Səbaillilərin Şuşa sevgisi

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı Səbail rayonunda sərgi və Şuşa rayonundan məcburi köçkünlərlə görüş keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin "Sahil bağı"nda keçirdikləri "Azərbaycan xalqının soyqırım qurbanları" mövzusunda foto sərgisinin rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılışı keçirilmişdir. İştirakçılar mənfur ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələrinin əks olunduğu fotolara baxmışlar. Eyni vaxtda "Sahil bağı"nda Şuşa Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin Şuşanın işğalına etiraz aksiyası keçirilmiş, iştirakçılar əhaliyə, xarici vətəndaşlara Şuşa barəsində açıqcalar paylamışlar.
Dövlət Gənc Tamaşaçılar Teatrında Şuşa rayonundan olan məcburi köçkünlərlə görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hər bir azərbaycanlı üçün çox ağır bir hadisə olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından danışmış, Azərbaycan mədəniyyətinin beşiyi sayılan şəhərin tarixi, onun inkişafı barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qalmış, 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal olunmuşdur. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmış, məbədgah və məscidləri təhqirlərə məruz qoymuş, çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərmişlər.
Bu gün Şuşadan olan məcburi köçkünlər respublikamızın bir çox rayonlarında, o cümlədən Bakı şəhərinin Səbail rayonunda məskunlaşmışlar. Hazırda rayonda Şuşadan 91 ailə yaşayır ki, onların da çoxu Bibiheybət qəsəbəsindəki "Şıx" sanatoriyasında məskunlaşmışdır. RİH tərəfindən həmin ailələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülür.
A.Əsgərov daha sonra bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Milli Ordumuz bu gün Qafqaz regionunda ən qüdrətli orduya çevrilmişdir. Hazırda müxtəlif beynəlxalq səviyyələrdə torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində işlər aparılır. Lazım gələrsə, xalqımız Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələri səfərbər edəcəkdir.
Tədbirdə çıxış edən şuşalılar şəhərin işğalı ilə bağlı şahidi olduqları hadisələrdən, onlara olan diqqətdən söz açmış, doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini və bu istiqamətdə ölkə rəhbərinin səylərini dəstəklədiklərini bildirmişlər. Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Şuşa rayonundan məcburi köçkün ailələrinə yardımlar təqdim olunmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında