Bərəkətli Muğan torpağının hər qarışında ulu öndər Heydər Əliyevin nəfəsi və hərarəti duyulurdu
{nl}
Sabirabadlılar həmişə xatirəsini ehtiramla yad etdikləri, adını uca tutduqları ulu öndər Heydər Əliyevin növbəti doğum gününü - anadan olmasının 89-cu ildönümünü yüksək coşqu və həvəslə qeyd etdilər. Ümummilli liderin abidəsi önünə tər gül dəstələri qoyulduqdan sonra Heydər Əliyev Mərkəzində tədbir keçirildi.
Dahi rəhbərin mənalı həyat yolu, möhtəşəm fəaliyyəti barədə məruzə edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etdi ki, 1923-cü ildə Naxçıvan diyarında dünyaya göz açan Heydər Əliyev bütün həyatını doğma Azərbaycanının tərəqqisi və inkişafına həsr etmişdir. Onun ölkəyə rəhbərliyinin hər iki dönəmi, qətiyyətlə demək olar ki, respublikamızı gerilikdən, səfalətdən xilas etmiş, işıqlı və rahat bir yola çıxarmışdır. Ulu öndərin SSRİ adlı bir imperiyanın tərkibində olan Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-82-ci illəri yaxın keçmişimizin "qızıl dövrü" adlandıran icra başçısı vurğuladı ki, Heydər Əliyevin həmin dövrdəki fəaliyyəti, eyni zamanda, müstəqilliyimizin də təməlini qoymuşdur. Ulu öndər əvəzsiz bir xəzinə, alternativi olmayan bir şəxsiyyətdir və onun ideyalarını hazırkı dövlət başçısı İlham Əliyev ləyaqətlə həyata keçirir.
N.İsmayılov bildirdi ki, ulu öndər həmişə Sabirabada ehtiram göstərmişdir. Onun 15 dəfə bu rayonda olması məhz bu ehtiramın göstəricisidir və sabirabadlılar bu səfərləri həmişə ən xoş duyğularla xatırlayırlar.
Sonra "Böyük ömrün anları" sənədli filmi nümayiş etdirildi.
Heydər Əliyev Fondunun hədiyyəsi
Heydər Əliyev Fondunun rayona 4 ədəd "İsuzi NP37" markalı avtobus hədiyyə etməsi isə sabirabadlıların bayram sevincinə daha bir sevinc qatdı. Bundan əlavə, fond tərəfindən "Təmiz şəhər" layihəsi çərçivəsində rayona daha 2 ədəd müasir ixtisaslaşdırılmış məişət tullantıları daşıyan avtomaşın bağışlanmışdır. Sabirabad-Qaraqaşlı, Sabirabad-Həşimxanlı, Sabirabad-Muradbəyli, Mərkəzi Xəstəxana-Olimpiya Kompleksi marşrutları üzrə əhaliyyə xidmət göstərəcək avtobusların və rayonun təmizliyində istifadə ediləcək avtomaşınların açarlarını sürücülərə təqdim edən başçı bu dəyərli hədiyyələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya sabirabadlılar adından minnətdarlığını bildirdi.
YAP Sabirabad rayon təşkilatı üçün yeni bina
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni binasının təməlqoyma mərasimi də xoş əhval-ruhiyyədə keçdi. Məlumat verildi ki, üç mərtəbədən, 756 kvadratmetr ümumi sahədən ibarət olan binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı vestibül-muzey və dahi rəhbərin büstü, 120 nəfərlik konfrans zalı, ikinci mərtəbədə rayon təşkilatı sədrinin iş və qəbul otaqları, müşavirə zalı, üçüncü mərtəbədə isə əməkdaşlar üçün on xidməti otağın tikintisi nəzərdə tutulmuşdur. Tədbirdə çıxış edənlər bildirdilər ki, ulu öndərin yaratdığı YAP bu gün olduğu kimi, gələcəkdə də Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanması və tərəqqisi naminə Heydər Əliyev ideyalarına sadiq qalacaq.
Sabir adına məktəb yenidən tikilir
1959-cu ildə inşa olunan və görkəmli şairimiz Mirzə Ələkbər Sabirin adını daşıyan 1 saylı şəhər tam orta məktəbinin tarixində unudulmaz günlər çox olsa da, şübhəsiz ki, bunlardan ən əlamətdarı, xatirələrdə yaşayanı ulu öndər Heydər Əliyevin 1974-cü il may ayının 25-də bu məktəbdə son zəng şənliyində iştirak etməsidir. Məktəbin yeni binasının təməlinin Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü günündə qoyulması da təsadüfi deyil. Rayonun mötəbər seyidlərindən Mirhəmid Məmmədovun xeyir-duası ilə təməli qoyulan yeni məktəb binasının ümumi sahəsi 12400 kvadratmetr, tikinti sahəsi 2512 kvadratmetr, həcmi isə 35590 kubmetrdir. Biri 3, üçü isə 4 mərtəbəli 4 korpuslu, 1200 şagird yerlik yeni məktəb binası 60 sinif otağından, 6 laboratoriyadan, akt və idman zallarından (162 kvadratmetr), kitabxanadan, 2 müəllimlər otağından və böyük idman meydançasından ibarət olacaqdır. Bu cür müasir məktəblərin tikilməsini ölkəmizdə təhsil sahəsinə xüsusi diqqət və qayğının təzahürü kimi qiymətləndirən RİH başçısı N.İsmayılov ölkə rəhbəri İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etdi, gələcəkdə bu tədris ocağında təhsil alacaq şagirdlərə davranışda və biliklərə yiyəlnməkdə nümunəvi və öncül olmağı arzuladı.
Bu təhsil müəssisəsinin "Tərəqqi" medalı ilə təltif olunmuş müəllimi Hafiz Qasımov təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirdi, məktəbin yenidən tikilməsi üçün rayon rəhbərinin təşəbbüskarlığını və səylərini xüsusi vurğuladı.
Ömrünü bu məktəblə bağlamış təqaüdçü müəllim, M.Ə.Sabirin nəticəsi Rasimə Möhsünzadə bu günün onun üçün əsl bayram olduğunu dedi. Ən böyük arzusunun yeni təməli qoyulan məktəbdə ilk dərsi keçmək olduğunu bildirən qocaman müəllimə şagirdlərə öz məktəblərini göz bəbəyi kimi qoruyub saxlamağı tövsiyə etdi, ölkə başçısına və xanımına, həmçinin rayon icra hakimiyyətinin başçısına minnətdarlığını bildirdi. Bir sözlə, mayın 10-da Sabirabada, doğrudan da, əsl bayram ab-havası hakim kəsilmişdi. Bərəkətli Muğan torpağının hər qarışında 89 yaşlı müdrik və əbədiyaşar Heydər Əliyevin nəfəsi və hərarəti duyulurdu.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.