Qaliblər nəsli ilə görüş

II Dünya müharibəsində faşizm üzərində qələbənin 67-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş qeyd olunur. Ənənəvi 9 May Qələbə Günü ərəfəsində Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.
Veteranlar keçən il əsaslı təmir olunaraq ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş parkı gəzmiş, buradakı şəraitlə tanış olmuşlar. Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında dövlət himni, müxtəlif marşlar səslənmişdir. Qafur Məmmədovun büstünün önünə RİH adından əklil qoyulmuşdur.
Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi 49 saylı "İntellekt" liseyin yeni istifadəyə verilmiş tədris korpusunda davam etdirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.
Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbədə Azərbaycan xalqının da şərəfli payı vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevirilmiş, 680 min nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdi. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur.
1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində SSRİ - də çıxarılan neftin 70 faizini Bakı vermişdi. Azərbaycanın bütün bölgələrində 66 təxliyə hospitalı yaradılmışdı. Səbail rayonunun ərazisində bir çox yerlərdə, o cümlədən tədbirin keçirildiyi 49, həmçinin 189 və 190 saylı orta məktəblərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetində və s. binalarda müharibə illərində təxliyə hospitalları yerləşmişdi.
Azərbaycan xalqı bu gün faşizmə qarşı müharibədəki iştirakı ilə fəxr edir. Xalqımız müharibə veteranlarına dərin ehtiram bəsləyir. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 67 illiyi ərəfəsində ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Çıxış edən veteranlar döyüş xatirələrini söyləmiş, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə veteranlara hədiyyələr verilmiş və maddi yardım təqdim olunmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında