Şriftin ölçüsü:
04.05.2012 12:11 | Oxunma sayı: 475
Dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyev daim qaçqın və məcburi köçkünlərin problemlərinə diqqətlə yanaşmış, onların həyat şəraitinin, sosial təminatının yaxşılaşdırılması üçün proqramlar, sərəncamlar qəbul etmişdir. Hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu fikirlər Azərbaycan xalqının ümummilli lideri heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Azərbaycan" qəzeti redaksiyası ilə birgə təşkil etdiyi "Heydər Əliyev və müasir Azərbaycan: qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir" mövzusunda keçirilmiş tədbirdə səsləndirilmişdir.
İlk olaraq, ulu öndərin komitənin Heydər Əliyev guşəsindəki büstünün önünə əklil və gül dəstələri qoyuldu və xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Prezident Aministrasiyasının məsul əməkdaşının, Nazirlər Kabinetinin şöbə müdirinin, Milli Məclisin deputatları, əraziləri işğal edilmiş rayonların icra hakimiyyəti başçılarının, komitənin məsul əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən film nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan komitə sədri Əli Həsənov ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin istər ölkə tarixində, istərsə də beynəlxalq siyasət arenasında tarixi şəxsiyyət kimi müsbət keyfiyyətlərini qeyd etdi və bu fenomenallığı ilə daim seçilən ulu öndərin gərgin və məzmunlu fəaliyyətinin ən yaddaqalan məqamlarını diqqətə çatdırdı. Ə. Həsənov dedi ki, Heydər Əliyev ölkənin müxtəlif sahələrinin inkişaf istiqamətlərini diqqətdə saxlamış, sovet dövründə, eləcə də müstəqillikdən sonrakı illərdə xalqa yaddaqalan müraciətlər etmişdir. Onun hələ sovet dövründə Azərbaycanın iqtisadiyyatına, kənd təsərrüfatına və digər sahələrinə diqqətinin nəticəsi idi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahələr daha da inkişaf etdi və ölkə iqtisadiyyatında nailiyyətlər əldə edildi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə atəşkəsin elan edildiyini deyən komitə sədri onun çadır düşərgələrində yaşayan qaçqın və məcburi köçkünlərlə görüşlərinin, onların qayğı və problemləri ilə maraqlanıb qərarlar qəbul etməsini yüksək dəyərləndirdi. O bildirdi ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, çadır düşərgələrinin tədricən ləğv edilərək insanların şəxsi mənzillərlə təmin edilməsi ulu öndərin bu sahəyə diqqətlə yanaşmasının göstəricidir. Əli Həsənov proqrama əsasən bu il 4178 mənzilin tikilib istifadəyə veriləcəyini qeyd etdi.
Tədbirdə həmçinin Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideyası və təşəbbüsü ilə ərsəyə gələn "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" adlı kitab qonaqlara təqdim edildi. İki cilddən ibarət olan kitabın əssassız erməni iddialarına cavab kimi tarixi faktlarla zəngin olması vurğulandı. Komitə sədri Əli Həsənov kitabda on doqquzuncu əsrdən başlayaraq, müxtəlif dövlərlərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı faktlarının yer aldığını və bunun gələcək nəsillər üçün qalacağını vurğuladı. Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.
Daha sonra Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov müasir Azərbaycanın Heydər Əliyev ideyaları əsasında inkişaf etməsi və möhkəmlənməsi ilə bağlı çıxış etdi. O, müstəqilliyin ilk illərində və müharibə dövründə ölkəmizin informasiya blokadasında olduğunu xatırlatdı və qeyd etdi ki, Heydər Əliyev daim xarici səfərləri zamanı erməni silahlı birləşmələrinin işğal etdiyi iyirmi faizdən çox torpağımızı xəritədə əcnəbi siyasətçilərə göstərmiş, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
Bu gün Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsini onun uzaqgörən siyasətinin parlaq təntənəsi sayan Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Prezident İlham Əliyevin bu uğurlu siyasəti davam etdirdiyini vurğuladı.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov keçən əsrin 90 - cı illərinin əvvəllərində ulu öndərin ölkəni parçalanmadan xilas etməsi və cəmiyyətdə ictimai-siyasi stabilliyi bərpa etməsindən söhbət açdı. Bildirdi ki, onun parlaq zəkası, uzaqgörənliyi sayəsində ölkəmizi beynəlxalq aləmdə tanınmış, bir sıra beynəlxalq və regional layihələrə imza atmış, ölkəmizin inkişafı üçün daha da stimul olmuşdur. Onun sözlərinə görə, dünyanın tanınmış siyasətçi və dövlət xadimlərinin onun barəsində söylədiyi yüksək fikirlər buna nümunədir. O, sonda qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə olan qayğıdan məmnunluq ifadə etdi.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından söhbət açdı. Qeyd etdi ki, artıq 20 ili tamam olan bu əməkdaşlıq bu illər ərzində xeyli nailiyyətlərlə yadda qalıb. Mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşdüyünü deyən D.Siqurdson dövlətin onların sosial təminatı üçün gördüyü işləri, mənzillərin istifadəyə verilməsini yüksək qiymətləndirdi.
Laçın rayonundan olan məcburi köçkün Əmirxan Zeynalov ulu öndərin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğıdan, eləcə də onun bir ictimai-siyasi xadim kimi xüsusiyyətlərindən söhbət açdı. O qeyd etdi ki, Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə görüşləri, hətta onların toylarında da iştirak edib xeyir-dua verməsi onlar üçün böyük sevinc və mənəvi dayaq olub.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.