Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti Adminstrasiyasının regional və yerli idarəetmə orqanları ilə iş şöbəsinin tövsiyələrini və qarşıda duran vəzifələri nəzərə alan rayon icra hakimiyyəti ciddi təhlillərə əsaslanaraq dörd zona üzrə-Əliabad qəsəbəsində, Maqov, Aşağı Tala və Muxax kəndlərində bütün ərazi nümayəndəliklərini əhatə etməklə səyyar seminar-müşavirələrin keçirilməsini nəzərdə tutmuşdur. İlk seminar-müşavirə Əliabad qəsəbəsində, daha sonra isə Maqov və Aşağı Tala kəndlərində keçirilib.
Növbəti səyyar seminar müşavirə isə Zəyəm, Yuxarı Çardaxlar, Çobankol, Mamrux, Gözbarax və Yeni Suvagil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri əhatə etməklə Muxax kəndində olub.
Muxax kəndinin sosial-iqtisadi inkişafında önəmli işlər görülüb. Yeni tikintilər, əsaslı təmir-bərpa işləri, mədəniyyət, səhiyyə, təhsil sahələrində həyata keçirilən yenidənqurma işləri kəndin həyatını büsbütün dəyişib.
Rayon icra hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsinə məxsus binanın əsaslı təmirdən sonra açılışı tədbirin ruhuna yeni çalarlar bəxş etdi. Qeyd edək ki, kənd icra nümayəndəliyi daxili imkanlar hesabına bu təmir işlərini aparmışdır. Seminar-müşavirənin iştirakçıları əvvəlcə kənd ərazi nümayəndəliyində aparılan təmir işləri ilə tanış oldular. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər qonaqlar inzibati binada görülən işləri yüksək qiymətləndirdilər, kollektivə uğurlar arzuladılar.
Sonra seminar-müşavirə Muxax kənd mədəniyyət evinin inzibati binasının akt zalında öz işinə başladı. Seminar-müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirdi ki, belə tədbirlər icra nümayəndəliklərinin işinin təkmilləşdirilməsinə, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, müsbət iş təcrübəsinin öyrənilib yayılmasına, birgə əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir. O öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir Azərbaycanda dövlət quruculuğunda, ölkədə iqtisadi dirçəlişin, siyasi şüurun formalaşması istiqamətində gerçəkləşdirdiyi konkret işlərdən danışdı, ölkə rəhbərinin bölgələrə etdiyi səfərləri, xalqla daim təmasda olduğunu, onların problemləri ilə yaxından tanış olduğunu xüsusi vurğuladı. Muxaxda keçirilən seminar-müşavirə yaxınlıqda yerləşən altı kəndi əhatə edir. Rayon icra hakimiyyəti başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulkərim Şabanov seminar-müşavirə iştirakçılarına nümayəndəlikdə, eləcə də ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda nümunəvi işin qurulması haqqında məlumat verdi.
Rayon icra hakimiyyəti başçısının müavinləri Elman Ramazanovun və Zümrüd Ağakişiyevanın, şöbə müdirləri Yaqub Məmmədov, Tofiq Əhmədov və Arif Ramazanovun, rayon statistika idarəsinin rəisi Fəxrəddin Qurbanovun, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zülfüqar Mahmudovun, rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin müdiri Aybəniz Kələşovanın, rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun rəisi Ümüdvar Əhmədovun çıxışlarında seminar-müşavirədə iştirak edən 6 nümayəndəliyin fəaliyyətinin bütün sahələrinə tam aydınlıq gətirildi. Uğurlarla yanaşı nöqsanlara da ciddi diqqət yetirildi. Daha çox icra nümayəndəliklərinə metodiki yardım, idarəetmə işinin yeni üslublarını təlqin edən seminar-müşavirədə təsərrüfat fəaliyyətinin canlanması, milli-mənəvi dəyərlərin qorunması, əmək intizamının gücləndirilməsi, qeyri-ənənəvi dini təriqətlərə qarşı mübarizə, təhsilin səviyyəsinin qaldırılması, gənclərlə işin təşkili, vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasının yaxşılaşdırılması, əhali ilə maarifləndirici tədbirlərə diqqətin artırılması kimi məsələlər ciddi müzakirə mövzularına çevrildilər. Ətraf mühitin qorunması, yaşıllaşdırma, təmizlik-abadlıq işlərinə diqqətin artırılması barədə də kifayət qədər ciddi müzakirə aparıldı. Seminar-müşavirə göstərdi ki hələ bəzi icra nümayəndəlikləri işlərini günün tələbləri səviyyəsində qurmaqda çətinlik çəkirlər. Onların əhali ilə gündəlik əlaqələrində köhnə yanaşmalar üstünlük təşkil edir. Bəzi hallarda vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə diqqətlə yanaşılmadığından yuxarı instansiyalara müraciətlərin sayı çoxalır. Bu gün yerli idarəetmə işçisindən daha çox əhali ilə təmasda olmaq, hər kəsə diqqət göstərmək, yerlərdə işlərin gedişatını tənzimləmək, kəndin gələcək inkişafı naminə xidmət tələb olunur.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə seminar-müşavirəni yekunlaşdıraraq bildirdi ki, rayon rəhbərliyi idarəetmə işindəki yaxşı təcrübəni yaymaqda, yerli təşəbbüsləri dəstəkləməkdə çox maraqlıdır. Yeniləşən, müasirləşən ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı bir şəraitdə daha çevik, sivil, yaradıcı və təşəbbüskar idarəetməyə keçid zəruri bir prosesdir. Belə seminar-müşavirələr icra nümayəndəliklərinə gələcək fəaliyyətlərinin daha səmərəli qurmaqda bir aydınlatma səciyyəsi daşıyır, metodiki tövsiyələr aşılayır, məsuliyyət hissini izah edir. İdarəetmədə yeni iş üslublarına keçid, əhali ilə əməkdaşlığın inam və etibar müstəvisində bərqərar olması gələcək uğurlarımızın təminatıdır.
{nl}
İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.