Vahidsiz keçən bir il

Deyirlər, dost ya bir olar, ya iki. Doğru fikir deyil. Dost nə qədər çox olsa, bir o qədər yaxşıdır. Həyatda üzləşdiyin çətinliklərin, problemlərin həllində dostun köməyinə həmişə ehtiyac duyulur. Ürəyindən keçən hissləri, duyğuları ilk dəfə çəkinmədən dosta açırsan, o da sənə, necə deyərlər "yar" olur, köməyinə çatır. Bunu mən cavan vaxtlarımda çox sınaqdan çıxarmışam. Dostumun xeyirxahlığı, köməyi ilə əlim çörəyə çatıb. Xeyirimizi, şərimizi dostla bölüşdürmüşük. Qərib ölkələrə də dostla arxayın gedirsən.
Onu da qeyd etmək lazımdır ki, vaxtsız, vədəsiz dost itirmək olduqca çətindir. İlk dostum Nəriman Zeynalovu torpağa tapşıranda 56 yaşı vardı. Ciddi bir xəstəliyi də yox idi. Doktorluq müdafiəsinə hazırlaşırdı. BDU-nun jurnalistika fakültəsinin dekanı işləyirdi, mətbuat sahəsində çalışanlar, tələbələr, elm adamları arasında böyük hörməti vardı. Dost yolunda özünü oda-alova atardı. Elə dost xahişini yerinə yetirmək üçün gedərkən yolda qəflətən vəfat etdi.
Nəriman müəllimin ölümündən iki il sonra Yusifi itirdim. Uzun illər "Kommunist" qəzetində zona müxbiri işləmiş Yusif Əhmədovu deyirəm. O da dünyasını 58 yaşında qəflətən dəyişdi. On il bir otaqda oturub işlədiyim Vahidin ölümünü də unutmaq heç cür mümkün deyil. İndi hər dəfə həmin otağın qapısını açıb içəri girəndə elə bilirəm Vahid də bir azdan gələcək. Ancaq bir ildir ki, gözümüz yollarda qalıb.
Yəqin oxucular da hiss edib, bir ildən çoxdur ki, Vahid İmanovun imzası qəzetimizdə görünmür. Ona görə ki, bir il əvvəl "Xalq qəzeti" özünün istedadlı, məhsuldar əməkdaşını itirdi. Vahidin qələmindən çıxan materialları redaktə etmək lazım gəlmirdi. Mülahizələri aydın və səlis olduğu üçün redaktəyə ehtiyac qalmırdı. Onun cəbhə bölgələrindən, Qarabağ döyüşçülərinin hünərindən, şücaətindən hazırladığı oçerkləri, reportajları həyəcansız oxumaq olmurdu.
Hüquqşünas olmasa da qəzet vasitəsilə çoxlarının pozulan hüquqlarını bərpa etmişdi. Bələdiyyələrin, hüquq-mühafizə orqanlarının, icra hakimiyyəti aparatlarının fəaliyyətlərindən bəhs edən məqalələri maraqla oxunurdu. Ordu quruculuğuna, hərbi vətənpərvərlik mövzularına tez-tez müraciət edirdi. Axı, doğma yurdu Qarabağ, dünyaya göz açdığı Ağdam rayonunun Mollalar kəndi yağı düşmənin tapdağı altında qalmışdı. Qələmə aldığı kitablar da ("Dağlar oğlu", "İçimdə yaşatdığım dərd" və sair) ermənilərin azğınlığına, özbaşınalıqlarına, vəhşiliklərinə, xalqımızın isə belə vandallara qarşı mərd mübarizəsinə həsr edilmişdi.
Vahidin 50 illik yubileyi münasibətilə "Xalq qəzeti"nin 6 dekabr 2005-ci il tarixli nömrəsində yazmışdım: "1919-cu ildən nəşr edilən qəzetimizdə Azərbaycan mətbuatının korifeyləri çalışıb. Onların hamısı həyatımızın hərtərəfli inkişafı üçün istedad və bacarıqlarını əsirgəməyib. İlk nömrəsindən bugünədək Azərbaycan dilinin saflığı uğrunda ciddi mübarizə aparan qəzetimiz başqa dövri mətbuat orqanları üçün nümunə olub. Zaman-zaman kollektivdə nəsillər dəyişsə də, ənənə davam etdirilib, yeni gələnlər də doğma dilimizin kənar sözlərdən, yad ifadələrdən qorunmasına var qüvvələrini əsirgəməyiblər".
Belələrindən biri Vahid İmanov olmuşdur. Xasiyyətcə mülayim və həlim olan bu insanla ünsiyyət bağlamaq çətin deyildi. Redaksiyanın gənc əməkdaşları hazırladıqları materialları ilk olaraq çəkinmədən ona göstərir, Vahidin redaktə məharətindən bəhrələnirdilər. O, gənc qələm sahibləri ilə işləməkdən bir növ zövq alırdı. Onların hər uğurlu məqaləsinə sevinər, fərəhlənərdi. Belələri köməyə görə Vahidə minnətdarlıqlarını bildirəndə təvazökarlıqla deyərdi: "Vaxtilə bizi də öyrədiblər, əlimizdən tutublar. İndi borcları qaytarmaq vaxtıdır".
Vahid gərgin işləməklə yanaşı, kef çəkməyi, yeyib-içməyi sevən adam idi. Son qəpiyini də belə məclislərə əsirgəməzdi. Onun iştirakı ilə Qubada, Xızıda, Xaçmazda, Şəkidə, Şabranda, Şirvanda, Sabirabadda və başqa yerlərdə qurulan məclislərin hər biri yaddaşlara həkk olunmuş unudulmaz zəngin xatirələrə çevrilmişdir. "Büllur" şadlıq sarayındakı 50 illik yubiley təntənəsi elə bil dünən olmuşdu. Məclisdə söylənilən dəyərli fikirlər Vahidin yarım əsrlik ömrünə işıq salırdı, övladları Toğrula, Tuncələ, qardaşları Fehruza, Rafiqə, Xaliqə qol-qanad verirdi.
Çox-çox təəssüflər olsun ki, Vahidin ailəsi, qohum-əqrabası, dost-tanışları onunla uzun illər fərəhlənə bilmədilər. Yubileydən cəmi dörd ilə yaxın bir vaxt keçməmiş Vahid İmanov qəflətən xəstələndi. Onsuz da özünə baxan adam deyildi. Xəstələnməmişdən bir ay əvvəl Bilgəhdəki sanatoriyada istirahət edirdi. Novruz bayramı ərəfəsində yanına getmişdik. Xudmani bir məclis düzəldib, xeyli deyib-güldük, şənləndik. İşlərimizdən söhbət açdıq, qarşıdan gələn test imtahanlarında on birinci sinifdə oxuyan Tuncələ uğurlar arzuladıq, İqtisad Universitetini qurtaran Toğrula müvafiq iş tapmaqda Vahidə səbrli olmasını məsləhət bildik.
Keçən il aprelin 21-də işə bikef gəldi. Dedi ki, başım ağrıyır. Həkimə apardıq, müayinə olundu, konkret fikir söyləyən tapılmadı, hərə bir söz dedi. Gümrahlığı ilə seçilən dostumuz gündən-günə zəifləməyə başladı. Qardaş Türkiyəyə müalicəyə gedəsi günün axşamı isə Vahid gözünü bu dünyaya əbədi yumdu və hamımızı yandırıb yaxdı.
Onun istək və arzuları çox idi. Nə yaxşı ki, Toğrulun toyunu gördü. Yoxsa o da bizə böyük dərd olardı. Taleyin qismətinə bax. İyunun 5-də Mətbuat Şurasında cavanlıq dostum, respublikanın əməkdar jurnalisti Nəriman Zeynalovun vəfatının 20 illik anım gününü qeyd etdikdən sonra daha bir dostumu - Vahid İmanovu 54 yaşında torpağa tapşırdıq.
Beynəlxalq statistikanın məlumatına görə dünyada ən qısa ömür sürən peşə sahibləri arasında birinci yeri jurnalistlər tutur. Bunu bir sıra amillərlə əlaqələndirmək olar. Hər şeydən əvvəl, jurnalistlər gündəlik həyatımızı vəsf edən peşə sahibləri olduqları üçün cürbəcür hadisələrlə üzləşirlər. Hər hadisə onların səhhətinə, sağlamlıqlarına müəyyən dərəcədə təsir göstərir. Beləliklə, jurnalistlər hadisələr içərisində yaşaya-yaşaya ömürlərini vaxtından əvvəl şam kimi əridirlər.
Mərhumun vəfatının ildönümü ərəfəsində "CBS POLYGRAPHIC PRODUC TION" mətbəəsində nəfis şəkildə "Vahid İmanov: Salam, əbədi Dünya!" adlı kitab nəşr olunmuşdur. Dostları, doğmaları, yaxınları həmin kitabda Vahid İmanovu bir daha yad etmiş, onun şərəfli ömür yoluna işıq salmışlar.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında