Şriftin ölçüsü:
11.05.2012 02:17 | Oxunma sayı: 566
Azərbaycan xalqının ümummilli lideri, unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və İkinci Dünya müharibəsində Qələbənin 67-ci ildönümü münasibətilə Sumqayıtda bir sıra maraqlı tədbirlər keçirilmişdir.
Qələbə Gününə həsr olunan ümumşəhər tədbiri gənclik şəhərinin Heydər Əliyev prospektindəki Qəhrəmanlıq abidəsinin önündə düzənləndi. Geniş ictimaiyyət nümayəndələri müharibə veteranlarını təbrik etmək üçün buraya toplaşmışdı. Davanın od-alovundan keçmiş veteranlar onları dövrəyə alan gənclərə barıt qoxulu cəbhə xatirələrini danışır, ana Vətəni ürəkdən sevməyi, doğma torpaq uğrunda canlarını belə əsirgəməməyi tövsiyə edirdilər.
Şəhər rəhbərliyinin nümayəndələri də tədbirə qatıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. İcra hakimiyyətinin başçısı Eldar Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin nümayəndələri, ağsaqqallar, ziyalılar, gənclər abidə kompleksini ziyarət edərək önünə gül dəstələri qoydular. E.Əzizov və digər rəsmilər müharibə veteranlarına yaxınlaşaraq onları bayram münasibətilə təbrik etdilər, səhhətləri və digər qayğıları ilə maraqlandılar, xoş arzularını bildirdilər.
Sumqayıt məktəblərinin gənc hərbçilərinin paradı hər kəsdə xoş duyğular oyatdı. "Cəsurlar"ın əzəmətli Azərbaycan bayrağını fəxrlə irəli aparmaları hamılıqla alqışlandı.
Sonra Qələbə Günü münasibətilə müharibə iştirakçıları üçün bayram süfrələri açıldı. İcra hakimiyyəti başçısının müavini Akif Quliyev süfrə arxasına toplaşmış veteranları bir daha şəhər rəhbərliyinin adından təbrik etdi, hər birinə uzun ömür və can sağlığı arzuladı. Şən musiqi, döyüş illərinin mahnıları, rəqslər bir-birini əvəz etdi. Mikrofon önündə çıxış edən veteranlar gündəlik diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər, vətənin rifahı naminə yenə də əllərindən gələni etməyə hazır olduqlarını söylədilər.
* * *
" Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar dahi insanın bayramsayağı bəzədilmiş abidəsi qarşısındakı meydana on minlərlə sumqayıtlı toplaşmışdı. Şüarlar səsləndi, ümummilli liderin həyat və fəaliyyətinin örnək məqamları, Sumqayıt şəhərinin inkişafına göstərdiyi diqqət və qayğı minnətdarlıqla xatırlandı. Şəhər rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, geniş ictimaiyyətin nümayəndələri xalqımızın, millətimizin yolunda misilsiz xidmətlər göstərmiş əbədiyaşar liderin xatirəsini böyük ehtiramla yad etdilər, abidə önünə tər çiçək dəstələri düzdülər. Müəssisələrin, təhsil və səhiyyə ocaqlarının, ictimai təşkilatların kollektivləri də ulu öndərin xatirəsi önündə baş əydilər. Mərasim, dahi şəxsiyyətin ölməz ideyalarına sumqayıtlıların sonsuz sədaqətinin daha bir parlaq nümayişinə çevrildi.
* * *
"Azərikimya" İstehsalat Birliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Fəxr edirəm ki, mən azərbaycanlıyam" adlı konfrans keçirildi. Birliyin əməkdaşı Rafiq Oday ulu öndərin xatirəsinin hər zaman əziz tutulduğunu faktlarla diqqətə çatdırdı. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı sədrinin müavini Orucəli Allahverdiyev, Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev, tarix muzeyinin direktoru Olqa Abdullayeva, "Sumqayıt Superfosfat" ASC-nin sədri Eldar İsmayılov konfransda çıxış etdilər.
"Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ulu öndərin bütün sahələrə olduğu kimi, kimya sənayesinin də inkişafına qayğısından danışdı, dahi şəxsiyyətin ürəklərdə özünə əbədi abidə ucaltdığını söylədi.
* * *
Sumqayıt şəhər stadionunda ulu öndərin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar təşkil olunan mini-futbol turnirinə yekun vuruldu. Yarışlar "Azərikimya" İB-nin təşkilatçılığı, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə on gün ərzində keçirilmişdir. Birliyin həmkarlar ittifaqı təşkilatının sədri Vaqif Ömərov 30-dək komandanın qüvvəsini sınadığı turnirin gərgin mübarizə şəraitində keçdiyini bildirdi və bütün iştirakçılara minnətdarlığını çatdırdı. Sonra mayın 10-da keçirilmiş yarımfinal və final oyunlarının nəticələri açıqlandı. Qaliblər elan edildi. Turnirin xüsusi kuboku 1-ci yeri tutan 10-cu mikrorayon komandasına təqdim olundu. Ona həmçinin "Sumqayıt" peşəkar futbol klubunun topu hədiyyə edildi. Mükafata layiq yerləri tutan digər kollektivlərə diplom və fəxri-fərmanlar verildi.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.