Şriftin ölçüsü:
04.05.2012 02:51 | Oxunma sayı: 495
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Əmlak idarəçiliyi və qeydiyyatında elektron xidmətlər: şəffaflıq və səmərəliliyin təminatı" mövzusunda ictimai təqdimat keçirilmişdir. Tədbirdə Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və arayışların alınması, habelə komitə tərəfindən həyata keçirilən müsadirə edilmiş əmlakların satışı üzrə elektron xidmətləri təqdim edilmişdir.
Təqdimat mərasimində Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Dünya Bankının Azərbaycan ofisinin rəhbəri, habelə daşınmaz əmlak bazarında aktiv fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çevik və modern dövlət idarəetməsinin inkişaf etdirilməsi, şəffaflığın və səmərəliliyin artırılması üçün informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə edilməsi ölkəmizdə aparılan müasirləşmə siyasətinin prioritetlərindən birinə çevrilmişdir. İnformasiya- kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən qərarlar əsasında dövlət orqanlarının əhaliyə və biznes qurumlarına beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi təmin olunur.
Tətbiqinə başlanılan elektron xidmətlər son bir necə ildə komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyat sisteminin inkişafı ilə bağlı görülmüş tədbirlər əsasında mümkün olmuşdur. Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində ölkəmizdə mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin müasirləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində əldə edilmiş səmərəli nəticələr xüsusilə qeyd edilməlidir.
Bu ilin sonuna Sumqayıt şəhəri üzrə daşınmaz əmlakın elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işi yekunlaşacaq. Bakı şəhəri üzrə daşınmaz əmlaklara dair elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin başlanmasına hazırlıq gedir. Yaxın 2-3 ildə Bakı şəhəri üzrə bu işlərin yekunlaşdırılması planlaşdırılır. Gəncə şəhəri və Şəki rayonunda daşınmaz əmlakın kadastr işləri Almaniyanın KfW Bankının layihəsi çərçivəsində həyata keçirilir.
Dünya Bankının Azərbaycan ofisinin rəhbəri bildirmişdir ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin təkmilləşdirilməsi üçün 2007-ci ilin sentyabrından etibarən Dünya Bankının maliyyə dəstəyi ilə "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin reallaşdırılmasına başlanıb. Layihənin əsas məqsədi ölkədə daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin yaradılmasıdır. Bununla bağlı layihə çərçivəsində kompleks tədbirlər nəzərdə tutulur. Belə ki, bu layihə çərçivəsində əmlak idarəçiliyi sahəsində dünya ölkələrinin müsbət təcrübəsi, o cümlədən Avropa və dünya standartlarına uyğun "Kadastr-2014" və "İNSPAYRE" təşəbbüsləri Azərbaycana gətirilməkdədir.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında Azərbaycan hökuməti tərəfindən yaradılan elektron hökümət sisteminin və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin vacib komponenti kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin göstərilməsinin əhəmiyyətindən danışmışdır.
İctimai təqdimat mərasimində E-xidmətlərə həsr olunan animasiya filmləri nümayiş etdirilmişdir. Həmçinin tədbirdə E-qeydiyyat və hərracların keçirilməsində E-xidmətlərin göstərilməsi ilə bağlı təqdimatlar olmuşdur.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.