Metsamor təkcə region üçün deyil, bütün dünya üçün böyük təhlükə mənbəyidir

Azərbaycan may ayında sədrlik edəcəyi BMT Təhlükəsizlik Şurasında məsələni gündəmə gətirəcəkdir

{nl}


Regionda və dünyada sülhün, sabitliyin, əmin-amanlığın tərəfdarı olan Azərbaycan Respublikası dünya ictimaiyyətinin diqqətini bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilən Metsamor Atom Elektrik Stansiyasına yönəltməyə çalışır. Ölkəmiz qoşulduğu Nüvə Terrorçuluğuna Qarşı Qlobal Mübarizə Təşəbbüsü və Prinsiplər Toplusu çərçivəsində beynəlxalq razılaşmanın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə çalışaraq, may ayında BMT-nin Təhlükəsizlik Şurasında sədrliyimiz zamanı bu məsələyə dair yüksək səviyyəli müzakirələrin keçirilməsini planlaşdırır.
26 il bundan əvvəl baş vermiş Çernobıl faciəsinin fəsadlarının hələ də ortadan qalxmadığı bir vaxtda - ötən il Yaponiyadakı dəhşətli zəlzələ nəticəsində Fukusima AES-də yaranmış nasazlıq nəticəsində havaya qalxan radiaktiv buludların bir çox ölkələrin ərazisini qət edərək hətta Avropaya çatması məsələni daha da aktuallaşdırır.
Xatırladaq ki, Azərbaycan bu il martın 26-27-də Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində məsələni gündəmə gətirmişdi. Sammitin martın 27-də keçirilən birinci plenar iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin problemə diqqəti cəlb edərək demişdir: "Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşayan reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqı Şərqi Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru arasında Metsamor reaktorunu "ən köhnəlmiş və ən etibarsız" hesab etmişdir. Hesabatda Metsamor "bütöv region üçün təhlükə" adlandırılır". Azərbaycan Prezidenti sözlərinə onu da əlavə etmişdir ki, biz nüvə enerjisi qurğusunu tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional nüvə təhlükəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini təklif edirik. Bu halda öz qonşularından razılığın alınması, həmin sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər.
Azərbaycan tərəfi bu ay BMT Təhlükəsizlik Şurasının nüvə təhlükəsizliyi üzrə brifinqində də məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Qeyd edək ki, həmin brifinq hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Birləşmiş Ştatların təşəbbüsü ilə baş tutmuşdur. Həmin mötəbər tədbir 2009-cu ilin sentyabrında nüvə təhlükəsizliyi və kütləvi qırğın silahlarının qarşısının alınması üzrə zirvə toplantısının davamı kimi terrorçuların nüvə materialları və texniki yardıma çıxışını kəsmək üçün BMT-nin üzvü olan dövlətlərə TŞ-nin müvafiq qətnamələrinə uyğun surətdə səmərəli tədbirlər həyata keçirmək vəzifəsini xatırlatmaq məqsədi daşıyırdı. Azərbaycan tərəfinin məhz burada Metsamor AES məsələsini gündəmə gətirməsi diplomatik çevikliklə gələcəkdə regionda yarana biləcək çox təhlükəli vəziyyətlərin qarşısının alınmasına hesablanmışdı.
Ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin çıxışı zamanı gətirdiyi əsaslı arqumentlər BMT TŞ-yə üzv dövlətlərin nümayəndələri tərəfindən həyəcanla qarşılanmışdır. Səfir demişdir ki, rəsmi Bakı beynəlxalq ictimaiyyətin artan nüvə təhlükələri və riskləri ilə bağlı narahatlığını bölüşür. O, Azərbaycanın Cənubi Qafqaz bölgəsini nüvədən azad zonaya çevirmək təklifinin həm qonşu dövlətlər, həm də beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirmişdir. Bu baxımdan, Ermənistan ərazisində vaxtı ötmüş Metsamor Atom Elektrik Stansiyasının mövcudluğu ciddi narahatlıq doğurur. Diplomat diqqətə çatdırmışdır ki, beynəlxalq müşahidəçilərin rəyincə, bu stansiyanın reaktoru köhnə, Sovet İttifaqı və Şərqi Avropadakı 6 sovet reaktorundan ən etibarsızı hesab edilərək bütün bölgəyə təhlükə yaradır. Bundan əlavə, yüksək seysmik zonada yerləşən AES-in yerli ərazidə reaktorunu soyudacaq kifayət qədər su ehtiyatları da mövcud deyildir. Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq, gələcəkdə hər hansı faciəvi qəzadan qorunmaq üçün Metsamorun fəaliyyətini dərhal dayandırmağa çağırmışdır.
Təhlükə mənbəyinə çevrilən Metsamorun fəaliyyətində qaranlıq məqamlar çoxdur. Buna görə də Azərbaycan tərəfi qətiyyətlə tələb edir ki, AES-in yoxlanılmasında ölkəmizin nümayəndələri də iştirak etməlidirlər. Ancaq ermənilər iddia edirlər ki, Metsamoru hər il müxtəlif komissiyalar yoxlayır. Lakin ortada Ermənistan tərəfinin iddialarını təsdiq edəcək faktlar yoxdur. Belə ki, bir dəfə də olsun qeyd edilən "komissiyalar"ın yoxlamalarının nəticələri qonşu ölkələrə təqdim olunmayıb. Bu isə o deməkdir ki, şəffaflıq yoxdur. Ona görə də haqlı olaraq tələb edirik ki, şəffaflıq artırılmalı, yoxlamaların nəticələri elan olunmalı, xüsusən, qonşu dövlətlər - Azərbaycan, Türkiyə, Gürcüstan bu barədə mütəmadi məlumatlandırılmalıdırlar. Çünki bu, birbaşa həmin ölkələrin təhlükəsizliyi ilə bağlı məsələdir. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızın kəskin bəyanatla çıxış etməsinin səbəbi də budur. O deyib ki, Türkiyə köhnə, xüsusən onun sərhədləri yaxınlığında yerləşən AES-in istismar olunmasının qətiyyətlə əleyhinədir.
Dünya birliyi də heç bir Avropa standartlarına uyğun gəlməyən, öz resurslarını tükətmiş və köhnəlmiş bir stansiyanın fəaliyyət göstərməsinin əleyhinədir. Hələ 2004-cü ildə Avropa İttifaqı təhlükəli obyektin bağlanması haqqında qərar qəbul etsə də, bu, həyata keçirilməyib. O zaman Böyük Britaniyanın Ermənistandakı səfiri də deyib ki, güclü zəlzələ olsa, bu stansiya darmadağın olacaq və nüvə fəlakəti bütün canlıları məhv edəcək. Təsadüfi deyil ki, Londonda dərc olunmuş bir hesabatda Metsamor AES dünyadakı 442 stansiya arasında 10 ən təhlükəli obyekt sırasına daxil edilmişdir. Bu barədə reportaj yayınlayan Almaniyanın nüfuzlu "Deutsche Welle" (Alman dalğası) radiosu bildirilmişdir ki, 1970-ci illərə aid, köhnə sovet texnologiyası ilə fəaliyyət göstərən Metsamor AES-lə bağlı beynəlxalq aləmin narahatlığı günbəgün artır. Stansiyanın seysmik zonada yerləşməsi xüsusən diqqət çəkir. AES-in yaşı və yerləşdiyi məkan Ermənistan ilə Avropa İttifaqı arasında stansiyanın bundan sonrakı taleyi ilə bağlı mübahisələrə səbəb olmuşdur. Amma Ermənistan stansiyanın istismarı planlarından əl çəkmir. Radio onu da xatırlatmışdır ki, 2000-ci ildə Avropa İttifaqı stansiyanın bağlanması üçün Ermənistana 138 milyon avro təklif etmişdir. Lakin Ermənistan hökuməti bu məbləğin azlığından şikayətlənərək razılaşmamışdır.
Nüfuzlu "National Geographic" jurnalı Ermənistandakı Metsamor AES-in dünyadakı ən təhlükəli stansiyalardan biri olduğu barədə məlumat yaymışdır. Avstriya Tətbiqi Ekologiya İnstitutunun əməkdaşı Antonia Veniş jurnala müsahibəsində vurğulamışdır ki, son illər stansiyada həyata keçirilən tədbirlərə baxmayaraq, təhlükəsizliyin ümumi səviyyəsi heç də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb. Fransanın nüfuzlu "Le Monde" qəzeti stansiyanın 30 il əvvəl təhlükəli seysmik zonada inşa edildiyini yazaraq bildirmişdir ki, Ermənistan hökuməti ölkənin enerji təhlükəsizliyi naminə və yeni reaktor tikilənədək Metsamorun istismar ediləcəyini demişdir. Stansiyanın fəaliyyətinin son tarixi olaraq isə 2020-ci ili göstərmişdir. Qəzet xatırlatmışdır ki, 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra Metsamorun işi dayandırılmış, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti yenidən bərpa edilmişdir. Əlavə olaraq ikinci reaktor da istehsalata buraxılmışdır. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə, bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, Metsamorda böyük qəza törənəcəyi təqdirdə yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər. Fukusimadakı qəzadan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri Metsamor AES-də yoxlamalar aparmışlar. ABŞ və Avropa İttifaqı təkrar istismara verilən stansiyanın fəaliyyətini dəfələrlə ciddi tənqid etmişdir.
Gürcüstan Texniki Universitetinin nüvə məsələləri üzrə mütəxəssisi Gia Arabidze bildirmişdir ki, Metsamorda baş verə biləcək hər hansı bir qəzanın nəticələri Fukuşimadakıdan daha ağır ola bilər: "Bu stansiyanın zəlzələdən dağılması ehtimalı çox yüksəkdir. Xüsusi vurğulamaq istərdim ki, təhlükəsizlik baxımından Yaponiyadakı Atom Elektrik Stansiyaları Sovet İttifaqında tikilənlərdən qat-qat etibarlı və zəlzələyə daha davamlıdırlar". Britaniyalı nüvə fizikası üzrə mütəxəssis Frank Barnaby da hesab edir ki, Metsamor stansiyasının tikiliş forması və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır: "Köhnə üsullarla tikilən stansiyaların təhlükəsizliyi o qədər də yüksək deyil. Demək istədiyim odur ki, müasir stansiyalar əvvəlki modellərdən daha etibarlıdır. Ona görə hesab edirəm ki, Ermənistandakı stansiya o qədər də etibarlı deyil". Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan üzvü, tanınmış tədqiqatçı Sinan Oğan isə vurğulamışdır ki, Türkiyə, Azərbaycan və Gürcüstan Ermənistandakı Metsamor AES-in bağlanması məsələsinin beynəlxalq təşkilatlar səviyyəsində müzakirəsinə nail olmalıdır. Əks təqdirdə bölgədəki ən kiçik zəlzələ belə bütün region üçün təsəvvür edə bilməyəcəyimiz təhlükə meydana gətirə bilər: "Sərhəd boyu bitki örtüyünün quruduğunun şahidi oluruq. Çünki atom stansiyasının soyutma işlərində sudan istifadə olunur. Bu su bütün bölgəyə yayılır və Araz çayına axıdılır. Bundan başqa, atom stansiyasının tullantılarının Dağlıq Qarabağ ərazisində basdırılması haqda da şübhələr meydana çıxıb. Yəni bu stansiya bütün bölgə üçün böyük təhlükə mənbəyidir".
Əslində, vəziyyəti obyektiv qiymətləndirən və təhlükənin səviyyəsindən məlumatlı olan ermənilər də Metsamorun fəaliyyətindən narahatdırlar. Ermənistanda Yaşıl Birlik adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasaryan stansiyadan gələn təhlükə barədə danışarkən deyib ki, Metsamorun çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34, biri 16 kilometr, digəri isə 500 metr məsafədədir. H.Sansaryan təəssüflə bildirib ki, Ermənistan hakimiyyəti bunu bilə-bilə inadla həmin stansiyanın heç bir təhlükəsi olmadığını iddia edir. Stansiyanın keçmiş baş direktoru Suren Azatiyan "Azadliq" radiosunun erməni xidmətinin əməkdaşlarına müsahibəsində deyib ki, hələ də Metsamordan radiaktiv maddələr sızmağını iddia edə bilməz. Bu isə o deməkdir ki, indiyədək AES-də partlayış baş verməsə də, davamlı nasazlıq səbəbindən bu gün bölgə təhlükəli radioaktiv çirklənməklə üz-üzə qalıb.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında