Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Ucar rayonunun Çiyni kəndində yaradılmış Dövlət bayrağı meydanında ulu öndərin abidəsinin açılış mərasimi olmuşdur. Bu münasibətlə keçirilən şənlikdə Yeni Azərbaycan Partiyasının, rayon rəhbərliyinin təmsilçiləri, millət vəkilləri və yerli ziyalılar ölkəmizdə böyük rəhbərin abidəsinin ucaldığı ilk kəndlərdən biri olan Çiyni camaatını təbrik etmiş, Heydər Əliyevin ideya və əməllərinin Azərbaycanın hər bucağına tərəqqi, firavanlıq gətiridiyi dönə-dönə vurğulanmışdır.
Təntənəli mərasimdə Bakıdan, Sumqayıtdan, başqa bölgələrdən gəlmiş qonaqları, kənd əhalisini salamlayan Ucar Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov bildirdi ki, bu gün təkcə çiynililər deyil, bütün rayon ictimaiyyəti sevinc içindədir. Olduqca fərəhli haldır ki, Azərbaycan kəndində ümummilli lider Heydər Əliyevin ilk abidələri rayonumuzun Qazıqumlaq və Çiyni kəndlərində ucaldılmışdır. Bu onu göstərir ki, ulu öndər Heydər Əliyevin ölməz ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində böyük vüsət alan abadlıq-quruculuq işləri təkcə şəhərlərimizi deyil, qəsəbə və kəndlərimizi də gözəlləşdirir, müasirlik elementləri ilə abadlaşdırır.
Ərazisində olduğumuz Çiyni kəndi 2000-ci illərin əvvəllərindən başlayaraq sosial-mədəni inkişafa qədəm qoymuşdur. Həmyerlimiz, kəndin yetirməsi, Sumqayıtda yaşayıb-çalışan iş adamı Ağamirzə Əhədovun xeyriyyəçiliyi ilə Çiynidə qısa müddətdə hər cür şəraiti olan yeni məktəb binası tikilmiş, kənd yoluna asfalt örtük çəkilmiş, yeni tibb məntəqəsi, məscid və digər sosial tikililər əhalinin istifadəsinə verilmişdir.
Bu gün açılışı münasibətilə toplaşdığımız ulu öndərin abidəsi ümummilli liderimizin anadan olmasının 89-cu ildönümündə həmyerlimizin kənd əhalisinə layiqli töhfəsidir. Ulu öndərin xalqımızın xilası, bu günü və gələcəyi üçün etdikləri onun adını Azərbaycan tarixinə, millətin yaddaşına həmişəlik həkk etmişdir və bu abidə də həmişə el ehtiramına şahidlik edəcəkdir.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı bildirdi ki, ümummilli lider Heydər Əliyevin milyonlarla ürəkdə yaşayan xatirəsi şəhər və rayonlarımızın mərkəzi meydanlarında ucaldılan əzəmətli heykəllərlə bir daha ölməzləşir. Belə abidələr artıq ulu öndərin ideya və əməllərinin gerçəkləşməsi ilə şəhər abadlığı və rahatlığı qazanan kəndlərimizə də ayaq açmağa başlamışdır. Bu, xalqımızın öz böyük oğluna tükənməz sevgisinin, ümumxalq qədirbilənliyinin daha bir təzahürüdür.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəni qarış-qarış gəzmiş, hər yerdə inkişaf və güzəranın yüksəlməsinə rəvac vermişdi. Onun hər yerdə xalqla keçirdiyi unudulmaz görüşlər əfsanələşmiş, ürəklərdə silinməz izlər qoymuşdur. İndi bu məhəbbət heykəlləşib el-obalarımıza qayıdır. Bu gün açılışında iştirak etdiyimiz bayraq meydanı və heykəl iş adamı Ağamirzə Əhədovun köməyi ilə kənddə yaradılmış abadlığı daha da artırır, çiynililərin ümumi tərəqqinin ön cərgəsində getdiklərini sərgiləyir.
Millət vəkili Elton Məmmədov da Milli Məclisdə təmsilçisi olduğu ucarlıları, Çiyni əhalisini bu önəmli hadisə münasibətilə təbrik etdi, onlara Heydər Əliyev ideyalarından güc alaraq daha böyük uğurlar qazanmağı arzuladı. O bildirdi ki, ulu öndər ölkəmizin hər yerini çiçəkləndirmək yolunda həyatını şam kimi əritdi. Bu gün onun yarımçıq qalmış arzuları ən layiqli varisi İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ümummilli liderin heykəlləşən ruhu bütün bunları görüb sevinir, rahatlıq tapır.
Qaradağlı kənd məktəbinin direktoru Əlikram İsayev yaşadıqları inzibati dairənin ərazisində sevimli rəhbərin abidəsini ucaltmaqla bu obanın tarixinə Heydər Əliyevin adını həkk edənlərə, onun canlı obrazını bu torpağa gətirənlərə dərin minnətdarlığını bildirdi, gənc nəsli ulu öndərin ideyalarının davamçıları kimi tərbiyələndirəcəklərini söylədi.
Təntənəli mərasim əməkdar artislər Ağalar Bayramlı və Nuriyyə Hüseynovanın, Sumqayıtdan gəlmiş musiqiçilərin, yerli məktəbin şagirdlərinin söylədikləri şeirlər, ifa etdikləri nəğmələrlə davam etdi. Axırda iştirakçılar kənd məscidində açılmış ehsan süfrəsinə əyləşdilər, ulu öndərin ruhuna rəhmət dilədilər.
Sonda həmkəndlilərinin daha bir arzusunu gerçəkləşdirərək, Çiynidə Dövlət bayrağı meydanı yaradılmasından və ümummilli liderin heykəlinin ucaldılmasından son dərəcə xoşbəxt görünən Ağamirzə Əhədovla müsahib olduq:
- Bu gün həyatımın ən sevimcli məqamıdır. Bu, iki böyük, ülvi duyğunun eyni məqamda birləşməsindən doğur. Əvvəla, onu deyim ki, Azərbaycanda indiki nəsillər qazandıqları yaxşı nə varsa ona görə ulu öndər Heydər Əliyevə borclu olmalıdır. Müasir Azərbaycan onun arzu və istəklərindən yaranıb. Heydər Əliyevin ölməz ruhu da bu gün möhkəm bir zireh kimi bizi qoruyur. Onun ruhu qarşısında borcumuzu yalnız Azərbaycana xidmətimizi artırmaqla qaytara bilərik. İkincisi, hər bir adam doğulub-böyüdüyü kəndə-şəhərə də övladlıq borcunu qaytarmalıdır. Bu iki müqəddəs borcun kiçik bir damlasını qaytarmağa çalışıram. Bu yolda nəyi bacarmışamsa onu həyatımın zinəti sayıram.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.