Dağlar gözəli, Azərbaycanın musiqi beşiyi Şuşanın işğalından 20 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır. Ölkəmizin hər yerində Şuşa bir daha anılacaq, müxtəlif tədbirlər keçiriləcək. Amma Şuşanın işğal altında olması hər bir azərbaycanlı üçün böyük ağrıdır. Cənab Prezidentimizin apardığı məqsədyönlü siyasət çox keçməz insanların bu həsrətinə son qoyacaq, Azərbaycanın suveren hüquqları Şuşada da bərpa olunacaq.
Bu sözləri müsahibim Şuşa Humanitar Kollecinin direktoru Rəsul İsmayılov da dedi:
- Biz şuşalılar doğma ocağımızı işğaldan azad etmək üçün hər an döyüşə hazırıq. Yaxşı döyüş qabiliyyətli gənclərimiz yetişib. Onlar Şuşaya qayıtmaq arzusu ilə yaşayırlar. Şuşasız Azərbaycanı təsəvvür etmək çox çətindir. Şuşalılar bu gün Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onların da vəziyyəti ilbəil yaxşılaşamağa başladı. Cənab Prezidentimiz İlham Əliyev dövründə də məcburi köçkünlərin, o cümlədən, şuşalıların sosial durumunun yaxşılaşdırılması, məşğulluğunun təmin olunması üçün əhəmiyyətli Dövlət Proqramları reallaşdırılmışdır. 2004-cü ildə qəbul olunan Dövlət Proqramı çadır şəhərciklərinin tədricən yeni, müasir qəsəbələrlə əvəz olunmasını təmin etdi. Həmin proqrama 2007, 2011-ci illərdə edilmiş əlavələr qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına əsaslı stimul yaratdı. Bizim şuşalılar cənab Prezidentin siyasətini dəstəkləyir və onlar inanırlar ki, gec-tez öz doğma ocaqlarına qayıdacaqlar.
- Sizin rəhbərlik etdiyiniz Şuşa Humanitar Kolleci də 20 ildir köçkün həyatı yaşayır. Bəlkə bir az bu məktəbin tarixi barədə məlumat verəsiniz?
- Bu təhsil müəssisəsi 1922-ci ildə Şuşa Müəllimlər Seminariyası kimi fəaliyyətə başlamışdır. Həmin il buraya 76 nəfər qəbul edilmişdir. 1931-ci ildən isə pedaqoji texnikum (daha sonralar məktəb) adlandırılmışdır. 1938-ci ildə texnikuma M.Əzizbəyovun adı verilmişdir. Burada ibtidai sinif müəllimləri, kitabxana və mədəni-maarif işçiləri, pioner baş dəstə rəhbərləri hazırlanırdı.
1930 - 1960-cı illərdə Qarabağın müxtəlif rayonlarında - Ağdam, Şuşa, Füzuli və Laçında pedaqoji məktəblər fəaliyyət göstərirdi. Respublika rəhbərliyi bu təhsil ocaqlarını birləşdirmək qərarını qəbul edəndə maddi-texniki baza, əlverişli coğrafi mövqe nəzərə alınaraq Şuşaya üstünlük verilmiş və həmin məktəblər Şuşa Pedaqoji Məktəbinin bazasında birləşdirilmişdi.
Uzun illər ərzində texnikuma respublikamızda yaxşı tanınan ziyalılar Museyib İlyasov (1922-1925), Məhiş Məmmədli (1925 - 1928), Məmməd Əfəndizadə (1928 - 1930), Süleyman Rəhimov (1930 - 1935), Çərkəz Şəfixanov (1960 - 1965), Murad Quliyev (1965 - 1970), Şəmsiyyə Hacıyeva (1970 - 1972), Dadaş Dadaşov (1972 - 1982), Cavanşir Əbilov (1982 - 1992), Sərhəd Bünyadov (1992 - 2004) rəhbərlik etmişlər.
Kollektiv adlı-sanlı məzunları ilə də fəxr edir. Xalq yazıçısı Əli Vəliyev, xalq artistləri Süleyman Ələsgərov, Əşrəf Abbasov, fizika riyaziyyat elmləri doktorları Lətif İmanov, Lətif Rüstəmov, fəlsəfə elmləri doktoru Aydın Hacıyev, kimya-biologiya elmləri doktoru Maya Hacıyeva, filologiya elmləri doktoru Kamal Qəhrəmanov, texnika elmləri doktoru Validə Yusifova, əməkdar müəllimlər Yusif Məmmədov, Heydər Tağıyev, İbrahim Zülfüqarov, şair publisist Şahmar Əkbərzadə, müğənni Qaraxan Behbudov və başqaları vaxtilə Şuşa Pedaqoji Məktəbini bitirmişlər.
Bu məktəb 1981-ci ildən Şuşa Mədəni-Maarif Məktəbi, sonra isə texnikum adlandırılmış, hazırda isə Şuşa Humanitar Kolleci kimi fəaliyyət göstərir. Şuşanın işğalından sonra bu texnikum bir müddət fəaliyyətini Ağcabədidə davam etdirmiş, 1994-cü ildən Bakıya köçürülmüş, iki il müxtəlif ünvanlarda fəaliyyət göstərmiş, nəhayət, 1996-cı ildən Yasamal rayonundakı 161 saylı orta məktəbin binasında məskunlaşmışdır.
Ölkəmizdə orta ixtisas təhsili sahəsində kadr hazırlığının strukturunda dəyişikliklər edilmiş, bütün ixtisaslar üzrə yeni nəsil standartları və buna müvafiq tədris planları hazırlanıb tətbiq edilmişdir.
Hazırda Şuşa Humanitar Kollecində 692 nəfər tələbə aşağıdakı ixtisaslar üzrə təhsil alır: məktəbəqədər təlim və tərbiyə, kitabxana-informasiya təminatı, instrumental ifaçılığı, xalq çalğı alətləri, xanəndəlik, təsviri incəsənət və rəsmxət, fiziki tərbiyə müəllimliyi, musiqi nəzəriyyəsi, ailə və ev təhsili.
İbtidai təhsil və ingilis dili ixtisasları üzrə qəbul dayandırılıb. Ancaq biz istəyirik ki, ibtidai təhsil ixtisası yenidən bərpa olunsun, çünki buna böyük ehtiyac var.
Kollecimizdə tez-tez disputlar, diskussiyalar və müxtəlif mövzularda mühazirələr, oxucu konfransları, portret gecələr, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlər keçirilir. Belə ki, əməkdar elm xadimi, professor Yəhya Kərimov, pedaqoji elmlər doktoru Əjdər Ağayev, professor Abuzər Xələfov, professor Anar İskəndərov, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli, bəstəkar Oqtay Zülfüqarov, tarix elmləri üzrə fəlsəfə doktoru Yunis Hüseynov, əməkdar incəsənət xadimi bəstəkar Azər Dadaşov və s. ilə görüşlər olduqca maraqlı keçmişdir.
- Təhsilin keyfiyyətini yüksəltmək üçün hansı tədbirlər həyata keçirirsiniz?
- Keyfiyyət məsələsi bu gün çox önəmlidir. Biz çalışırıq ki, kadrlarımız müasir dövrün tələblərinə uyğun ixtisas sahibi olsunlar. Onun üçün ilk növbədə tələbkarlıq artırılmış, qiymətləndirməyə xüsusi diqqət yetirilir. Yüksək ixtisaslı müəllimlərimiz var. Tez-tez açıq dərslər keçirir, təhsilin vəziyyətini öyrənirik.
Doğrudur, hələ də kompyuter kabineti yarada bilməmişik, ancaq bu barədə Təhsil Nazirliyi ilə əlaqə yaratmışıq. Bir neçə kompyuter əldə etsək də bu tələbələrin təhsilində, elektron sistemlərə keçid üçün kifayət etmir.
Dedim ki, kollecimiz 161 saylı orta məktəbə sığınmışdır. Problemlər çox olur. Lakin Təhsil Nazirliyi, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ İcmasının sədri Bayram Səfərov vaxtlı-vaxtında bu problemlərin həllində bizə yardımçı olurlar. Təşkil etdiyimiz tədbirlərdə Bayram müəllim şəxsən iştirak edir, tələbələrlə görüşür, onların problemlərini öyrənir.
Məzunlarımızdan bir neçəsi təhsillərini davam etdirmək üçün ali məktəblərə daxil olmuşlar. Belə ki, Ülkər Əhmədova Bakı Musiqi Akademiyasına, Hilalə Əliyeva, Aytən Əlizadə Azərbaycan Dövlət İncəsənət Universitetinə, Aygün Qafarova Azərbaycan Dillər Universitetinə, Natəvan Qurbanova Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Aytən Teymurova Slavyan Universitetinə, Aytən Hüseynova Dnepropetrovski Universitetinə, Nuranə Əliyeva Kiyev Dövlət Universitetinə və s.qəbul olunmuşlar.
Əlbəttə, biz Azərbaycan mədəniyyətinin gələcək inkişafı üçün kadrlar hazırlayırıq. Heç şübhəsiz ki, bizim kadrlarımız bu missiyanı uğurla yerinə yetirəcəklər.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.