"Bərdə" gəmi - bərəsi Xorvatiyada suya buraxılmışdır

Mayın 10-da Xorvatiyanın Pula şəhərindəki "Ulyanik" tərsanəsində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən "Bərdə" gəmi-bərəsinin təntənəli suyasalınma mərasimi keçirilmişdir.
Gəmiçiliyin informasiya və mətbuat şöbəsindən aldığımız məlumatda bildirilir ki, əsl bayram əhval-ruhiyyəsi duyulan mərasimdə Gəmiçiliyin rəisi Aydın Bəşirovun rəhbərliyi altında nümayəndə heyəti, Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev, Pula şəhərinin meri Boris Milatiç, "Ulyanik"in idarə heyətinin üzvləri, tərsanənin mütəxəssisləri iştirak etmişlər. Azərbaycan nümayəndələrini böyük səmimiyyətlə qarşılayan xorvatiyalılar balkanlılara məxsus qonaqpərvərlik nümayiş etdirmişlər. Azərbaycanla Xorvatiyanın siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafı, bu istiqamətdə istər hər iki ölkə rəhbərlərinin, istərsə də iş adamlarının göstərdiyi səylər çıxışların əsas mövzusu olmuşdur.
"Ulyanik"in idarə heyətinin sədri Marinko Brdiç Avropada hökm sürən qlobal iqtisadi böhran şəraitində məhz Pulada sifariş yerləşdirən Azərbaycan dövlətinə minnətdarlığını bildirmiş, bu əməkdaşlığın iş yerlərinin qorunub saxlanması, inşaat prosesində yeni texnologiyaların tətbiqi baxımından tərsanəçilər üçün əvəzsiz olduğunu vurğulamışdır.
Ölkəmizin Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev iki ölkə arasında qarşılıqlı, faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinin Azərbaycan və Xorvatiyanın dövlət başçıları İlham Əliyev və İvo Yosipoviçin diqqət mərkəzində olduğunu söyləmişdir. O, Xorvatiya prezidentinin Bakıya mart ayında baş tutmuş rəsmi səfərinin yekunlarının, o cümlədən vizasız gediş-gəliş haqqında razılaşmanın tarixi əhəmiyyətini qeyd etmişdir.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov ötən ilin noyabrında təməli qoyulmuş gəminin altı aydan da az bir müddətdə suya salınmasını Xorvatiya tərsanəçilərinin böyük nailiyyəti kimi qiymətləndirmişdir. Gəmiçiliyin nəqliyyat donanmasının mütəmadi olaraq təzə gəmilərlə zənginləşməsini Azərbaycan Prezidenti İlham Əliyevin dəniz nəqliyyatına xüsusi diqqəti kimi dəyərləndirən gəmiçilik rəisi dövlət qayğısına görə dərin minnətdarlığını bildirmişdir. "Azərbaycan dənizçiləri ilə Xorvatiya tərsanəçilərinin əməkdaşlığı, demək olar ki, otuz illik tarixə malikdir. 1984-86-cı illərdə "ulyanik"də 8 gəmi-bərə inşa edilərək Xəzər dənizçilərinə təhvil verilmişdir. O vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə bu bərələrin hamısı Bakıya gətirilmişdir. Həmin gəmilər bu gün də Avropa- Qafqaz-Asiya nəqliyyat dəhlizində uğurla istismar edilir, Azərbaycandan Qazaxıstana və Türkmənistana, habelə əks istiqamətə müxtəlif yüklər daşıyır. Bu gün Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilir. Ölkə rəhbəri daim dəniz nəqliyyatının problemləri ilə maraqlanır, donanmanın təzələnməsində dənizçilərə əməli kömək göstərir. Yeni bərələrin məhz Pulada sifariş verilməsi Azərbaycan Prezidentinin xidmətidir.
Xəzər Dəniz Gəmiçiliyinin sifarişinin təkcə "Ulyanik" tərsanəsi üçün deyil, həm də bütün Pula şəhəri üçün böyük önəm daşıdığını ifadə edən çıxışlardan sonra Gəmiçiliyin əməkdaşı Yeganə Dadaşova "Bərdə"nin suya salınmasına xeyir-dua vermiş və rəmzi kəndiri kəsmişdir.
Azərbaycanın ən böyük rayonlarından birinin adını daşıyan gəmi-bərə dövlət himnimizin müşayiəti altında möhtəşəm bir əzəmətlə Adriatik dənizinin qoynuna enmişdir. Respublikamızın dövlət bayrağının rənglərini təmsil edən şarlar, bənzərsiz musiqi incimiz olan "Sarı gəlin"in sədaları mərasimə təntənəli gözəllik vermişdir.
"Bərdə" ilə paralel tikilən "Balakən" bərəsi təxminən bir ay sonra suya buraxılaçaq, hər iki gəmidə tamamlama və quraşdırma işləri aparılır, onlar avqust- sentyabr aylarında təhvil veriləcək. Bərələrin oktyabr- noyabr aylarında doğma limana - Bakıya gətirilməsi nəzərdə tutulmuşdur. Uzunluğu 154,8 metr, eni 17,5 metr, dedveyti 5000 ton olan bərələr əvvəlkilərdən fərqli olaraq 54 dəmiryol vaqonu götürəcək. Dəniz nəhəngləri əsasını ulu öndər Heydər Əliyevin qoyduğu Böyük İpək yolunda respublikamız üçün əhəmiyyətli yüklərin nəqlində böyük rol oynayacaq.

{nl}

T. AYDINOĞLU "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında