Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran mediasında Azərbaycana qarşı ittihamlara münasibət bildirmişdir

Son vaxtlar İran İslam Respublikasının media məkanında siyasi əxlaq və milli-mənəvi dəyərlərə uyuşmayan, dövlətlərimiz arasında dost-qonşuluq münasibətlərinə kölgə salan təbliğat və təşviqat ünsürlərinə rast gəlinir. Qəbuledilməz haldır ki, aksiyalarda yüksək nüfuz sahibi olan şəxslərin ünvanına Azərbaycanın və İranın mentalitetlərinə yaraşmayan şər-xəta sözlər səsləndirilir.
Bu fikirlər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda əksini tapmışdır.
Məlumatda bildirilir ki, belə bir informasiya gərginliyinin yaradılmasında erməni mənşəli veb-saytların qızışdırıcı rolu və ondan alışan etirazlarda ilk növbədə qonşu soydaşlarını qarşı-qarşıya qoymaq istəyənlərin məkrli məqsədi aydın sezilsə də, təəssüf ki, qarşı tərəfdə bu niyyətə rəvac verənlər tapılır.
Yayılmış məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının rəsmi şəxsləri İran İslam Respublikasına mehriban qonşuluq və dost münasibətini siyasi mövqe olaraq dəfələrlə açıqlamışlar. Bu günədək İran İslam Respublikasının rəsmi şəxsləri bunun əksini sübut edəcək heç bir faktla çıxış etməmişlər. Ona görə də çoxəsrlik əlaqələrimizin perspektivini yox etmək məqsədi güdən bəzi qurumların və milli mənəviyyat düşmənlərinin əlində təbliğat alətinə çevrilmək yetər. Azərbaycan Respublikası dünyəvi dövlətdir. Onun həm yaxın, həm də uzaq qonşuları vətəndaşlarımızın bu seçiminə hörmət etməlidirlər. Bizim dünyəviliyimizdə o da var ki, dövlətimiz Azərbaycan milli-dini dəyərlərinə yad nə isə bir şərəfsizliyin onun ərazisində baş tuta biləcəyinə göz yuma bilməz.
Məlumatda vurğulanır ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müxtəlif dinc formalardan istifadə edir. "Eurovision-2012" məhz həmin mübarizənin tərkib hissələrinə güc verəcək bəşəri formatlı tədbirdir. Mədəniyyətlərarası dialoqda ən faydalı üsullardan biri - dinc, yanaşı yaşamaq məkanı kimi örnək olan bir dövlətə qarşı edilmiş təcavüzün mahiyyətini və istiqamətlərini müəyyənləşdirməkdə çətinlik çəkən, ona biganə qalan, yaxud tərəddüd edən milyonlarla insanın sosial-siyasi mövqeyinin obyektivcəsinə müəyyənləşdirilməsində ən kütləvi və təsiredici formadır. Bunun olduğu kimi görünməsini istəməyənlərin mövqeyi və hərəkətləri ancaq acı təəssüf doğurur. Əminik ki, bu gün respublikamızın və vətəndaşlarımızın, o cümlədən çoxmilyonlu soydaşlarımızın sağlam mənəviyyatına və mövqeyinə kölgə salmağa cəhd edənlər çox qısa zamanda rüsvay olacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında