Bakıda "Eurovision - 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı bütün lazımi təhlükəsizlik tədbirləri davam etdirilir

Bakı Polis Qarnizonunun şəxsi heyəti Azərbaycanda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsinin təhlükəsizlik şəraitində keçirilməsi üçün bütün qüvvə və texniki vasitələrlə lazımi səviyyədə təmin edilir və bu istiqamətində xidməti fəaliyyətini davam etdirir.
Bu sözləri müsahibəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov demişdir.
Səhlab Bağırov Bakı polisinin "Eurovision - 2012" mahnı müsabiqəsinə hazırlığı ilə əlaqədar bildirmişdir ki, yarışmanın təşkilində və keçirilməsində daxili işlər orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mahnı müsabiqəsi zamanı təhlükəsizlik tədbirlərinin səmərəli təşkili məqsədilə xüsusi Tədbirlər Planı imzalamışdır. Aprelin 20-də keçirilən kollegiya iclasında da vurğulanmışdır ki, bu sahədə polisin qarşısında duran əsas vəzifələr qonaqların ölkədə hərəkət marşrutları, paytaxtda qalacaqları, istirahət edəcəkləri, gəzintiyə çıxacaqları yerlərdə ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsidir.
Məlum olduğu kimi, "Eurovision - 2012" mahnı müsabiqəsi möhtəşəm beynəlxalq tədbirdir, onun keçirildiyi müddətdə Avropanın, bütün dünyanın diqqəti Azərbaycanda, paytaxt Bakıda olacaqdır. Müsabiqəyə çoxsaylı turistlərin, xarici dövlətlərin rəsmi şəxslərinin, iştirakçıların, KİV nümayəndələrinin, minlərlə qonağın gəlməsi gözlənilir.
Artıq may ayının birinci yarısından etibarən nümayəndə heyətləri, iştirakçılar və qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportundan, eləcə də Bakı Dəmir Yolu Vağzalından və Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ölkəyə daxil olmağa başlayacaqlar. Eyni zamanda, müsabiqə iştirakçılarının iş fəaliyyəti başlayacaqdır. Müsabiqə çərçivəsində paytaxtda çoxsaylı tədbirlər keçiriləcəkdir. Məşqlərdən sonra asudə vaxtlarda müsabiqə iştirakçıları, nümayəndə heyətləri və qonaqların ərazidə istirahətləri də nəzərdə tutulur. Beynəlxalq tədbirin keçirildiyi müddətdə rəsmi ziyafətlər də təşkil olunacaqdır.
S.Bağırov demişdir ki, mahnı müsabiqəsi ərəfəsində və dövründə paytaxtda ictimai asayişin, hüquq qaydalarının və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı polisi tərəfindən zəruri tədbirlər görülməkdədir. Baş verə biləcək hər hansı qanunazidd hərəkətlərin, fövqəladə hadisənin qarşısının dərhal alınması, xidməti fəaliyyətin nümunəvi təşkili üçün Tədbirlər Planına müvafiq olaraq, hazırlıq işləri aparılır. Bakı şəhərində qonaqların qalacaqları otel və mehmanxanalarda, tədbirin keçiriləcəyi yerin ətrafında bütün zəruri mühafizə tədbirləri görülür. Bakı Polis Qarnizonunun şəxsi heyəti bu müsabiqənin təhlükəsizlik şəraitində keçirilməsi üçün bütün qüvvə və texniki vasitələrlə lazımi səviyyədə təmin edilir və bu istiqamətində xidməti fəaliyyətini davam etdirir.
"Eurovision - 2012" mahnı müsabiqəsinin ötən illərdə keçirildiyi Rusiya Federasiyasının və Almaniya Federativ Respublikasının müsbət təcrübəsi öyrənilir və tətbiq edilir. Eyni zamanda, bu müsabiqənin Azərbaycanda keçirilməsi ilə əlaqədar Vyana Polis Departamenti ilə Bakı Şəhər Baş Polis İdarəsi arasında təcrübə mübadiləsi çərçivəsində təlimlər keçirilmişdir.
Rəis müavini bildirmişdir ki, polisin xarici qonaqlarla etik davranış qaydalarına uyğun davranması, səliqəli və nümunəvi zahiri görünüşdə olması çox vacib məsələlərdən biridir. Bu məqsədlə "Eurovision - 2012" mahnı müsabiqəsinin əhəmiyyəti və siyasi mahiyyəti barəsində şəxsi heyətlə izahedici söhbətlər aparılmışdır. Keçən ilin sentyabr ayından etibarən bayır xidməti əməkdaşlarının normal səviyyədə ingilis dilinə yiyələnməsi üçün xüsusi kurslar təşkil edilmişdir. Eyni zamanda, müvafiq xarici dillərdə mükəmməl danışan əməkdaşlar da bayır xidmətinə cəlb ediləcəkdir.
Eyni zamanda, müsabiqə ərəfəsində və keçirildiyi dövrdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək şəxsi heyətin sayı, stasionar post və marşrutların dislokasiyası müəyyən edilmiş, xidmətin aparılmasının gücləndirilmiş varianta keçirilməsi və rəhbər vəzifəlilərin xüsusi cədvəl üzrə gündəlik növbətçiliyinin təşkil olunması üçün hazırlıq işləri həyata keçirilmişdir. Şəxsi heyətin peşəkar hazırlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Hazırda "Eurovision - 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı bütün lazımi təhlükəsizlik tədbirləri davam etdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında