Metanol ekoloji cəhətdən təmiz enerji mənbəyidir

Ümumdünya metanol əməliyyatlarında ətraf mühitin mühafizəsi sahəsində ən yüksək standartların tətbiqini təşviq etmək missiyasını üzərinə götürmüş ABŞ-ın Metanol İnstitutu metanolun ekoloji və enerji üstünlüklərini mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırır. İnstitut həmçinin metanolun ətraf mühit üçün əlverişli həll yolu kimi tətbiqinə dair son məlumatları paylaşmaqdadır.
Metanol və onun ətraf mühitə təsiri
Dünyanın Casio, Panasonic, Toshiba və Sony kimi aparıcı şirkətləri artıq mobil telefonlar və noutbuklar üçün metanolla işləyən yanacaq elementlərinin və akkumulyatorların istehsalına başlayıb. Son illər inkişaf etmiş ölkələrdə avtomobillərdə yanacaq kimi metanoldan geniş istifadə olunur. Çində və ABŞ-da artıq elə yanacaq növləri hazırlanıb ki, bunların bir hissəsini metanol təşkil edir. Bu cür yanacağın ətraf mühit üçün ziyanı daha azdır və adi benzin və dizellə müqayisədə ekoloji cəhətdən daha faydalıdır. Dünyanın bir çox tanınmış alimləri metanola gələcəyin energetikasının vacib hissəsi, benzinin və dizelin potensial əvəzedicisi kimi baxırlar.
Metanol təbiətdə təbii halda rast gəlinən, ətraf mühitdə mövcud olan, bioloji cəhətdən parçalanan spirtdir və ona hətta kosmosda da rast gəlinə bilər. Metanol təbii şəkildə müxtəlif bitki və heyvanların parçalanma prosesində formalaşır və biz onunla, demək olar ki, hər gün meyvələr, şirələr və hətta şərab vasitəsilə təmasda oluruq. Doğrudur, böyük miqdarda metanol insan orqanizminə düşdüyü təqdirdə zəhərləyici təsir göstərə bilər. Ancaq təbiətdə geniş yayılmış bu molekul bioloji cəhətdən tez parçalandığından ətraf mühitə atıldıqda çox zəif təsirə malik olur.
Metanol ətraf mühitə atıldıqda o, sürətlə digər tərkib hissələrinə ayrılır, suda tamamilə həll olunur və bir sıra müxtəlif bakteriyalar üçün qidalanma mənbəyinə çevrilir. Buna görə də çox vaxt sənayenin müxtəlif sahələrində, məsələn, sutəmizləmə qurğularında azotun çirkab sulardan ayrılmasına kömək üçün və ya neft və qaz mədənlərində antifriz və korroziya inhibitoru kimi metanol tətbiq olunur.
Ətraf mühitin mühafizəsi sahəsində məsləhətçi şirkət kimi fəaliyyət göstərən Malcolm Pirnie "Ətraf mühitdə metanolun davranışının və daşınmasının qiymətləndirilməsi" başlığı altında tədqiqat nəşr etdirmişdir. Bu tədqiqatlarda metanolun müxtəlif ssenarilər üzrə atılması zamanı ətraf mühitə olan təsir nəzərdən keçirilir. Tədqiqat zamanı laborator analiz və çöl araşdırmaları üsullarından istifadə edilmiş, ətraf mühitdə metanolun davranışının və daşınmasının qiymətləndirilməsi üçün isə kompüter modelləşdirməsi tətbiq olunmuşdur. Həmin tədqiqatın nəticələrinə görə, "metanol torpağa, qrunt və səth sularına axdıqda o, həm aerob, həm də anaerob şəraitdə bioloji cəhətdən sürətlə parçalanır".
Bu tədqiqata əsaslanaraq "Exponent" elmi və mühəndis-konsaltinq şirkəti növbəti araşdırma aparmış və bu araşdırmada metanolun təbii qazın bərpası prosesində alınan hidroqırılma mayelərində spesifik tətbiqi öyrənilmişdir. Araşdırmanın nəticəsi olaraq dərc edilmiş "Metanolun hidroqırılma mayelərində tətbiqi" adlı rəsmi nəşrdə sənaye tətbiqinin bu sahəsi ilə bağlı spesifik ssenarilər nəzərdən keçirilir. Həmin nəşrdə alimlər belə qənaətə gəliblər ki, metanol bu cür situasiyalarda bioloji cəhətdən sürətlə parçalanır və ətraf mühitə atılarkən insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərmir.

{nl}

K.OQTAYOĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında