Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

Şamaxı
Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Şamaxı rayonunda silsilə tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən rayonun bütün kənd və qəsəbələrində, idarə və müəssisələrində ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş yığıncaqlar, elmi-praktik konfranslar təşkil edilmişdir.
Həmin tədbirlərdə çıxış edənlər diqqətə çatdırmışlar ki, müstəqil Azərbaycanın müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə sıx bağlıdır. Müstəqilliyimizin xilaskarı və yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir.
Çıxış edənlər, həmçinin xalqımızın böyük oğlu Heydər Əliyevin regionların, o cümlədən Şamaxı rayonun inkişafına göstərdiyi əvəzsiz xidmətlər barəsində də tədbir iştirakçılarına geniş məlumat vermişlər.
Bundan əlavə, ulu öndərin anadan olmasının 89-cu ildönümü münasibətilə rayonun ərazisində müntəzəm iməciliklər keçirilmiş, 2 mindən çox yeni ağac əkilmiş, park, meydan və küçələrdə səliqə-sahman yaradılmışdır. Bu əlamətdar hadisəyə həsr olunmuş müxtəlif idman yarışları keçirilmiş və qaliblər mükafatlandırılmışlar. Rayonun 150 nəfər şagirdi isə Heydər Əliyevin 89-cu ildönümü ilə əlaqədar keçirilən inşa yazı müsabiqəsində ulu öndərə olan məhəbbətlərini ifadə etmişlər. Rayon təhsil şöbəsi Şamaxıda fəaliyyət göstərən uşaq incəsənət məktəbi ilə birlikdə ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında rəsm müsabiqəsi keçirmişdir. Mövzu Heydər Əliyev dövrünün yetirməsi olan Şamaxının bugünkü inkişafını əks etdirən yeniliklər olmuşdur.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakı şəhərindəki Tofiq Quliyev adına 12 saylı musiqi və Şamaxı şəhərindəki Nəsimi adına incəsənət məktəblərinin birgə təşkil etdikləri konsert proqramı şamaxılılar tərəfindən maraqla qarşılanmışdır.
Mayın 10-da isə Heydər Əliyev parkındakı ulu öndərin heykəli bütün şamaxılıların əsl ziyarətgahına çevrilmişdir. Həmin gün Şamaxı şəhərindən, rayonun kənd və qəsəbələrindən minlərlə insan ümummilli lider Heydər Əliyevə olan sonsuz məhəbbət və ehtiramını ifadə edərək ulu öndərin abidəsi önünə təzə-tər çiçəklər düzmüşdür.

{nl}

Ağsu
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Ağsu rayonunda böyük təntənə ilə qeyd edilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə əklil və tər çiçək dəstələri düzdülər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə tanış oldular. Mərkəzdə Heydər Əliyevə həsr olunmuş "Şəxsiyyət" filmi nümayiş etdirildi. Tədbir Ağsu Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Heydər Əliyevin mənalı həyat yolundan danışdı. Sonra Ağsu RİH başçısının I müavini R.Novruzovun "Ümummilli lider Heydər Əliyev əbədi və həmişəyaşar liderdir" adlı məruzəsi dinlənildi.
YAP Ağsu rayon təşkilatının sədri Ə.Hüseynovun, Ağsu RİH başçısının Ağsu şəhər üzrə icra nümayəndəsi C.Cavadovun, Ağsu Rayon Mənzil İstismar İdarəsinin müdiri S.Bayramovun çıxışları alqışlarla qarşılandı.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş futbol, taekvando, sərbəst güləş və şahmat idman növləri üzrə rayon birincilikləri keçirilmişdir. Bütün idman növləri üzrə I, II, III yerləri tutan idmançılara diplom və qiymətli hədiyyələr verilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Ağsu rayonunun iki kəndinə (Bəyimli və Qaravəlli) qaz verilməsi münasibətilə tədbirlər keçirilmişdir. Hər iki tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev iştirak etmişdir.
Sonra şəhər stadionunda xalq artisti Kamil Vəzirovun rəhbərlik etdiyi musiqi kollektivinin konserti təşkil olunmuşdur. Konsertdə əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovalar, xalq artisti Lalə Məmmədova, Bilal Əliyev və başqaları çıxış etmiş, rəqs qruplarının çıxışları tamaşaçılarda böyük maraq doğurmuşdur.

{nl}


Balakən
Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Balakəndə silsilə təldbirlərlə qeyd olundu.
Həmin gün tədbir iştirakçıları ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış möhtəşəm abidəsi önünə tək çiçəklər qoymaqla əbədiyaşar insana öz dərin məhəbbət və ehtiramlarını bildirdilər.
Sonra ulu öndərin xatirəsinə həsr olunmuş 1200 metr məsafəyə kross yarışına start verildi. Yarışda 400 nəfərdən çox gənc iştirak etdi.
Tədbir rayonun Meşəşambul və Şambul kəndlərini birləşdirən yeni körpünün açılışı ilə davam etdi. 7000 nəfərdən çox kənd sakinlərinin istifadə edəcəyi körpünün uzunluğu 36, eni 8 metrdir. Tikintisi təxminən 6 ay davam edən bu körpü Nəqliyyat Nazirliyinin sifarişi əsasında 17 saylı Zaqatala Yol İstismar İdarəsi tərəfindən inşa edilmişdir.
Açılışda çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirdi ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü günü istifadəyə verilən bu yeni körpü balakənlilər üçün böyük bayram hədiyyəsidir. İ.Rzayev qeyd etdi ki, ölkəmizdə son illər çoxlu sayda yeni körpülər tikilir, yollar salınır, təmir olunur. Elə açılışına toplaşdığımız bu yeni körpü bir daha sübut edir ki, ölkəmiz iqtisadi cəhətdən möhkəmləndikcə xalqımızın maddi-rifah halının, rahatlığının təmin olunmasını ölkə Prezidenti daim diqqət mərkəzində saxlayır, bu sahəyə daha çox diqqət yetirir. Bu diqqət və qayğıya görə bütün balakənlilər adından möhtərəm cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Mərasimdə daha sonra "Azər Avtoyol servis" ATC sədrinin müavini Şaiq Bilalov, kənd ağsaqqalı Vassi Qarayev, kənd sakini Mübariz Ağcayev çıxış edərək ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər. Körpünün tikintisində çalışan bir qrup işçiyə RİH-nin qiymətli hədiyyələri təqdim edildi.
Həmin gün silsilə tədbirlər Heydər Əliyev Mərkəzində "Dəyirmi masa", Mədəniyyət və istirahət parkında gül bayramı və yerli incəsənət ustalarının konserti ilə davam etdirildi.

{nl}

Qax
Qax rayonunda ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbir Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılan abidəsinin ziyarəti ilə başlandı. İştirakçılar abidənin önünə tər gül-çiçək qoyaraq ümummilli liderə böyük hörmət və ehtiramlarını bildirdilər.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Musa Şəkilyev ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini qeyd etmiş, Azərbaycan xalqının bugünkü firavan həyatına görə müdrik şəxsiyyətə minnətdar olduğunu bildirmişdir.
Sonra RİH-in şöbə müdiri Nizami Əhmədovun "Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır", təhsil şöbəsinin əməkdaşları Vəli Əmirovun "Heydər Əliyev və Azərbaycan təhsili", rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramovun "Heydər Əliyev və Azərbaycan gəncliyi" və rayon mərkəzi kitabxanasının direktoru Güllü Əhmədovanın "Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz" mövzularında məruzələri dinlənildi.
Məruzə və çıxışlarda ulu öndərimizin xalqın təkidli tələbi ilə respublikamıza siyasi hakimiyyətə qayıdışından sonrakı xidmətləri barədə də ətraflı söhbət açıldı. Qeyd edildi ki, o, hakimiyyətə qayıdışı ilə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə ictimai-siyasi sabitlik yaradaraq çox böyük qətiyyətlə, əzmkarlıqla sosial- iqtisadi, siyasi, hüquqi islahatlara başlayaraq bugünki müstəqil Azərbaycanı qurdu, yaratdı. Hazırda ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə günbəgün iqtisadi, siyasi qüdrətini artıran Azərbaycan öz dinamik inkişafına görə regionda liderlik mövqeyini qoruyub saxlayır. Təsadüfü deyildir ki, ölkəmiz bu gün BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir.
Ulu öndərimizin misilsiz xidmətlərindən danışan natiqlər qeyd etdilər ki, onun ölməz xatirəsi bütün Azərbaycan xalqı kimi qaxlıların da qəlbində əbədi yaşayacaqdır.
Sonda ulu öndərə həsr olunmuş videolent nümayiş etdirildi.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında