Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir

Mayın 7-də Zaqatala, Qax və ətraf rayonlarda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir.
Mayın 8-də səhər Zaqatala şəhərində yaradılmış qərargahda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə operativ müşavirə keçirilmişdir.
Müşavirədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə, Zaqatala, Balakən və Qax rayonlarının icra hakimiyyətlərinin, fövqəladə hallar komissiyalarının və aidiyyəti qurumların rəhbərləri iştirak etmişlər.
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə və aidiyyəti qurumların rəhbərləri zəlzələnin törətdiyi fəsadlarla yerindəcə tanış olmaq üçün Zaqatala rayonunun Muxax, Gözbarax və Qax rayonunun Güllük kəndlərində olmuş, sakinlərlə görüşmüş, dağılmış və ya qəzalı vəziyyətə düşmüş evlərə baxmışlar.
İlkin məlumata görə, Zaqatala rayonunun Muxax, Gözbarax, Çobankol, Zəyəm, Bazar, Qımır və digər kəndlərində 860, Qax rayonunun Güllük, Zərnə və ətraf kəndlərində 500-ə yaxın ev dağılmış və ya qəzalı vəziyyətə düşmüşdür. Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bu kəndlərdə zəlzələdən zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün çadırlar qurulur. İndiyədək Zaqatala rayonunda 400-dək çadır quraşdırılmışdır və bu iş davam etdirilir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərlə bağlı jurnalistlərə müsahibəsində demişdir: "Komissiyalar hazırda Zaqatala, Balakən, Qax rayonlarının həm mərkəzlərində, həm də kəndlərində işlərini davam etdirirlər. Bildiyiniz kimi, dünən axşam saat 19.22 radələrində bu ərazidə 5,7 bal gücündə daha bir təkan olmuşdur. Bu təkan nəticəsində əvvəlki zəlzələdə qismən zədələnən evlərin böyük əksəriyyəti uçmuşdur və yaxud tam qəzalı vəziyyətə düşmüşdür. Bu saata olan məlumata görə, artıq bu rayonlarda 1360 qəzalı ev, 20-yə yaxın sosial obyekt qeydə alınmışdır. Biz demək olar ki, bütün kəndlərdə olduq, əhali ilə görüşdük. Təbii ki, əhalini başa düşmək olar, təhlükəli olduğuna görə onlar öz evlərinə daxil ola bilmirlər.
Qəzalı vəziyyətə düşmüş bütün evlərə nazirlik tərəfindən çadırlar paylanılmışdır və bu iş davam etdirilir. Mayın 7-nə olan məlumatda qəzalı evlərin sayı az idi. Amma axşam və bu gün səhər olan təkanlardan sonra onların sayı artmışdır. Ona görə də maksimum səviyyədə bütün ailələri çadırlarla təmin etməyə çalışırıq ki, bu evlər tikilən zaman insanlar bayırda qalmasınlar.
Bu tədbirlər Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Biz yenə də dövlət başçısından müvafiq tapşırıq almışıq. Nazirlər Kabinetinə də tapşırıq verilmişdir. Yəqin ki, evlərin tikilməsi ilə bağlı müvafiq sərəncam da imzalanacaqdır. Müəyyən qədər ilkin vəsait ayrılacaqdır. Bu komissiyaların işi təhlil olunduqca, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq ki, əhalinin zəlzələdən zərər çəkmiş, uçmuş, qəzalı vəziyyətə düşmüş evlərini tikib ailələrə təhvil verə bilək. Burada iştirak edən tikinti şirkətləri hansı kəndlərdə işləyəcəklərinin bölgüsünü aparmışlar. Artıq böyük həcmdə tikinti materialları da yola salınmışdır. Tikinti materialları zədəli evlərin yanına boşaldılacaqdır. Kənd sakinləri hələlik həyətlərində yerləşdirilən çadırlarda yaşayacaqlar. Tikinti şirkətləri söküntü işləri qurtaran kimi evlərin inşasına başlayacaqlar.
Doğrudur, böyük bir təhlükə olmuşdur, zərər böyükdür, amma dövlət başçısının diqqət və qayğısı nəticəsində çox qısa bir müddətdə dəymiş ziyan aradan qaldırılacaq və insanlarımız daha yaxşı, daha gözəl evlərdə yaşayacaqlar.
Mən fürsətdən istifadə edərək bu regionda yaşayan insanlara bir daha tövsiyə etmək istəyirəm ki, evləri inşa edərkən tikinti qanunlarına uyğun şəkildə layihələndirsinlər. Maksimum təcrübədən, keçmiş inşaat materiallarından istifadə etsinlər, şəhərin, rayonun yerli memarları ilə məsləhətləşsinlər. Çünki bu ərazi seysmik zonadır və burada belə hadisələr hər zaman baş verə bilər. Ona görə də əhali işlərini ehtiyatlı tutmalıdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında