Azərbaycan Respublikası regionlarının içməli su təchizatı sisteminin yenidən qurulması istiqamətində tədbirlər getdikcə intensivləşir. Ölkə Prezidentinin bu səhədə verdiyi konkret tövsiyə və tapşırıqların icrası ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mühüm işlər həyata keçirilir. Mayın 2-də Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov iştirak etmişlər.
Xatırladaq ki, Xızı rayonunda yenidənqurma işləri Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə uyğun aparılacaq.
Mərasimdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov demişdir ki, hazırda Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsindən ibarətdir. Q. Hüseynov bildirmişdir ki, həmin tədbirlər çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin yeniləşdirilməsi işləri mühüm yer tutur. Ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının tərkib hissəsi olan bu işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, ötən ildən başlayaraq ölkəmizdə həm büdcə vəsaiti, həm də beynəlxalq qurumlardan dövlət zəmanəti ilə cəlb olunan kreditlər hesabına bir sıra layihələr reallaşdırılır.
Xızı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılması münasibətlə rayon rəhbərliyini və ictimaiyyətin nümayəndələrini təbrik edən Q.Hüseynov bildirmişdir ki, layihə Xızı şəhəri ilə yanaşı, Altıağac qəsəbəsi, Baxışlı, Tıxlı və Xələç kəndlərini də əhatə edir və görüləcək işlər Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ayırdığı kredit hesabına həyata keçiriləcəkdir. O, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə, xüsusən də "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" nə Yaponiya hökumətinin göstərdiyi dəstəyə görə səfir Şusuke Vatanabeyə minnətdarlığını bildirmişdir.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe isə öz növbəsində ölkəsinin infrastruktur layihələrinin reallaşmasında Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləmişdir.
Tədbirdə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov bu layihənin icrasına başlanılmasını rayonun tarixində ən əlamətdar bir hadisə olduğunu bildirmiş, bunu dövlət başçısı İlham Əliyevin ölkə regionlarının sosial-iqtisadi inkişafına, sakinlərə göstərilən diqqət və qayğının əyani təcəssümü kimi dəyərləndirmişdir. Bütün bunlara görə rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını çatdırmışdır.
Məlumat üçün bildiririk ki, "Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi Xızı şəhərində 3294, Altıağac qəsəbəsində 1423, eləcə də Baxışlı, Tıxlı, Xələç kəndlərində 1562 nəfər olmaqla umumilikdə 6279 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihənin birinci mərhələsinə uyğun olaraq mövcud Qars bulağı bərpa olunacaq və bu mənbədən saniyədə 18 litr və ya sutkada 1560 kubmetr su götürmək mümkün olacaq. Mənbədən Xızı şəhərinə qədər 7,7 kilometr uzunluğunda polad borudan magistral su xətti çəkiləcək. Altıağac qəsəbəsinin dayanıqlı su təchizatının aparılması üçün isə Şəfa və Yeddibulaq suqəbuledici qurğuları bərpa olunacaq, qəsəbəyə qədər 1,5 kilometr uzunluğunda su xətti çəkiləcək. Layihənin növbəti mərhələsində isə 40 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılacaq, 35 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, ümumi həcmi 4 min kubmetr olan 6 ədəd su anbarı tikiləcək. Bundan əlavə, rayon üzrə 1400-dən artıq abunəçi su sayğacı ilə təmin olunacaq.
Layihədə çirkab sularının təmizlənməsi ilə bağlı da mühüm tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, layihə çərçivəsində Xızı şəhəri üçün məhsuldarlığı sutkada 800 kubmetr, Altıağac qəsəbəsi üçün isə məhsuldarlığı sutkada 250 kubmetr olan çirkab sutəmizləyici qurğuları inşa olunacaq. Bununla yanaşı layihəyə uyğun olaraq kanalizasiya şəbəkəsi üçün 3 ədəd nasos stansiyasının tikintisi də planlaşdırılır.
Yeri gəlmişkən, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" ölkəmizin 10 şəhər və rayon mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Azərbaycan Respublikası hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında üç il əvvəl imzalanmış "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair kredit sazişinə əsasən, Yaponiya tərəfi nəzərdə tutulmuş işlərə təqribən 400 milyon ABŞ dolları vəsait ayıracaq.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.