Şriftin ölçüsü:
03.05.2012 05:29 | Oxunma sayı: 468
Azərbaycan ölkə ətrafında gedən siyasi oyunlara baxmayaraq, "Eurovision" müsabiqəsini qəbul etməyə hazırdır. Bunu çərşənbə günü Trend-ə eksklüziv müsahibəsində Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov demişdir:"Azərbaycan "Eurovision" müsabiqəsini qəbul etməyə hazırdır və Ermənistan tərəfindən torpaqlarımızın davam edən işğalına, çoxlu sayda qaçqın və məcburi köçkünlərin olmasına, ölkəmiz ətrafında gedən siyasi oyunlara baxmayaraq, bütün dünyaya göstərməyə hazırdır ki, biz irəli gedirik və yaxın gələcəkdə bütün inkişaf istiqamətləri üzrə qabaqcıl ölkələr sırasına daxil olacağıq".
- Bu yaxınlarda AŞ PA-nın üzvü Kristof Ştrasser və AFR hökumətinin insan hüquqları və humanitar yardım üzrə komissarı Markus Löninq may ayının sonlarında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsini boykot etməyə çağırıblar.
Hesab edirəm ki, hansısa ölkədə vəziyyətə dair məruzə hazırlamaq fikrində olan, lakin bu ölkəyə səfər etməkdən imtina edən, Azərbaycandakı demokratik institutların inkişafı prosesinə açıq-aydın qərəzlə yanaşan siyasətçinin öncə öz vətənindəki işlərə nəzər salması faydalı olardı. Azərbaycan hakimiyyətini bəzi məsələlərlə bağlı ardıcıl olaraq tənqid edən Markus Löninqə gəldikdə, insan hüquqları üzrə komissarın (ombudsman) Almaniya Xarici İşlər Nazirliyinin tərkibinə daxil olması faktı çətin ki, onun mövqeyinin tamamilə müstəqil və qərəzsiz olduğunu sübut edə bilsin.
Fuad Ələsgərov daha sonra bildirmişdir ki, Bundestaqın deputatı və Avropa İttifaqının lideri roluna iddia edən Almaniya Federativ Respublikasının insan hüquqları üzrə komissarının ilk növbədə öz ölkəsində insan haqlarının müdafiəsi ilə məşğul olması yaxşı olardı. Gördüyümüz kimi isə orada bu sahədə problem az deyil. Bu günədək Almaniya hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının pozulması ilə bağlı 97 qərarını yerinə yetirməmişdir. Onların sırasında, məsələn, 2003-cü ildən məhkəmədə işə həddindən çox baxılması ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 6 maddəsinin pozulması barədə qərar hələ də yerinə yetirilməmişdir. AFR hökuməti indiyədək bu qərarın icrasında ümumi xarakterli ölçülər götürməmişdir.
Administrasiya rəsmisi qeyd etmişdir ki, bundan başqa, Avropa Məhkəməsinin son qərarlarından biri Şvabe və digərlərinin işi ilə bağlıdır: "İddia qaldıranlar nəzərdə tutulan etiraz aksiyasından əvvəl maşınlarında siyasi məhbusların azad edilməsini tələb edən plakatlarla əlaqədar aydın olmayan şübhələr əsasında 5 sutka saxlanılmışlar. Bu işdə Məhkəmə iddia qaldıranların yığıncaq keçirmək azadlığının pozulmasını təsdiqləmişdir. Dünən isə Berlində sol gənclər hərəkatlarının 1 may aksiyaları keçirilmişdir. İnformasiya agentliklərinin məlumatına görə, saxlanılan və xəsarət alanlar var, lakin onların dəqiq sayı məlum deyil. Küçələr polis işçiləri tərəfindən dövrəyə alınmışdır, döngələrdə bir çox polis maşını, təcili yardım maşınları var, şəhərə vertolyotlarla nəzarət edilir. Məlumata görə, təşkilatçılar Berlinin ətraf yerlərindən birinə yürüşə başlamışlar və aksiyanı şəhərin mərkəzində başa çatdırmağı planlaşdırırdılar, lakin polis buna imkan verməmişdir".
Fuad Ələsgərov xatırlatmışdır ki, ötən il radikal müxalifət nümayəndələri Bakının mərkəzində icazəsiz aksiya keçirməyə cəhd ediblər. Həmin cəhd ictimai asayişin pozulması, habelə vətəndaşlara və təşkilatlara zərərin dəyməsi ilə nəticələndi. Bakıda akkreditə olunan beynəlxalq təşkilatlar və diplomatlar hakimiyyəti tənqid etdilər. Maraqlıdır, belə tənqidi Berlindəki iğtişaşlara münasibətdə də eşidəcəyikmi?! Hazırda Almaniyada milliyətçilik və ksenofobiyanın artdığı müşahidə edilir, bununla yanaşı, hakimiyyətin torpaq və federal orqanları bu prosesə çox da mane olmurlar. O əlavə edib ki, bu gün avropalı xarici görünüşü olmayan əcnəbi vətəndaşın Berlin küçələrində gəzməsi təhlükəsiz deyil.
O qeyd edib ki, Bakı isə bu gün dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. "Bunu Bakının təhlükəsiz şəhər olduğunu etiraf edən "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand da təsdiq edib", - F.Ələsgərov deyib.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.