Azərbaycanlı jurnalistlər Türkiyədə

Ölkəmizin rayon və şəhərlərində fəaliyyət göstərən jurnalistlərin Türkiyəyə səfəri başa çatmışdır. Azərbaycan Mətbuat Şurasının və Türkiyə Cümhuriyyəti Baş Nazirliyi yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə "Təcrübə mübadiləsi proqramı" azərbaycanlı jurnalistlərə 4 gün ərzində qardaş ölkənin mediası, xüsusilə regionların kütləvi informasiya vasitələri ilə yaxından tanış olmaq və birgə əməkdaşlıq yollarını aramaq üçün əlverişli imkanlar yaratmışdır. Qədim və zəngin tarixə, mədəni irsə malik Türkiyənin özəl qaynaqlarını əyani görmək də layihəyə zəngin çalarlar əlavə etmişdir.
Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin rəhbərliyi ilə Türkiyəyə getmiş jurnalistlər aprelin 25-də Ankarada, 26-da isə Konyada proqram çərçivəsində görüşlər keçirmişlər. Səfərin son 2 günü isə İstanbul təəssüratları ilə yadda qalmışdır. Media təmsilçilərimiz burada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin şərəfinə ucaldılan abidənin önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rəhim Hüseynzadə qardaş ölkədə keçirdikləri görüşlər barədə məlumat verərək dedi:
- İstanbulda "KanalTürk"də olduq. Direktor Tarik Toruz söhbətlərində türk mediasının dünəninin və bugününün təhlilini verdi. O, ölkənin kütləvi informasiya vasitələrinin əsasən 4-5 güclü media qrupunun əlində cəmləşdiyini bildirdi, "KanalTürk"ün "Bu gün" qəzeti, informasiya agentliyi və xəbər portalları ilə "İpək" Media Qrupunda təmsil olunduğunu söylədi. Görüşdə hər iki ölkədəki KİV-lərin sayı ətrafında müzakirə gedərkən direktor Türkiyədəki mövcud çoxluğu məqbul saymayıb dedi ki, 4-5 ümummilli telekanal, 2-3 xəbər kanalı kifayətdir. Qəzetlərin gündəlik tirajının son 20 il ərzində 5 milyonu ötmədiyinə, reklamların ümumi xərcin yanlız bir hissəsini ödədiyinə diqqəti çəkərək, o, burada da tənzimlənməyə ehtiyac duyulduğunu söylədi.
"Bu gün" qəzetinin baş redaktoru Erhan Başyurd isə nəşrin bütün ölkədə yayımlandığı, tərəfsiz və qərəzsizliyin başlıca deviz olduğu, nadir hallarda kənar müəlliflərin məqalələrinin dərc edildiyi, köşə yazarlarının daha önəmli statusu, əməyin dəyərləndirilməsi formaları və s. məsələlər barədə söhbət açdı. Türk Dünyası Bələdiyyələri Birliyinin baş katibi Mustafa Başkurdla görüş də yaddaqalan oldu. Sonra İstanbulun fəthini əks etdirən "Panorama - 1453" muzeyi ilə tanış olduq.
Aprelin 28-də "Zaman" qəzetindəki görüşün təəssüratı da unudulmazdır. "Zaman" qəzetinin gündəlik 1 milyonluq tirajı, yüksək iş şəraiti, ictimai nüfuzu, gələcəyin jurnalistlərini hazırlama mexanizmi onun media məktəbi kimi formalaşdığını göstərir. Ölkənin ən iri informasiya agentliklərindən biri sayılan "Cihan"ın xarici xəbərlər direktoru Yakup Şalvarçı bizimlə görüşündə bildirdi ki, Türkiyənin bir çox yerli telekanalları üçün xəbər proqramları da burada hazırlanır, birbaşa efirə ötürülür.
Səfərin son görüşü Türkiyə Qəzetəçilər və Yazarlar Birliyində oldu. Avropa və Asiyanın qovuşacağında yerləşən birliyin ofisində iki qardaş ölkənin medialarının xüsusiyyətləri ətrafında diskussiya aparıldı. "Dialoq Avrasiya Platforması"nın rəhbəri İsmayıl Tas və Türkiyə Qəzetəçilər və Yazarlar Birliyinin baş katibi Erkan Tufan Aytab hər iki qurumun fəaliyyət istiqamətlərindən söhbət açdılar. Yeri gəlmişkən deyim ki, Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qəzetəçilər və Yazarlar Birliyi qarşılıqlı məsləhətləşmələr əsasında "Həqiqətə xidmətə görə" mükafatı təsis edib və artıq üç dəfə təqdimetmə mərasimi keçirilib. Rəhim Huseynzadə sonda bildirdi ki, hər iki ölkənin jurnaistləri arasında belə görüşlərin davam etdirilməsi, təcrübə mübadilələri aparılması zəruri və faydalıdır.
Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında