Şriftin ölçüsü:
05.06.2010 00:01 | Oxunma sayı: 386
Ordumuzun döyüş hazırlığı gündən-günə artır
Bu il aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən və ordu quruculuğu məsələlərinə həsr olunan müşavirə müvafiq sahədə aparılan işlərin yeni forma və məzmunda davam etdirildiyini göstərdi. Son illər istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi Azərbaycanın bütün dünyada, xüsusilə, regionda artan nüfuzunu daha da möhkəmlətmişdir.
Azərbaycanın iqtisadi imkanları genişləndikcə ordu quruculuğu sahəsinə göstərilən diqqət və qayğının əhatəsi də genişlənir. Ermənistanla müharibə şəraitində yaşayan ölkəmiz üçün bu sahənin dövlət rəhbəri tərəfindən prioritet elan olunması taleyüklü problemlərin həllində şübhəsiz mühüm rol oynayacaq. Müdafiə Nazirliyində keçirilən müşavirədə geniş və məzmunlu çıxışında bir daha bu məsələlərə toxunan ölkə başçısı xüsusilə qeyd etmişdir ki, "bizim hərbi xərclərimiz son beş-altı il ərzində on dəfədən çox artıb. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Hərbi hazırlıq yüksək səviyyədədir. Son illər ərzində çoxlu texnika və silah-sursat alınmışdır. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır."
Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, Silahlı Qüvvələrimizin də müvafiq yöndə əlaqələri genişlənir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikası dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş və memorandumlar, o cümlədən, 2009-cu ildə hərbi sahədə 4 əsas sənəd imzalamışdır. Hal-hazırda təqribən 30 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir. Ümumiyyətlə, 4 may 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulmaqla öz üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirir. Silahlı Qüvvələrimizin beş zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində uğurla xidmət edir. Ötən il hərbi qulluqçularımız müxtəlif əməkdaşlıq sahələri üzrə 44 kursda, 6 təlimdə, təlimlə bağlı 24 planlaşdırma konfranslarında, 11 seminar və 5 işçi görüşdə, 10 konfrans və simpoziumda və s. iştirak etmişlər. Yeri gəlmişkən, bu il NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində hərbçilərimizin 120 tədbirdə iştirakı nəzərdə tutulub. O cümlədən, müvafiq proqram çərçivəsində Azərbaycanda keçirilməsi nəzərdə tutulan 9 tədbir də planlaşdırılıb. Ümumiyyətlə, Silahlı Qüvvələrimizin beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edən nümayəndələri onlara göstərilən etimadı doğruldaraq bir qayda olaraq əsl peşəkarlıq nümayiş etdirirlər. Bunu Müdafiə Nazirliyinin ünvanına göndərilən təşəkkür məktubları təsdiq edir.
Azərbaycan ordusunun qarşısında dayanan ən mühüm məsələlərdən biri döyüş hazırlığıdır. Bunu daim diqqət mərkəzində saxlayan ölkə rəhbərliyinin səyi nəticəsində yalnız ötən ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən bir milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verilmişdir. Hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanlarını artırmaq məqsədi ilə Hərbi Hava Qüvvələrinə müdafiə üzrə yeni texnikalar alınmış, mövcud texnikaların təmiri və modernləşdirilməsi işi həyata keçirilmişdir. Yeni kompleks uçuş simulyatorlarının sıraya qoyuluşu isə nəticədə uçuş heyətinin döyüş hazırlığı keyfiyyətini artırmış, aviasiya texnikalarının texniki resurslarına qənaət olunmasına şərait yaratmışdır. Zenit raket komplekslərinin modernləşdirilməsi isə müvafiq qoşunlar üzrə döyüş texnikasının səmərəliliyini, ən əsası, atəş imkanlarını artırmışdır. Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi yolunda əldə olunmuş ən böyük uğurlardan biri də döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsidir.
Ümumiyyətlə, cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət göstəriciləri qeydə alınmışdır. Bütün bunlar ilk növbədə müvafiq tədris ilində birlik və birləşmələrdə həyata keçirilən 70-dək komanda-qərargah təliminin uğurlu təşkili nəticəsində mümkün olmuşdur. Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələrinin də cəlb olunduğu bu təlimlərdə müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrindən fəal istifadə olunması görülən işin effektini ikiqat artırmışdır. Yeri gəlmişkən, ötən il birgə keçirilən əməliyyat-taktiki təlimində dağ şəraitində döyüş texnikası və silahlarının tətbiq edilməsinin üsul və metodları, döyüş hazırlığı prosesində hücum əməliyyatının aparılması və s. kimi vacib məsələlər dərindən analiz edilmiş, şəxsi heyətin bilik və bacarığının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ötən müddət ərzində bütün qoşun növlərində müasir dövrün tələblərinə cavab verən mühüm islahatlar həyata keçirilmişdir. Təkcə onu demək kifayətdir ki, Hərbi Dəniz Qüvvələrində müasir naviqasiya, rabitə, radar və hidroakustik vasitələrin quraşdırılması işləri uğurla yerinə yetirilmişdir. Hal-hazırda döyüş gəmilərinin mühərriklərinin yeniləri ilə əvəz olunması üçün geniş tədbirlər planı nəzərdə tutulub. Azərbaycan öz daxili resursları hesabına 200 tonluq patrul katerini də inşa etmişdir. Bundan əlavə, hazırda dəniz sərhədlərimizdə üzən 21 gözətçi gəmi də əsaslı təmir olunaraq yeni silah və texniki vasitələrlə təchiz edilmişdir.
Ümumiyyətlə, bu gün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti imkanları əvvəlki illərlə müqayisədə qat-qat artmışdır. Məlum müşavirədə Müdafiə naziri Səfər Əbiyevin qeyd etdiyi kimi, yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Əlbəttə, bütün bunlar dövlətin qayğısı və hərbi qulluqçuların ağır əməyi, peşəkarlığı sayəsində mümkün olmuşdur. Respublikamızın suverenliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək kimi müqəddəs vəzifəni öz üzərinə götürən hərbi qulluqçularımız dövlətin və xalqın etimadını doğrultmaq üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcək, düşmənə layiq olduğu cavabı verəcəklər.
{nl}
İbrahim RÜSTƏMOV, əməkdar jurnalist
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.