Mayın 1-də Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə cari məsələlərə baxılmışdır.
Müzakirələr zamanı deputatlar son zamanlar Almaniyanın bəzi mətbu orqanlarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsini və "Eurovision" mahnı müsabiqəsi ərəfəsində ölkəmizdə qarışıqlıq yaratmaq istəyən qüvvələrin hərəkətlərini pisləmişlər.
İclasda ilk çıxış edən deputat Azay Quliyev bildirmişdir ki, bəzi mətbu orqanlar Azərbaycan ilə Almaniya dövləti arasında əlaqələrin zəiflədiyi barədə məlumat yayırlar. Onun fikrincə, belə yazılara səthi yanaşmaq olmaz. Almaniyada "Yaşıllar fraksiyası" Azərbaycan ilə bağlı qeyri-dəqiq mövqe nümayiş etdirir. Bu cür məsələlərə xüsusi fikir vermək lazımdır.
Sonra iclasda Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış etmişdir. Səməd Seyidov AŞPA-nın son sessiyasının iclasından danışmışdır. Bildirilmişdir ki, Azərbaycan təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirmişdir. Bəzi qüvvələr var ki, Azərbaycan ilə bağlı öz maraqlarını diktə etməyə çalışırlar. Bu xüsusi olaraq AŞPA-nın Azərbaycan üzrə məruzəçisi almaniyalı deputat Kristofer Ştrasserlə bağlıdır. Onun mövqeyi doğru deyildir. Ştrasser ancaq Azərbaycanda siyasi məhbus axtarışındadır və bu adam Azərbaycanı hədəf götürmüşdür.
S.Seyidov bildirdi ki, məsələ ilə bağlı K.Ştrasserə məktub yazmış, onunla açıq müzakirə aparmışdır. Görüş zamanı almaniyalı deputat açıq şəkildə bildirmişdir ki, o, Azərbaycanda yalnız siyasi məhbus axtarışında olacaqdır. Bu, bizim üçün qəbuledilməzdir. Ştrasserin diqqətinə çatdırılmışdır ki, beynəlxalq təşkilatlar Ermənistanda 55 nəfərin siyasi məhbus kimi həbsdə saxlandığını iddia edirlər və həmin 55 nəfər Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa əsgər kimi göndərilməkdən imtina etdiklərinə görə həbs olunublar. Amma AŞPA-da bunu insan haqları məsələsi ilə bağlı əlaqələndirmirlər. Halbuki bu, çox dəhşətli bir məsələdir. Bununla Azərbaycana təzyiq edirlər və bu təzyiqlə Azərbaycanı hərtərəfli hədəfə götürmək istəyən qüvvələr vardır. Azərbaycan öz öhdəliklərini həmişə həyata keçirib, biz həmişə açıq müzakirələrə hazırıq və bizə qarşı qərəzli yanaşanları heç vaxt qəbul etməyəcəyik.
İclasda Kristofer Ştrasserin Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" mahnı müsabiqəsini boykot etmək çağırışına Milli Məclisin sədri Oqtay Əsədov münasibət bildirərək demişdir: "Bu onun səviyyəsini və Azərbaycana qərəzli yanaşdığını göstərir. Eyni zamanda, Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzli yanaşır və Azərbaycanda "Eurovision"u boykot etməyə çağırır. Onlar yüz minlərlə, milyonlarla insanın hüququnu pozurlar, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi barədə bir kəlmə də danışmırlar. Onlar insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu, hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bunların kökündə nə dayanır".
Sonra iclasda çıxış edən deputatlar Kristofer Ştrasserin fikirlərinə kəskin etiraz bildirmişlər. Deputat Çingiz Qənizadə bildirmişdir ki, Azərbaycana qarşı kampaniyanın başında Almaniya Yaşıllar Partiyası dayanır. Üç il əvvəl bunu bizə Avropa Şurası Parlament Assambleyasında da bildirmişdilər.
Deputat Fəzail İbrahimli isə sözügedən kampaniyanın arxasında erməni kapitalının dayandığını söyləmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov isə bildirmişdir ki Azərbaycan ilə Almaniya arasında dostluq münasibətləri mövcuddur. Ancaq Almaniyanın bəzi mətbu orqanlarının fəaliyyəti Azərbaycana qarşı yönəlmişdir. Düşünürdüm ki, Almaniyanın Azərbaycandakı səfiri buna qarşı çıxan taktikaya üstünlük verəcəkdir. Ancaq təəssüf ki, bunun əksi oldu. İddia edilir ki, biz "Eurovision" müsabiqəsindən istifadə edərək Azərbaycanın imicini yüksəltməyə çalışırıq. Sual ortaya çıxır: bəs niyə onlar "Eurovision" müsabiqəsindən istifadə edərək Azərbaycanın imicini korlamağa çalışırlar? Pisdir, bunu niyə edirlər, yaxşıdır, bunu niyə irad tuturlar?
Deputat Siyavuş Novruzov da Almaniya səfirinin fəaliyyətindən danışaraq, onun Azərbaycana qarşı kampaniyada iştirak etdiyini söyləmişdir.
YAP icra katibinin müavini Mübariz Qurbanlı mənəvi jandarmlığın xeyir gətirməyəcəyini vurğulamış və demişdir ki, Almaniya xalqı bu insanların cavabını verəcəkdir.
Müzakirələrin sonunda Oqtay Əsədov diqqətə çatdırmışdır ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər yüksək səviyyədədir və "Yaşıllar" fraksiyasının 16 deputatı Bundestaq demək deyildir. Spiker parlamentin Almaniya ilə dostluq qrupuna sözügedən məsələ ilə bağlı iş aparmaq barədə konkret tapşırıq vermişdir.
Sonra Şuşa şəhərinin işğalının 20 illiyi ilə bağlı məsələ geniş müzakirə olunmuşdur.
Milli Məclis sədrinin müavini Bahar Muradova demişdir: "Mən bununla bağlı siyasətçi kimi deyil, hüquqları pozulmuş məcburi köçkün kimi çıxış edirəm. Çıxışımı diplomatik qaydalara uyğun şəkildə qurmayacağam. Azərbaycan vətəndaşı olaraq, öz ev-eşiyini itirən məcburi köçkünlərdən danışacağam. Bu məsələdə mənim də hüquqlarım pozulub, məcburi köçkünəm və 20 ildir Şuşasız, Qarabağsız yaşamaq çox çətindir. Bu məsələ ilə bağlı 20 ildir beynəlxalq təşkilatlarla diplomatik qaydada danışıqlar aparılır. Amma çox təəssüf ki, Ermənistan-Azərbaycan münasibətlərində ikili standartlar vardır".
Şuşanın işğalı faktına dünya birliyinin laqeyd yanaşmasını pisləyən vitse-spiker demişdir: "Eurovision"la bağlı Azərbaycanın əleyhinə çıxış edən beynəlxalq qüvvələrə və güclərə dəstək verənlərə müraciət etmək istəyirəm. Dövlətimizi, millətimizi müdafiə etmək lazımdır. Öz gücümüzü düşmənlərimizə qarşı qoymaq lazımdır. "Eurovision" və Şuşanın işğalının 20 illiyi ərəfəsində tədbir keçirmək istəyənlər heç olmasa diqqəti bu məsələyə yönəltsinlər".
Vitse-spiker Şuşanın işğalının 20 illiyi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməyi təklif etmişdir.
Bu çıxışa münasibət bildirən parlamentin sədri Oqtay Əsədov demişdir ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları və BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı sənədlər qəbul ediblər. Onlar öz sənədlərinə hörmətlə yanaşmırlarsa, ikinci bir sənədin qəbul olunmasına heç bir ehtiyac yoxdur. Artıq bu, ikili standartları göstərir.
Müzakirələr zamanı deputatlardan Astan Şahverdiyev, Fəzail Ağamalı, Qənirə Paşayeva, Gövhər Baxşəliyeva, Siyavuş Novruzov, Mübariz Qurbanlı və başqaları çıxış edərək bildirmişlər ki, Şuşa Azərbaycanın nadir mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qeyd olunmuşdur ki, 1977-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın təcavüzkar etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdır. Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmişlər. Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə soydaşlarımız şəhid olmuş, yaralanmış, əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talamış, yüzlərlə tarixi-mədəniyyət abidəsini dağıtmış, məbədgah və məscidləri təhqirlərə məruz qoymuş, çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərmişlər.
İclasda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar anma mərasimlərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamının əhəmiyyəti xüsusi vurğulanmışdır.
Müzakirələrdən sonra Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və dünya parlamentlərinə müraciət qəbul edilmişdir (müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunmuşdur).
Sonra iclasda gündəlikdəki qanun layihələri müzakirə edilmişdir.
Əvvəlcə "Əhalinin sağlamlığının qorunması haqqında", "Mühasibat uçotu haqqında" qanunlara, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilmişdir.
Daha sonra "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə olunmuşdur. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov bildirmişdir ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsini təmin edəcək, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısını alacaqdır.
Qanun layihəsində əsas anlayışlarla yanaşı, mülki hüquqi müdafiəni təmin edən prosedurlar, sübutlar, informasiya hüququ, bu qanunun tətbiq sahəsi, müəlliflik hüququ, əlaqəli hüquqlar və s. müddəalar əksini tapmışdır. Müzakirələrdən sonra 4 fəsil, 17 maddədən ibarət olan qanun layihəsi birinci oxunuşda əsas kimi qəbul edilmişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.