda yaradılan sabitliyin və normal biznes mühitinin fonunda xarici şirkətlərlə imzalanan sazişlər, ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verən ARDNŞ-in keçdiyi inkişaf yolu çıxışda ətraflı şərh olunmuşdur. Xüsusi qeyd edilmişdir ki, SOCAR ilə tərəfdaşlıq Azərbaycana sərmayə yatırmaq arzusunda olan şirkətlər üçün möhkəm, etibarlı və uzaqgörən yol ilə bu məqsədlərin həyata keçirilməsinə təkan verir. SOCAR Azərbaycan kimi illərlə inkişaf etmişdir. Şirkətin bu gün kifayət qədər peşəkar heyəti vardır.
"20 illik əməkdaşlıq hər iki tərəf üçün uğurlu olmuşdur" mövzusunda çıxış edən ABŞ Ordusu Kollecinin Strateji Araşdırmalar İnstitutunun professoru Stefen Blank bildirmişdir ki, Azərbaycan Sovet İttifaqının tərkibində olan zaman müsəlman ölkələri arasında qərbyönümlülüyü və müasirliyi ilə seçilirdi.
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın neft-qaz sənayesinin zəngin tarixə malik olduğunu önə çəkərək, dünya neft sənayesinin mühüm mərhələlərinin ölkəmizlə bağlı olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolundan bəhs edən vitse-prezident həyata keçirilən beynəlxalq əhəmiyyətli enerji layihələrindən, Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivindən söz açmış, bu birliyin əbədi olacağına inamını ifadə etmişdir.
ABŞ Senatının üzvü Kirsten Gillibrand "Dövlətimiz üçün yeni potensial imkanların olmasını görmək çox yaxşıdır", ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər üzrə komitəsinin sədri İleana Ros-Lehtinen "Sülhün bərqərar olması, insanların dinc yaşaması üçün birgə işləməliyik", Missisipi Ştatının sabiq qubernatoru Heyli Barbur "Amerika sizi hər zaman müttəfiq və dost hesab edəcəkdir" mövzularında çıxışlarında qeyd etmişlər ki, yanacaq ehtiyatlarının kəşfiyyatı və işlənməsi, xüsusən onların dünya bazarlarına daşınması sahəsində Azərbaycanın rolu gündən-günə artır. 2006-cı ildə istifadəyə veriləndən bəri BTC neft kəməri Avropanı və dünyanı yanacaqla təmin edən əsas daşınma vasitəsinə çevrilmişdir.
"Tolerantlığın və mədəniyyətlərarası dialoqun inkişafı: Azərbaycan modeli" adlanan üçüncü sessiyada Azərbaycan katolik icmasının rəhbəri Vladimir Fekete respublikamızda hökm sürən tolerantlıqdan söz açaraq, Azərbaycan xalqına xas olan bu mühüm dəyərin əbədi yaşamasını diləmişdir. Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Azərbaycan pravoslav yeparxiyasının başçısı Aleksandr İşeyin, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, müstəqil Azərbaycanın bütün dinlərə eyni cür diqqət göstərdiyini bildirmişlər.
Sessiyanın moderatoru Çikaqo Universitetinin İslam üzrə professoru və Mədəniyyətlərarası Tədqiqatlar Departamentinin rəhbəri Skott Aleksandr etnik və dini dözümlülüyün Azərbaycan xalqına hər zaman xas olduğuna diqqət çəkmişdir.
Con Hopkins Universiteti Mərkəzi Asiya-Qafqaz İnstitutunun və "İpək yolu" Araşdırmalar Proqramının tədqiqatçı direktoru Svante Kornell "Azərbaycanda etnik mənsubiyyət anlayışından çox vətəndaş anlayışı inkişaf edib", Hayfa Universitetinin siyasi elmlər üzrə professoru Brenda Şaffer "ABŞ Azərbaycanı dövlət-din münasibətləri baxımından nümunəvi ölkə kimi qiymətləndirir" mövzularında çıxışlarında bildirmişlər ki, ABŞ Azərbaycanı dövlət-din münasibətləri baxımından nümunəvi ölkə kimi qiymətləndirir.
Milli Məclisin üzvü, Avratlantika Mərkəzinin rəhbəri Asim Mollazadə Azərbaycanın bir çox sahələrdə ilklərə imza atdığını bildirərək, bunun səbəbinin tolerantlıqda axtarmalı olduğunu qeyd etmişdir.
ABŞ Nümayəndələr Palatasının sabiq üzvü Maykl MakMəhon "Azərbaycanda ayrı-ayrı dini icma və millətlər sülh şəraitində bərabər imkanlarla yaşayırlar" mövzusunda çıxış edərək bildirmişdir ki, Bakının ev sahibliyi etdiyi möhtəşəm beynəlxalq tədbirlər də Azərbaycanın bir daha yüksək tolerantlığa və mədəniyyətlərarası dialoqa böyük diqqət göstərdiyinin bir nümunəsidir.
Xüsusi buraxılışın son səhifəsində hər iki ölkənin dövlət başçılarının münasibətlərin inkişafı ilə bağlı fikirləri bir daha qeyd olunmuşdur. Həmin tezislərdə bu əminlik ifadə olunmuşdur ki, dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, istər ikitərəfli, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi yolunda səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.