Şriftin ölçüsü:
28.04.2012 01:12 | Oxunma sayı: 611
Aprelin 27-də "Hilton Baku" otelində IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyasının Azərbaycanın ali məktəblərinin bakalavr və magistr pillələrində təhsil alan tələbələr arasında keçirdiyi "Rio+20-yə öz mesajını çatdır" mövzusunda ümumrespublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
Mərasimdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirmişdir ki, Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi təşkil edir. Hazırda ölkəmizdə bu istiqamətdə sistemli və kompleks tədbirlər həyata keçirilir.
XXI əsrdə ekoloji problemlərin həllinin daha çox diqqət tələb etdiyini bildirən N.Səfərov ətraf mühitin qorunması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Nazir müavini "Rio+20-yə öz mesajını çatdır" mövzusunda keçirilən müsabiqəni gənclər arasında "yaşıl düşüncə"nin təbliği baxımından mühüm addım, ətraf mühitlə bağlı problemlərin həllində onlar arasında həmrəylik nümunəsi kimi qiymətləndirmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, dünya miqyasında gəncləri bir araya gətirən müxtəlif layihələr və platformalar vardır. IDEA kampaniyası da ətraf mühitlə bağlı məsələlərin həllində dünya gənclərini bir platformada birləşdirən önəmli bir təşəbbüsdür.
İnşa müsabiqəsinin əhəmiyyəti haqqında danışan İ.Babayev IDEA kampaniyasının həyata keçirdiyi hər layihənin dünya gəncləri arasında böyük marağa səbəb olduğunu vurğulamışdır. Bildirilmişdir ki, bu cür layihələr həm də mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafına töhfə verir.
Nazir müavini IDEA-nın gələcəkdə Azərbaycan ilə yanaşı, xarici ölkələrdə də maraqlı layihələr həyata keçirəcəyini diqqətə çatdırmışdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirmişdir ki, bu gün bəşəriyyəti narahat edən ən böyük problemlərdən biri ətraf mühit məsələsidir. Bu baxımdan insanların, xüsusilə də gənclərin diqqətini müxtəlif layihələrlə bu cür problemlərə cəlb etmək olduqca vacibdir. Bu istiqamətdə IDEA-nın həyata keçirdiyi layihələr, xüsusilə də "Rio+20-yə öz mesajını çatdır" mövzusunda gənclər arasında keçirilən müsabiqə təqdirəlayiqdir.
Ətraf mühitlə bağlı məsələlərin hər zaman aktual olduğunu deyən F.Əliyev keçirilən müsabiqəni Azərbaycan gəncləri üçün planetin ekoloji tarazlığının qorunub saxlanılmasına dair yeni ideyalarını və gələcəyə baxışlarını ifadə etmək üçün yaradılmış bir fürsət kimi dəyərləndirmişdir.
Sonra müsabiqənin qalibləri mükafatlandırılmışlar.
Münsiflər heyətinin qərarı ilə müsabiqədə birinci yeri Milli Aviasiya Akademiyasının III kurs tələbəsi Tural Məhərrəmov, ikinci yeri Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Nuranə Axundzadə, üçüncü yeri isə Azərbaycan Diplomatik Akademiyasının magistrantı Alla Savelyeva tutmuşlar.
Qaliblər çıxış edərək müsabiqəni elan etdiyinə görə IDEA kampaniyasına və onun təşəbbüskarı Leyla xanım Əliyevaya təşəkkür etmişlər.
Tədbirdə, həmçinin Leyla xanım Əliyeva tərəfindən irəli sürülən yeni təşəbbüsə əsasən, IDEA ətraf mühit haqqında kitab layihəsi üçün tenderin elan edildiyi bildirilmişdir.
Qeyd edək ki, 250-dən artıq tələbə və magistrant arasında keçirilmiş "Rio+20-yə öz mesajını çatdır" mövzusunda müsabiqənin məqsədi gənclərin diqqətini hazırda planetimizin üzləşdiyi qlobal ekoloji problemlərin həllinə yönəltməkdən ibarət olmuşdur.
IDEA kampaniyası bu müsabiqəni elan etməklə gələn ay Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək "Rio+20 sammiti" ərəfəsində dünyada mövcud olan ekoloji problemlərin həlli istiqamətində gedən proseslərə Azərbaycan gənclərinin baxışını öyrənməklə yanaşı, onların mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağı hədəf kimi qarşıya qoymuşdur.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.