Səbaillilərin ənənəvi gül bayramı

Ümummmilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə paytaxtın mərkəzi rayonu olan Səbaildə keçirilən ənənəvi "Gül bayramı" ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın daha bir nümayişinə çevrildi.
Heydər Əlirza oğlu Əliyev yazın oğlan çağında - təbiətin gül-çiçəyə büründüyü, çöl-bayırın əlvan libas geyindiyi, bağ-bağçaların ətir saçdığı, bütün canlıların təbii bir ahənglə bu gözəlliyə nəğmə oxuduğu bir vaxtda dünyaya göz açmışdı. Bu İlahi başlanğıc onda ali bir gözəllik duyğusu yaratmışdı: hər şeyin yaxşısını sevmişdi, bütün gözəllikləri qəlbinə köçürmüşdü. Ən böyük arzusu canından əziz sevdiyi Azərbaycanı gözəlliklər məkanına çevirmək olmuşdu. Ayağı dəyən, baxışları dikilən hər yer gülüstana dönürdü.
Bütün bunları həssaslıqla dəyərləndirən xalqımız hər il ulu öndərin doğum günü ərəfəsində onun ruhunu sevindirmək üçün ölkənin hər bucağında gül bayramları keçirir. Bu şənliklərdə min bir gül-çiçəkdən toxunmuş müxtəlif dekorasiyalar - sevimli rəhbərin portretləri, dövlət rəmzləri, milli obrazlar gözəl musiqi təranələri altında ulu öndərin ömür yoluna işıq salır, onun mübarizəsini, Vətən və xalq sevgisini, arzu və ideallarını misilsiz gözəlliklə mənalandırır. Səbaillilər bu dəfəki bayrama da ciddi və incə tələblərlə hazırlaşmış, unudulmaz rəhbərin ölməz xatirəsinə orijinal bədii-estetik hesabat hazırlamışdılar.
Səbail Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərin mərkəzindəki "Sahil bağı"nda dünən "Gül bayramı" keçirildi. Azərbaycanın və dünyanın müxtəlif guşələrindən gətirilmiş ətirli güllərdən, bahar çiçəklərindən, digər təbii gözəlliklərdən ayrı-ayrı kollektivlərin toxuduqları, sərgilədikləri çoxsaylı ekspozisiyalar "Sahil bağı"nı nəhəng bir xalçaya çevirmişdi. Bayrama hazırlıq dövründə rayon ərazisində aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri çərçivəsində iməciliklər keçirilmiş, on minlərlə ağac və gül kolları əkilmiş, yaşıllıqlara qulluq göstərilmişdir. "Sahil bağı"nda da geniş hazırlıq işləri görülmüş, minlərlə zanbaq və s. gül əkilmişdir. Bütün bunlar gül ekspozisiyaları ilə tamamlanaraq bağa xüsusi gözəllik və yaraşıq verirdi.
Səhər tezdən paytaxt sakinlərinin sevimli istirahət güşəsi olan "Sahil bağı"nı milli müsiqi təranələri, təntənəli marşların sədaları bürümüşdü. Parkın yuxarı hissəsində quraşdırılmış səyyar səhnə bayramın mahnı-rəqs, şənlik mərkəzinə çevrilmişdi. Üzlərdəki sevinc, könüllərdəki xoş ovqat gül bayramının təntənəsini dəqiqələr ötdükcə daha da artırırdı. Ümumiilli lider Heydər Əliyevin, dövlət rəmzlərimizin gül-çiçəkdən toxunmuş çeşidli lövhələri ulu öndərə xalq sevgisinin, onun qurub-ucaltdığı müstəqil dövlətimizə övladlıq borcunun təravətli görüntüləri kimi hər kəsin diqqətini cəlb edirdi. Şagirdlər, tələbələr, rayonda yaşayan bədii tərtibat ustaları, gənc dizaynerlər, sanki, bir-birindən ifadəli əsərləri ilə nəhəng bir gözəllik yarışmasına start vermişdilər.
Bayramın gözəl və yaddaqalan keçməsi üçün Səbail rayonundakı idarə və müəssisələr, Azərbaycan Dövlət Pedeqoji və İqtisad universitetləri, "Qərb" Universiteti, Bakı Oksford məktəbi canlı və süni güllərdən düzəldilmiş ekspozisiyar hazırlamışdılar. Mütəxəssislərlə yanaşı, məktəbli və tələbə dizaynerlər də ümumi mənzərənin gözəlliyi üçün çox çalışmışdılar. Müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırlanan rənarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilirdi. Bayramda iştirak edən Bakı sakinləri, şəhərimizin çoxsaylı qonaqları sərgidəki fantaziya genişliyinə, estetik əlvanlığa heyran qalmışdılar.
Bayramın izdihamlı və təntənəli məqamında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin üzvləri Ziyad Səmədzadə və Şəmsəddin Hacıyev, əmək veteranı Ömər Ağayev, tanınmış ziyalılar, media təmsilçiləri şənliyə qoşuldular. Hörmətli qonaqlar, idarə və təşkilatların, ictimai qurumların, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri "Sahil bağı"nı gəzdilər, maraqlı gül ekspozisiyaları ilə tanış oldular, bayramın iştirakçıları ilə səmimi söhbətlər etdilər.
Sonra Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirildi. Məktəblilərin asfalt üzərində çəkdiyi şəkillər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. Əzəmətli fəvvarələrin qarşısında al-əlvan güllərlə memar Ramiz Xəlifəliyevin hazırladığı "Səbail" gəmisi, sanki, gül-çiçək dənizinin limanında qərar tutmuşdu. Gözəl gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında ümummilli lider Heydər Əliyevlə bağlı təsvirlər, gənc rəssam Fərid Nəcəfovun güllərlə və ulu öndərin müxtəlif şəkilləri ilə bəzədiyi Səbail rayonunun simvolu olan "Qız qalası", "Azərbaycan müğamı", "Möminə Xatun" məqbərəsi və Azərbaycanda ilk neft buruğunun güllə işlənmiş maketləri bayram iştirakçılarının diqqətini xüsusilə cəlb edirdi. Əl işlərinin arasında bu ay ilk dəfə ölkəmizdə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinə həsr olunmuş təsvirlər də var idi.
Rayonun 2, 6, 7, 49, 50, 51, 160, 162, 163, 189, 190, 203, 236, 239 saylı məktəblərinin, 123-134 saylı təhsil kompleksinin, 33, 46, 53, 136, 157, 332 saylı uşaq bağçalarının, 20 və 35 saylı uşaq yaradıcılıq və texniki mərkəzlərinin şagirdlərinin nümayiş etdirdikləri gül kompozisiyaları və müxtəlif materiallarla işlənmiş sənət nümunələri ümumi mənzərəni zənginləşdirirdi.
Tələbə, şagird və kiçik yaşlı uşaqların hazırladıqları əl işlərinə Səbail RİH-nin komissiyası baxış keçirdi və fərqlənən müəlliflərə hədiyyələr təqdim olundu.
"Gül bayramı"nda iştirak edən Dövlət Neft Şirkətinin kollektivləri də bağda rəngbərəng güllərdən düzəldilmiş müxtəlif eksponatları nümayış etdirirdilər.
Respublikanın populyar müğənnilərinin rəngarəng ifaları, Səbail rayonu ümumtəhsil və musiqi məktəbləri kollektivlərinin nəğmə və rəqslərdən ibarət konsert proqramı "Gül bayramı"nı daha maraqlı və yaddaqalan etdi.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında