Azərbaycan çox ciddi və ölkəmiz üçün zəruri əhəmiyyət kəsb edən beynəlxalq tədbir ərəfəsindədir. Təbii ki, söhbət "Eurovision-2012" mahnı müsabiqəsindən gedir. Avropanın böyük mədəni tədbirinin ölkəmizdə keçirilməsi xalqını, millətini, Vətənini sevən hər bir şəxs üçün qürur mənbəyidir. Artıq Azərbaycan dünya birliyində yüksək reytinqi olan dövlətlərdəndir. Buna qədər isə - ötən ilin sonunda Azərbaycanın BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına üzv seçilməsi, bu ilin may ayında həmin quruma sədrlik edəcəyi ölkəmizin getdikcə artan nüfuzunun daha bir sübutudur. Müstəqiliyinin 20 illik tarixində belə yüksək nailiyyətlərin əldə olunması hər ölkəyə nəsib olmur. Dünyanın tanınmış ictimai - siyasi xadimləri də təsdiqləyirlər ki, sovetlər birliyinin süqutundan sonra Azərbaycan digər ölkələrlə müqayisədə sürətli inkişaf yoluna qədəm qoymuş müstəqil dövlətdir.
Hazırda Azərbaycan öz təbii sərvətlərini heç bir ölkənin vasitəçiliyi olmadan Avropa və dünya bazarlarına çıxarır. Bu da həm iqtisadi qüdrətimizin artmasına, həm də insanların rifah halının yaxşılaşmasına öz təsirini göstərir. Regionun iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmiz bu sahədə öz töhfəsini bundan sonra da verməyə hazırdır. Azərbaycanın iqtisadi cəhətdən dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulması beynəlxalq aləmdə də öz təsdiqini yüksək səviyyədə tapıb. Məsələn, ABŞ-ın nüfuzlu "The Washington Times" qəzetində ölkəmiz haqqında dərc olunan bir məqalədə deyilir: "Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Ötən 8 ildə ölkədə ÜDM 3 dəfə artmışdır. Xarici borc ÜDM -in 6 faizini təşkil edir. Adambaşına düşən milli gəlirə görə, Azərbaycan regionun ən zəngin ölkəsidir." ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovard da ölkəmizdəki inkişafı yüksək qiymətləndirərək demişdir: "Azərbaycan Qafqazın ən əhəmiyyətli ölkəsidir. Azərbaycan çoxşaxəli, strateji və balanslaşdırılmış xarici siyasət yeridir". Belə faktlardan istənilən qədər göstərmək olar. Nəzərə alsaq ki, ölkəmizin inkişafını dünyanın super dövlətinin aparıcı kütləvi informasiya vasitələri və tanınmış ictimai-siyasi xadimləri qiymətləndirir, demək Azərbaycan dünya birliyində özünə layiqli yer tutmaqdadır. Bunları görməmək və qiymətləndirməmək isə yalnız bədniyyətdən, qısqanclıqdan irəli gələ bilər.
Bu gün ölkəmizin qazandığı nailiyyətlərə kölgə salmağa çalışanlar arasında adlarını müxalifət qoyan soydaşlarımızı görəndə onların azərbaycanlı olmasına şübhə oyanır. Belələri "İctimai Palata" adlı qondarma bir qurum yaradaraq xalqı etiraz aksiyalarına çağırır, yetişən gənc nəsli dövlətçiliyə qarşı mitinq keçirməyə təhrik edirlər. AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Pənah Hüseyn və digərləri gənclərə yalan vədlər verərək deyirlər ki, hakimiyyətə gəlsələr əmək haqlarını qaldıracaq, gənclərə müftə evlər verəcəklər və bütün problemlər həll olunacaq. Hətta bir sıra xarici ölkələrdən dəstək aldıqlarını da bildirirlər.
"İctimai Palata" adlı qondarma qurumun təşəbbüsü ilə bu il aprelin 8-də və 22-də keçirilən icazəli mitinqlərdə iştirakçıların əllərində tutduqları xarici dillərdə yazılmış transparantları gördükdə adlarını müxalifət qoyanların özlərinə daxildə təəssübkeş tapa bilmədikləri bir daha aydın oldu. Onların xarici dillərdə şüarlar səsləndirmələri heç də xarici ölkələrdən dəstək almalarını təsdiqləmirdi. İndi hər birimizə yaxşı məlumdur ki, Azərbaycanda hakimiyyətə qarşı çıxan dairələrə dəstək verənlər, onları qızışdıranlar ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan düşmən qüvvələrdir. Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, beynəlxalq aləmdəki mövqelərinin getdikcə möhkəmlənməsi, əlaqələrinin genişlənməsi, təbii ki, onları qane etmir. Ona görə də antimilli qruplarla əlaqəyə girərək onları mitinq keçirməyə məcbur edir, Azərbaycanda demokratiyanın boğulması barədə beynəlxalq aləmdə rəy formalaşdırmağa çalışırlar. Halbuki aprelin 8-də və 22-də "İctimai Palata" adlı qeyri-formal qurumun təşkilatçılığı ilə keçirilən mitinqlər də təsdiqlədi ki, hakimiyyət insanların öz fikirlərini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıb. Onlara mitinq keçirmək üçün müvafiq yer də ayrılıb. Mitinq aşiqlərinin isə fikri metrostansiyalarının qarşısında, ahıl insanların istirahət etdikləri parklarda qalıb. Çünki ətraflarına kimlərisə toplaya bilmirlər. Onlar parklarda istirahət edən insanları da öz tərəfdarları kimi sırıyıb xarici havadarlarından daha çox qrant almaq istəyirlər. Bu günlərdə "İctimai Palata"nın koordinasiya şurası adlı törəməsi Müsavat Partiyasının qərargahında Azərbaycanda fəaliyyət göstərən bəzi diplomatik korpusların nümayəndələri ilə görüşərək dövlətçilik əleyhinə gördükləri işlər barəsində hesabat verdilər. Həmişə demokratik prinsiplərdən bizə dərs keçmək istəyən diplomatik korpusların nümayəndələri Müsavat Partiyasının qərargahında qapalı görüş keçirmiş, hətta mətbuat nümayəndələrini də "siyasi məşvərətə" buraxmamışlar. Bu, əslində Azərbaycanın daxili işlərinə qarışmaq, üzüdönük, xəyanətkar və antimilli qrupları qızışdıraraq meydanlara atmaqdan başqa bir şey deyil.
Azərbaycanda fəaliyyət göstərən diplomatların istənilən insanla görüşməyə ixtiyarları var. Diplomatik missiyaların fəaliyyəti haqqında konvensiyada da belə məsələlər nəzərdə tutulub. Onların kimlərləsə görüşməsi problem deyil. Ancaq ölkədə yalnız problem yaratmaq istəyən, sabitliyi pozmağa meyil edən qüvvələrlə görüşmələri təəccüb doğurur. Demək, həmin diplomatların məqsədləri pozucu qrupları qızışdırmaq və onları ictimai-siyasi sabitliyi pozmağa vadar etməkdir. Əgər belə deyilsə, bəs onda az qala bizə demokratiya dərsi keçmək istəyən diplomatların özləri niyə antidemokratik hərəkət edərək qapalı görüş keçirirlər? Bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır. Əgər Azərbaycanda fəaliyyət göstərən diplomatlar, doğrudan da, insan hüquq və azadlıqlarının qorunmasının tərəfdarlarıdırsa, nə üçün qaçqın və məcburi köçkünlərlə deyil, ölkədə sabitliyi pozmağa meyil edən qüvvələrlə görüşürlər? Deməli, məqsəd həmin qüvvələri qızışdırmaqdır. Yəni, doğrudanmı bu diplomatlar Azərbaycanın 20 faiz ərazisinin hələ də Ermənistan silahlı qüvvələrinin işğal altında olduğunu görmürlər? Yoxsa, bir milyona yaxın soydaşımızın öz ata-baba yurdlarından didərgin salınaraq qaçqın və köçkün vəziyyətinə düşmələri də gözə görünmür? Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına cəhd edən qruplarla gizli danışıqlar aparırlarsa, bu onların statusu ilə bir araya sığmır və etikadan kənardır. Hərəsi bir ölkəni təmsil edən diplomatların Azərbaycanda ictimaiyyətin qeyri-ciddi şəxs kimi tanıdığı adamlarla gizlin danışıqlar aparmaları onlara olan inam və etimadı da azaldır. Təəccüblüdür, görəsən diplomatlar niyə məhz bu insanlarla görüşməyə üstünlük verirlər? Radikal müxalifət nümayəndələri ilə tez-tez gizli görüşlər keçirən diplomatlar unutmamalıdırlar ki, belə görüşlər Azərbaycanda bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa xidmət edir.
AXCP sədri Əli Kərimli Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri ilə qapalı görüş barəsində məlumat verərkən deyib ki, onlar ölkədəki ictimai-siyasi vəziyyəti, görüləcək işləri və "sirr kimi saxlanılan" bəzi məsələləri müzakirə ediblər. Görəsən, bu məsələlər niyə yalnız ölkədə ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan siyasi partiyaların nümayəndələri ilə müzakirə olunmalıdır? "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi gün yaxınlaşdıqca ölkəmizin inkişafını gözü götürməyən qüvvələr ictimai - siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Təəssüf edirik ki, bəzi xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri də pozucu qüvvələrə havadarlıq edirlər. Ancaq unutmamlıdırlar ki, onların bütün cəhdləri yenə də iflasa uğrayacaq.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.