Şuşanın işğaldan azad olunacağı gün uzaqda deyil

Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsindən 20 il ötür. 1992-ci il mayın 8-də mənfur ermənilər havadarlarının yaxından köməyi ilə Şuşa şəhərini ələ keçirməklə Dağlıq Qarabağın Azərbaycandan faktiki olaraq qoparılmasına nail oldular. 
Bu günlərdə Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20- ci ildönümü münasibətilə ölkəmizin hər yerində anım mərasimləri keçirilir, ermənilərin təcavüzkar siyasəti qətiyyətlə pislənilir, vətən şəhidlərinin ruhu ehtiramla yad olunur.
Dünən paytaxtın Nərimanov rayonunda keçirilən anım mərasiminin iştirakçıları öncə rayon icra hakimiyyəti binasının foyesində Azərbaycanın qədim mədəniyyət və qəhrəmanlıq salnaməsini özündə yaşadan Şuşa şəhərinin tarixi, incəsənəti və təbii gözəlliklərini əks etdirən foto-sərgi ilə yaxından tanış oldular.
Nərimanov rayonu və Şuşa şəhər ictimaiyyəti nümayəndələrinin, millət vəkillərinin, eləcə də çoxsaylı qonaqların iştirak etdikləri tədbiri giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açdı. Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın unikal mərkəzlərindən biri olan, təbii gözəllikləri ilə seçilən Şuşa şəhərinin zəngin tarixi keçmişindən söhbət açan A. Fərzəliyev qeyd etdi ki, əsrlər boyu hər cür hərbi müdaxiləyə, işğalçılıq siyasətinə mərdliklə sinə gərən Şuşa şəhəri XX əsrin sonlarında Azərbaycana rəhbərlik edən naşı şəxslərin günahı ucbatından düşmən qüvvələrinin əlinə keçdi. Mərkəzin biganə münasibəti ilə üzləşən Şuşa şəhərinin qəhrəman müdafiəçiləri təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələrinə qarşı son damla qanlarına qədər vuruşdular. Şuşanın müdafiəsi zamanı 195 soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itgin düşdü. Bir sıra tarixi abidələrimiz yerlə yeksan edildi. Ermənistanın təcavüzkar siyasətinin qurbanı olmuş Şuşanın işğalının xalqımızın mənəviyyatına ağır zərbə olduğunu diqqətə çatdıran natiq uzun illər bu hadisəyə qiymət verilmədiyindən təəssüfləndiyini bildirdi. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə gəlişindən sonra əldə olunmuş atəşkəs sazişi torpaqlarımızın, o cümlədən Şuşa şəhərinin düşmən əsarətindən xilas edilməsi üçün sülh danışıqlarına başlamağa imkan yaratdı. Prezident İlham Əliyevin "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" 9 aprel 2012-ci il tarixli sərəncamının icrası ilə bağlı hazırda Nərimanov rayonunda geniş tədbirlərin həyata keçirildiyini bildirən A. Fərzəliyev işğal olunmuş torpaqlarımızın, o cümlədən Şuşanın azad ediləcəyi günün çox da uzaqda olmadığını vurğuladı.
Tədbirdə iştirak edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, millət vəkilləri Elman Məmmədov, Rasim Musabəyov və Adil Əliyev çıxış edərək mənfur qonşularımızın havadarlarının köməyinə arxalanaraq zaman-zaman torpaqlarımızın işğal edilməsi istiqamətində həyata keçirdikləri məkrli siyasətin acı nəticələrindən söhbət açdılar. Qeyd olundu ki, tarixi müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın siyasi rəhbərliyinə gələn səriştəsiz və ambisiyalı şəxslərin anti-milli və biganə münasibətinin qurabanı olan alınmaz qalamız Şuşa şəhəri düz 20 ildir ki, düşmən əsarəti altında inildəyir, imdad diləyir. 20 ildir ki, şuşalılar, eləcə də bütün Azərbaycan xalqı Şuşa həsrəti ilə yaşayır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı lazımi işlərin görüldüyünü diqqətə çatdıran natiqlər bir sıra beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in Minsk qrupunun, eləcə də iri dövlətlərin torpaqlarımızın işğaldan azad edilməsi üçün qətiyyət nümayiş etdirmədiklərindən təəssüfləndiklərini bildirdilər. Ölkə Prezidenti İlham Əliyevin "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" imzaladığı sərəncamın bütün dünyaya bir mesaj olduğunu vurğulayan natiqlər dövlət başçısının torpaqlarımızın düşmən təcavüzündən azad olunması istiqamətində göstərdiyi səmərəli fəaliyyətin tezliklə müsbət nəticə verəcəyini diqqətə çatdırdılar. Qeyd olundu ki, ölkəmizin iqtisadi qüdrətinin anbaan artması ilə hərbi imkanlarımız da getdikcə genişlənir, bu da öz növbəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamı artırır.
Tədbirə yekun vuran A. Fərzəliyev qeyd etdi ki, hazırda məcburi köçkünlük həyatı yaşayan Şuşa şəhəri və onun sakinlərinin əksəriyyəti məhz Nərimanov rayonunun ərazisində məskunlaşmışdır. Bu isə o deməkdir ki, Prezidentimizin nümayiş etdirdiyi qətiyyətli və prinsipial mövqe nəticəsində işğaldan azad olunacaq Şuşa şəhərində həyata keçiriləcək quruculuq işlərində Nərimanov rayonunun sakinləri də yaxından iştirak edəcəklər. O gün isə uzaqda deyil.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında