Binəqədi rayonunda Gül bayramı keçirilmişdir

Hər il may ayının gəlişini xalqımız böyük sevinc hissilə qarşılayır. Bu, təsadüfi deyil. Çünki may ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin doğum günü böyük məhəbbətlə bayram edilir. Əlamətdar gün münasibətilə artıq neçə ildir ki, doğma ölkəmizin hər bir guşəsində keçirilən Gül bayramı hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqımızın bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.
Dünən Binəqədi rayonunda da əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Həzin musiqi sədaları hər bir binəqədilini 6-cı mikrorayondakı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına parkın ərazisində keçirilən ümumrayon Gül bayramına səsləyirdi. Tədbirin əsas iştirakçıları təhsil, səhiyyə və mədəniyyət kollektivlərinin nümayəndələri idi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputat Madər Musayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyətin nümayəndələri parkda düzənlənən gül kompozisiyaları və əl işləri ilə tanış oldular.
Gül bayramında rayon isra hakimiyyətinin başçısı X. İsgəndərov ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, dünyada ictimai-siyasi xadim kimi qazandığı böyük nüfuzdan bəhs etmişdir.
Zərifə Əliyeva adına parkda yaradılan müxtəlif gül kompozisiyaları, pannolar, şəkil və plakatlar, əl işlərindən ibarət sərgilər toplaşanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə beləcə maraqla baxmağa vadar edirdi. Rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq-tərbiyə müəssisələrinin nümayəndələri aylardan bəri gördükləri işləri burada sərgiləmişdilər. Ümumilikdə, rayonun məktəbləri və tərbiyə müəssisələri tərəfindən ən yaxşı sənət, əl işi və rəsm, gül kompozisiyalarından ibarət nümunələr münsiflər heyətinin ixtiyarına verilmişdi.
Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin 89 illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun ruhuna ehtiram və səmimiyyət hissləri qabarıq nəzərə çarpırdı. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna formalaşmışdı - ulu öndərə sonsuz qayğı və ehtiram! Tamaşaçı seyr edir, onu maraqlandıran mövzularda suallar verirdi, qiymətləndirmək işi isə münsiflər heyətinin üzərinə düşürdü.
Gül bayramnda rayondakı mədəniyyət evlərinin bədii kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etdilər.
Bayramda nümayiş etdirilən "Ən yaxşı gül-çiçək kompozisiyası", "Ən yaxşı dekorativ gül rəsmi", "Ən yaxşı tətbiqi sənət nümunəsi", "Asfalt üzərində ən yaxşı gül rəsmi", "Ən gözəl gül geyimi" kompozisiyalarına baxış keçirildi. Münsiflər heyəti tərəfindən həmin nominasiyalar üzrə qiymətləndirmə işləri aparıldı.
Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında