Füzuli rayonuna bu dəfəki səfərimiz xoş bir hadisəyə təsadüf etdi. Məlum oldu ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbulu Aşağı Yağlıvənd kəndində keçiriləcək. Bununla bərabər, həmin kəndə təbii qazın çəkilməsinin də açılışı olacaq.
Necə deyərlər, mövzu özü bizi tapmışdı. Ona görə də hər iki tədbirdə iştirak etməyi qərara aldıq.
Əvvəlcə onu deyək ki, insan amili, vacib sosial problemlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına müəyyən olunmuş müddətdə baxılması Füzuli Rayon İcra Hakimiyyətinin iş üslub və metodlarında, təşkilat-idarəetmə məsələlərində əsas yer tutur. Onu da əlavə edək ki, bilavasitə yerlərdə keçirilən səyyar qəbullar, açıq qapı günləri, görüş və söhbətlər sistemli şəkildə, ardıcıl və müntəzəm xarakter daşıyır.
Təsadüfi deyildir ki, əhali belə görüş və qəbullara böyük maraq və həvəs göstərir. Biz bunun Aşağı Yağlıvənd kəndində keçirilən səyyar qəbulda bir daha şahidi olduq. Kənd orta məktəbinin geniş akt zalı adamla dolu idi. Hiss olunurdu ki, hamının deməyə sözü var. Bunu zalda quraşdırılmış mikrofonların qarşısında yaranan növbə də sübut edirdi.
Açıq, səmimi və işgüzar şəraitdə keçən səyyar qəbulda çox şey aydınlaşdı. Daha dəqiq desək, görülüb başa çatdırılmış işlər də sadalandı, həllivacib məsələlərə də toxunuldu, arzu, təklif və iradlar da bildirildi. O da məlum oldu ki, rayon icra hakuimiyyətinin başçısı Alı Alıyevin 7 ay bundan əvvəl də bu kənddə, elə bu zalda səyyar qəbulu keçirilmişdir. Həmin qəbulda kənd sakinləri bir çox həllivacib problemlərə toxunmuş, ciddi sosial məsələlər qaldırmış, arzu və təkliflərini bildirmişlər. İndi bu kənddə icra başçısının ikinci səyyar qəbulu keçirilirdi. Deməli, bugünkü səyyar qəbul bir növ hesabat xarakteri daşıyırdı - irəli sürülən təkliflər, qaldırılmış vacib sosial məsələlər ötən müddət ərzində necə yerinə yetirilmişdir?
Heydər Hacıyev:
- Keçən dəfəki səyyar qəbulda da birinci mən çıxış etmişdim. Bu gün də mikrofona ən əvvəl mən yaxınlaşdım. Ötən qəbuldakı çıxışım eynilə yadımdadır. Demişdim ki, Aşağı Yağlıvənd kəndində təbii qaz yoxdur. Əsas ağırlıq elektrik enerjisinin üstünə düşür. Bu isə bir çox hallarda qəzalara səbəb olur, fasilələr yaranır. Bildiyiniz kimi, yaxınlıqda meşə zolağı da yoxdur. Ona görə də mənzillərin qızdırılmasında çətinilik çəkirik. Düzdür, kəndə təbii qaz xəttinin çəkilməsinə başlanılıb. Ancaq işin sürəti çox zəifdir. Xahiş edirik ki, bu məsələnin tezliklə həll olunmasına kömək edəsiniz.
İndi o vaxtdan bir necə ay keçib. Fərəhlə deyə bilərəm ki, artıq kəndimizin qazlaşdırılması tamamilə başa çatdırılımışdır.
İcra başçısı:
- Bu gün Aşağı Yağlıvənd kəndinə təbii qaz verilməsinin açılışı olacaqdır. Ötən səyyar qəbulda deyilən söz, verilən vəd vaxtında yerinə yetirilmişdir. Bu, hər şeydən əvvəl, ölkə Prezidenti cənab İlham Əliyevin regionlara, xüsusilə cəbhəyanı yaşayış məntəqələrinə göstərdiyi gündəlik diqqət və qayğının konkret ifadəsidir. Ona görə də biz füzulililər ölkə başçısına öz hədsiz minnətdarlığımızı bildiririk.
Nurməmməd Balaşov:
- Ötən səyyar qəbulda qaldırılan vacib məsələlərdən biri də içməli və təsərrüfat suyu ilə təminatla bağlı idi. Özü də bu məsələni qaldıran mən olmuşdum. İndi isə mikrofona yaxınlaşmaqda məqsədim odur ki, kənd sakinlərinin minnətdarlığını bildirim...
İcra başçısı:
- Bir halda ki, suvarma suyunda heç bir çətinlik yoxdur, deməli, bu il kənd təsərrüfatı məhsulları istehsalını ən azı 2 dəfə artırmaq mümkün olacaqdır.
Fermerlərimizin qərarı da belədir.
- Elə isə uğurlar arzulayıram.
Mirzə Rüstəmov:
- Əvvəllər elektrik enerjisinin verilməsində fasilələrə yol verilirdi. Bu isə haqlı narazılığa səbəb olurdu. Digər tərəfdən, gördüyünüz kimi, kəndimiz öz sərhədlərini xeyli genişləndirmiş, yeni-yeni evlər tikilmiş, yaşayış məhəllələri salınmışdır. Başqa sözlə desək, əlavə elektrik xətlərinin çəkilməsinə böyük ehtiyac var. Ancaq etiraf edək ki, bu məsələ əvvəllər heç kimi maraqlandırmırdı. Keçən səyyar qəbulda da bu barədə geniş danışıldı. Ötən müddətdə bu istiqamətdə xeyli iş görülmüş, elektrik dirəkləri, naqillər yeniləri ilə əvəz olunub. Ancaq, bəmin məsələlərə, xüsusilə yeni yaşayış məhəllələrinə elektrik xətlərinin çəkilişi gecikdirilir.
İcra başçısı:
- Elektrik şəbəkəsinin rəisi burdadırmı?
Hüseyn Kərimov:
- Son hazırlıq işləri görülür...
İcra başçısı:
- Keçən dəfə də belə deyirdiniz.
- Gecikmə obyektiv səbəblərlə bağlıdır.
- Konkret vaxt demədiniz.
- Bu məsələ uzağı 2 aya tamamilə həll olunacaqdır.
Aşağı Yağlıvənd kəndi qısa müddət olsa da düşmən qüvvələrinin işğalı altında qalmışdır. Yalnız 1994-cü ilin əvvəlində Azərbaycan silahlı qüvvələrinin güclü əks-hücumu nəticəsində Horadiz şəhəri, 20-dən çox yaşayış məntəqəsi, o cümlədən Aşağı Yağlıvənd kəndi azad edilmişdir.
Aradan xeyli vaxt keçib. Ancaq erməni vəhşiliyinin izləri az qala hər addımda görünməkdədir. Dağıdılmış, yandırılmış evlər, körpülər, səngər yerləri... Ötən illər ərzində, əlbəttə, bu istiqamətdə müəyyən işlər görülmüşdür. Ancaq görüləsi işlər, həllini gözləyən problemlər hələ də çoxdur.
Təsadüfi deyildir ki, Qızbəs Hüseynovanın dediyi sözlər rayon rəhbərliyinin diqqətini dərhal cəlb etdi:
- Müharibə vaxtı mənim də evim dağılıb. Gücüm çatan qədər təmir eləmişəm. Ancaq bu evdə normal yaşamaq mümkün deyil. Neçə dəfə cəhd etsəm də mənzilimi təmir-bərpa siyahısına saldıra bilməmişəm. Çox xahiş edirəm ki, məni növbəti siyahıya salasınız...
Sabit Səfərov, icra nümayəndəsi:
- İşğaldan sonra Aşağı Yağlıvənd kəndinin demək olar ki, bütün evləri, o cümlədən ictimai və sosial binaları təmir-bərpa olunub. Ancaq hələ də təmirə ehtiyacı olan evlər var. Onlardan biri də Qızbəs Hüseynovanın mənzilidir. Demək istəyirəm ki, həmin mənzil Fövqəladə Hallar Nazirliyinin siyahısına salınıb. Yəqin ki, yaxın vaxtlarda bu işə başlanılacaq.
İcra başçısı:
- Bildiyiniz kimi, işğaldan azad olunmuş yaşayış məntəqəsinin təmir və bərpası ilə həm respublika təşkilatları, həm də müxtəlif beynəlxalq təşkilatlar məşğul olur. Baxın, hansı təşkilat birinci başlayacaqsa, Qızıbəs Hüseynovanın mənzilini o siyahıya salın. Ümumiyyətlə, yeri gəlmişkən, deyim ki, bu sahədə bir sıra sui-istifadə halları olmuşdur. Bir çox hallarda təmir-bərpaya daha çox ehtiyacı olan mənzillər kənarda qalmış, yaxud gecikdirimiş, əksinə nisbətən normal olan mənzillər siyahıya salınmışdır. Bu da vətəndaşlar arasında haqlı narazılığa. yersiz mübahisə və yazışmalara səbəb olurdu. Belə neqativ hallara birdəfəlik son qoymaq lazımdır.
Sözsüz ki, kənddə hələ də öz həllini gözləyən vacib məsələlər də var və səyyar qəbulda iştirak edən sakinlər bu barədə açıq şəkildə danışdılar. Onu da deyək ki, qaldırılan problemlərin bir çoxu keçən səyyar qəbulda da səslənmişdi. Ancaq onların bir çoxu hələ də öz müsbət həllini tapmamışdır. Bəs, səbəb nədir? Səyyar qəbulda bu məsələlərə də aydınlıq gətirildi.
Məsələ burasındadır ki, həmin problemlərin həlli müvafiq respublika təşkilatlarından asılıdır. O məsələlər ki, rayonun öz gücü və imkanı daxilindədir, onlar müəyyən olunmuş müddətdə yerinə yetirilmişdir. Ancaq elə vacib məsələlər var ki, onların həlli deyildiyi kimi, rayonun imkanları səviyyəsində deyildir. Ona görə də biz həllini gözləyən həmin məsələləri qəzet vasitəsilə bir daha yada salır və əlaqədar respublika təşkilatalarının diqqətini cəbhəyanı rayonun sosial problemlərinin həllinə yönəltmək istəyirik.
- Aşağı Yağlıvənd kəndində xəstəxana binasının tikintisinə ciddi ehtiyac var;
- Telefonlaşma hələ də başa çatmayıb;
- Sakinlər Horadiz - Aşağı Yağlıvənd avtobus marşrutunun açılmasını səbirsizliklə gözləyirlər.
- Kənd yollarının təmiri, kənd mədəniyyət evinin tikintisi sakinlərin ürəyincə olardı...
Aşağı Yağlıvənd kəndi rayonun ən böyük yaşayış məntəqələrindən biridir. İndi burada 1721 nəfər yaşayır. Başqa sözlə desək, hamının deməyə sözü vardı. Təkliflər, arzu və qeydlər bir-birini əvəz edir. Əlbəttə, qaldırılan məsələlərin, irəli sürülən problemlərin qısa müddət ərzində həll olunacağını düşünmək də düzgün olmaz. Digər tərəfdən, həmin problemlərin əksəriyyəti illərlə yığılıb qalıb. Bununla belə, əsas cəhət odur ki, səyyar qəbulda irəli sürülən təklif, arzu və iradların həll edilməsi üçün konkret yollar müəyyənləşdirildi, icra müddəti və bu iş üçün məsul olan insanlar və s. dəqiqləşdirildi. Onu da əlavə edək ki, belə səyyar qəbullarda bir qayda olaraq rayon hüquq-mühafizə orqanlarının, bütün idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edir. Bu isə aydın məsələdir ki, irəli sürülən məsələlərin konkret həllinə çox kömək edir.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevi çoxdan tanıyıram. Maraqlı, zəngin həyat yolu keçib. Keçmiş partiya aparatında, müxtəlif idarəetmə strukturlarında məsul vəzifələrdə çalışıb. Təcrübəli, geniş dünyagörüşlü, praqmatik adamdır. Bir rəhbər işçi kimi maraqlı, çevik və operativ iş üslubuna malikdir, yaradıcı, elmi münasibətə daha çox üstünlük verir. Elə ona görə də bu barədə söhbət düşəndə qətiyyətlə bildirdi:
- Heç bir rəsmi arayış və məlumat, telefon zəngi adamlarla canlı ünsiyyəti, səmimi görüş və söhbətləri əvəz edə bilməz. Başqa sözlə desək, indi kabinetdən rəhbərlik dövrü deyil. Həm də nəzərə almaq lazımdır ki, bizim başqa cür işləməyə sadəcə olaraq ixtiyarımız yoxdur. Özünüz diqqət yetirin. İndi füzulililər respublikanın 50-dən çox şəhər və rayonunda məskunlaşmışlar. Elə insanlar var ki, Horadiz şəhərindən 300-400 kilometr uzaqda yaşayır. Onların ortaya çıxan hər xırda bir məsələ ilə bağlı bura gəlmələri görün nə qədər vaxt və vəsait itkisinə səbəb olur. Deməli, biz getməliyik.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, son vaxtlar Füzuli Rayon İcra Hakimiyyətində digər sahələrdə olduğu kimi, vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması sahəisndə zəngin təcrübə qazanılmışdır. Əsas diqqət ona yönəldilmişdir ki, bu sahədə əvvəllər müşahidə olunan nöqsanlar aradan qaldırılsın, əhalini narahat edən vacib məsələlər, ciddi sosial ehtiyaclar yerindəcə öz müsbət həllini tapsın, süründürməçilik hallarına yol verilməsin.
Elə buradaca bəzi xarakterik faktları bir daha yada salmaq istəyirik. Təkcə ötən il rayon icra başçısının 41 səyyar qəbulu olmuş, bu zaman 4250 vətəndaş qəbul edilmiş, həmin qəbullarda qaldırılan 300-ə qədər məsələ öz müsbət həllini tapmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə rayon icra hakimiyyətinə, o cümlədən respublika təşkilatlarına daxil olan ərizə, şikayət və məktubların sayı azalmışdır.
Adamlara göstərilən diqqət və qayğı, iş üslub və metodlarının, təşkiklat-idarəetmə məsələlərinin təkmilləşdirilməsi, möhkəm icra intizamı isə bütün sahələrdə əsaslı yüksəlişə, dinamik inkişafa səbəb olmuşdur. Bu gün Horadiz şəhəri, eləcə də digər yaşayış məntəqələri öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. İndi Horadiz şəhərinə yolu düşənlər, sözün əsl mənasında, gözlərinə inanmırlar. Şəhər başdan-başa dəyişmiş, yeni park və xiyabanlar, küçə və prospektlər salınmış, işıqlandırma sistemi dəyişdirilmiş, yaşıllıq zolaqları salınmışdır. Qısa müddət ərzində tikilib başa çatdırılmış müxtəlif təyinatlı obyektlərin siyahısını təqdim etməklə bu sahədəki dinamik inkişaf barədə əyani təsəvvür yaratmaq istəyirik: 2 hektar ərazini əhatə edən Heydər parkı, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti, mədəniyyət evi, şahmat məktəbi, Kərimbəyli, Gecəgözlü kəndlərində orta məktəb binaları, Kərimbəyli kəndində "Qarabağ" ailəvi istirahət mərkəzi və s. Hazırda YAP rayon təşkilatı, rayon təhsil şöbəsi, rayon polis şöbəsi üçün inzibati binaların, 180 yerlik orta məktəbin, Gənclər evinin tikintisində işlər sürətlə davam etdirilir.
Bəli, bu gün Füzulidə bax belə yüksək əhval-ruhiyyə, sağlam mənəvi-psixoloji mühit, işgüzar və yaradıcı ab-hava mövcuddur. Ərazisinin böyük bir hissəsi hələ də işğal altında olsa da, əksər yaşayış məntəqələri düşmənin, necə deyərlər, iki addımlığında yerləşsə də, atəşkəs rejimi az qala hər gün pozulsa da füzulililər əkir-becərir, qurur-yaradır, ayaqlarını doğma torpağa daha möhkəm dirəyirlər. Onlar sabaha dərin ümidlə baxır, inanırlar ki, ölkə Prezidenti İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən daxili və xarici siyasət xətti, diplomatik səylər nəticəsində müqəddəs ata-baba torpaqlarımızın qayıdacağı günə çox az qalıb.
{nl}
Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.