Fərari polkovnik İsa Sadıqovun miskin obrazı və cəfəng iddiaları

Tarixə atılan daş
Tarix mahiyyət etibarilə dinamikada olan ictimai özünüdərk prosesi olduğu üçün öyrəndiyi predmetə ehkam kimi yanaşmağı qəbul etmir. Ona yanaşmağın elmi-metodoloji, analogiyalar, eləcə də daha sadə və yaxın vasitə sayılan empirik üsulları mövcuddur. Bir var tarixi kitablardan öyrənəsən - burada sosial fəlsəfədə tarixilik kimi səciyyələndirilən anlayışlar işə düşür. Bir də var tarix sənin gözlərin önündə, anbaan, günbəgün yaranır, sən bütün varlığınla onu duyursan. Bu halda insan tarixin canlı qəlpəsi və səhih informasiya daşıyıcısıdır. Göz yaddaşı və hafizə bir kimsənin tarixi hadisə və faktlara yanaşmada ehtikarlıq etməsinə, tendensiyalılıq göstərməsinə imkan vermir.Azərbaycanın ən yeni tarixi gözlərimiz önündə yaranıb və biz onun haqqında etibarlı və müfəssəl fikir söyləmək imkanına malikik.
Azərbaycanda müharibə gedirdi...
1991-ci ildə Müstəqillik Haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə deyil, ötən əsrin 80-ci illərinin sonundan hesablanan ən yeni tariximiz xalqımızı azadlıq, müstəqillik, demokratiya kimi ümumbəşəri nemətlərdən barındırmaqla yanaşı, mənəviyyatımızda, ictimai əxlaq və milli-mədəni düşüncəmizdə dərin və dərdli bir şırım açan ləkələr də "ərməğan" etmişdir. Onların unutdurulması yaddaşın və zamanın hökmündə olsa da, dərsləri mütləq ümumiləşdirilməli, təhlil edilməlidir. Sirr deyil, tarix boyu zülmə baş əyməyən, azadlıq mücadiləsi ilə çırpınan xalqın başının qeylü-qalı əskik olmur. 1988-ci ildə milli-azadlıq ideyaları kontekstində zühur edən ümumxalq hərəkatının fırtınasını Ə.Vəzirov kimi kölə xislətli "rəhbər" susdura bilmədi. Həmin dövr Azərbaycan cəmiyyətinin siyasi-ictimai mənzərəsini müəyyənləşdirən amillər cərgəsində azərbaycanlıların Ermənistan ərazisindəki doğma torpaqlarından qovulmasını, erməni separatçıları tərəfindən Dağlıq Qarabağ kartı müstəvisində müharibə tonqalının körüklənməsini, xalqın qəhrəmanlıq əzminin və iradəsinin qanlı sınağına çevrilən 20 Yanvar faciəsini, Kremlin yeni naibi qismində iqtidara yiyələnmiş A.Mütəllibovun müti və zəif hakimiyyətini, eləcə də Azərbaycan torpaqlarının total itkisi ilə nəticələnən AXC-Müsavat cütlüyünün səriştəsiz və antimilli iqtidarını göstərmək mümkündür. 1992-ci ildə hakimiyyətə zor və silah yolu ilə gəlmiş Ə.Elçibəyin komandası özünün yarıtmaz, səriştəsiz və cinayətkar fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq təhlükəsinə məhkum etmişdi. Həmin tarixi anda heç kim, heç bir qüvvə zəmanət verə bilməzdi ki, belə bir qarşıdurmanın reallaşacağı təqdirdə xalqın və məmləkətin taleyi necə olacaqdı, başına hansı faciələr gələcəkdi. Azərbaycana yönələn bu məkrli siyasətin dəst-xətti ən müxtəlif ölkələrin kəşfiyyat xidmətlərinin masası üzərində cızılmışdı. Əslində, Ə.Vəzirov, A.Mütəllibov, AXC-Müsavat sindikatı, S.Hüseynov, R.Qazıyev və başqalarından ibarət "aktyor truppası"nın neçə ildən bəri hamının gözləri önündə oynadığı primitiv, bəzən ikrahdoğuracaq dərəcədə bayağı, bəzən də kəskin və kontrastlı, eyni zamanda təhlükəli oyun ölkə vətəndaşlarını sövq-təbii özünün ehtirassız tamaşaçısına çevirməyi bacarmışdı. Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi ilə baş-başa qaldığı bir dönəmdə, ölkənin şimal və cənubunda süni şəkildə qabardılan etnik narazılıqlar zəminində böyük bir separatçı hərəkatın toxumlarının cücərdiyi dramatik məqamda, xalqın təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dönərək nizamı pozulmuş siyasi prosesləri axarına salaraq dövləti və dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas etdi. 1989-93-cü illər Azərbaycan tarixinə ən mürəkkəb və ağır dövr kimi daxil olmuşdur. Həmin illərdə dövlətçilik təcrübəsi və ənənələri, iqtisadiyyat və idarəetmə, ordu quruculuğu, aqrar sahə, mənəvi sfera və digər fəaliyyət sahələrində əldə edilmiş nailiyyətlərin hamısı iflasa uğradı, xaos və anarxiya girdabında olan ölkə Ermənistanın başladığı müharibədə ərazisinin beşdə birini itirdi. Şübhəsiz, bu faciələrin konkret baiskarları, xəyanətlərin konkret ünvanları vardı. Məhz Heydər Əliyevin sərkərdə səriştəsi, siyasi müdrikliyi və fitri idarəetmə istedadı sayəsində 1993-cü ilin ikinci yarısından etibarən son dərəcə mürəkkəb bir vəziyyətdə olan Azərbaycanda Milli Ordu quruculuğu, Silahlı Qüvvələrin təşkili prosesi yeni vüsət almağa başladı. Ölkənin Ali Baş Komandanı cəbhədəki uğursuzluqların əsas səbəblərindən biri kimi milli zabit kadrlarının qıtlığını və olanların da potensialından səmərəli istifadə olunmadığını göstərirdi: "Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman ölkəmizin müstəqilliyini təmin etmək üçün və bu müstəqil dövlətdə ordu yaratmaq üçün yetərli qədər zabit kadrları var idi. Təəssüflər olsun ki, Azərbaycanda yaranmış bu zabit potensialından istifadə etmədilər və ermənilərin təcavüzünü ancaq yerli, ayrı-ayrı özünümüdafiə qüvvələri vasitəsilə dayandırmağa çalışdılar ". Bəli, ulu öndər həmin taleyüklü məqamda milli zabit kadrlarından danışırdı.
Kimdir İsa Sadıqov?
Yenicə təşəkkül tapmaqda, formalaşmaqda olan Azərbayan Silahlı Qüvvələrinin tərkibində milli, peşəkar zabitlərimiz az deyildi. Onlardan bəziləri sovet-rus ordu hissələrində xidmət etsələr də Azərbaycanın ağır günlərində Vətənə dönüb canlarını və təcrübələrini onun yolunda əsirgəmədilər. Bəziləri isə, nə gizlədək, özgə dəyirmanına su tökərək pozuculuq, destruktiv fəaliyyət yolunu tutdular. Onlardan biri də rus-sovet ordusunun zabiti, azərbaycanlı olsa da, Azərbaycan zabiti olmağı bacarmamış polkovnik İsa Sadıqovdur. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində "xidmət keçdiyi" üç il ərzində düz-əməlli fəaliyyəti ilə yadda qalmamış, torpaqlarımızın azadlığı uğrunda cüzi də olsa "şücaəti" ilə fərqlənməmiş bu adam son iki ayda "Azadlıq" qəzetinin səhifələrində yer alan opusla zühur edib. Əslində, söz demək, xalqımızın qanlı müharibə və vətəndaş mücadiləsi tarixi ilə bağlı xatirələri bölüşmək bir cəhd, tarixi olduğu kimi canlandırıb yaşatmaq istəyi kimi müsbət haldır. O şərtlə ki, fikir və qənaətlərində obyektiv olasan, oxucuları bu təşəbbüsün konyunkturdan uzaq, tərəfsiz olduğuna inandırmağı bacarasan. Lakin İsa Sadıqov bu sadə olduğu qədər də vazkeçilməz yaradıcılıq imperativlərinə sadiq qala bilməyib. Onun yazdıqları ermənilərlə deyil, daha çox öz izzəti-nəfsi ilə döyüşən, yerə-göyə sığmayan ambisiyalarını cilovlamağı bacarmayan, hakimiyyət və vəzifə ehtiraslarını doyura bilməyən bir adamın qərəz, yalan, böhtan və insinuasiya püskürən "publisistik" küfrüdür. Bu gün qonşu Gürcüstanın Saqareco rayonunun Qombori qəsəbəsində anadan olub Tiflis Ali Artilleriya Komandirləri Məktəbini bitirdikdən sonra Almaniyadakı sovet qoşunlarının tərkibində xidmət etmiş İsa Sadıqovu hansı rüzgarların Azərbaycana atdığı barədə düşünmək bəlkə də gecdir. Çünki "mavr artıq öz işini görüb". Lakin AXC-Müsavat cütlüyünün iqtidarı dönəmində Azərbaycan ordusunun yüksək komandirləri sırasına soxulmağı bacarmış bu adamın üç ili keçməyən və hər hansı bir müstəsna fərasəti ilə yadda qalmayan solğun və nimdaş xidməti tərcümeyi-halı ona Azərbaycanın mübarizə və inkişafının həmin son dərəcə mürəkkəb, təbəddülatlı və məsul dövrü ilə bağlı fikir söyləməyə mənəvi haqq buraxmır. Heç şübhəsiz, illər sonrası ona birbaşa təyinatını xatırladıblar və hansı qüvvələrinsə əlində marionet gəlincik olan bu adam sakit təqaüdçü aqibətini qəfildən "memuarçılıqla" əvəz etməli olub. Küfr azarına tutulmuş İsa Sadıqov "yaradıcılığının ideya-bədii" məziyyətlərinə toxunmazdan öncə bu adamın döyüş meydanındakı "hərbi şücaətləri" və məhbusluğu barədə bir neçə kəlmə. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin artilleriya komandanının sabiq müavini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 244-cü maddəsinin "a" bəndi ilə məhkum olunmuş, polkovnik-leytenant Sadıqov İsa Nəzər oğlunun adına tərtib edilmiş xidmət vərəqəsindən görünür ki, o, 9 noyabr 1992-ci il tarixdən 31 dekabr 1992-ci ilədək Müdafiə Nazirliyinin Qazax ərazi özünümüdafiə alayının komandiri, 31 dekabr 1992-ci ildən 01 iyun 1993-cü ilədək 707 saylı hərbi hissənin komandiri, 01 iyun 1993-cü ildən 22 iyul 1993-cü ilədək I ordu korpusu komandiri vəzifələrinin icraçısı, 22 iyul 1993-cü ildən 10 noyabr 1993-cü ilədək 707 saylı hərbi hissə komandirinin vəzifəsinin icraçısı, 10 noyabr 1993-cü ildən 10 yanvar 1994-cü ilədək müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsinin icraçısı, 10 yanvar 1994-cü ildən 06 iyul 1994-cü ilədək Müdafiə Nazirliyinin sərəncamında, 06 iyul 1994-cü ildən 12 mart 1995-ci ilədək Müdafiə Nazirliyi artilleriya komandanının müavini və 12 mart 1995-ci ildən 02 iyul 1995-ci ilədək müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsinin müvəqqəti icraçısı olmuşdur. İsa Sadıqov 01 oktyabr 1995-ci il tarixdə həmin vəzifədən azad edilmiş və müdafiə nazirinin sərəncamına verilmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin artilleriya komandanının müavini, polkovnik Sadıqov İsa Nəzər oğlunun hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə xidmət yerini buraxıb fərarilik etməsi faktına görə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin "v" bəndi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. İsa Sadıqov təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1995-ci ilin mart hadisələri zamanı Ağstafa və Qazax rayonlarında xüsusi tapşırıqları yerinə yetirmiş, 02 iyul 1995-ci ildən Müdafiə Nazirliyinin artilleriya komandanının müavini vəzifəsinə təyin edilmişdir. 1995-ci ilin iyul ayında bir neçə dəfə tərxis olunmaq barədə raport yazmış, bunun səbəbinin isə ona Bakı şəhərində evin verilməməsi və Gürcüstan Respublikasında valideynlərinin evi olduğundan daimi yaşayış yerinə qayıtmaq arzusu, eləcə də Azərbaycan Respublikasında onun üçün qeyri-normal xidmət şəraiti yaradılması, yəni adını verə bilmədiyi ayrı-ayrı vəzifəli şəxslərin ona təsiri və təzyiqləri ilə əlaqədar olduğunu bildirmişdir. Lakin istintaqla müəyyən edilmişdir ki, İsa Sadıqov ordu sıralarından tərxis edilməsi və hər hansı bir yaşayış evi ilə təmin edilməsi ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinə müvafiq qaydada müraciət etməmiş və bu barədə onun raportları nazirliyə daxil olmamışdır. İsa Sadıqovun qeyd olunan cinayətdə təqsiri sübuta yetirilərək 16 dekabr 1995-ci il tarixdə barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərilmişdir. Məhkəmə cinayət əməlini Cinayət Məcəlləsinin 242-ci maddəsinin "v" bəndindən 244-cü maddəsinin "a" bəndinə tövsif etmiş və 23 yanvar 1996-cı il tarixli hökmü ilə İsa Sadıqovu həmin maddə ilə təqsirli bilərək cəzasını ümumi rejimli islah-əmək koloniyasında çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Barəsində rəsmi faktların satisfaksiyasından kənara çıxmamaq üçün İsa Sadıqov haqqında vaxtilə bir yerdə qulluq etdiyi zabit həmkarlaının fikirlərini açıqlamırıq. Zira, həmin rəylər xoş ovqatı ilə fərqlənmir.
Səriştəsiz hərbçi qatilə bərabərdir
Bəlkə də İsa Sadıqovu "Azadlıq" qəzetinin səhifələrindəki məqalələri ilə tanıyan nabələd oxucu bu adamın az qala fitri istedada malik hərbçi, mahir döyüş təşkilatçısı, cəsur zabit olduğunu düşünəcəkdir. Qınamalı deyil. Özü ilə bağlı səhnələrdə müəllif "əzəmətli portretini" yaratmaq üçün "yağlı boyalardan", hərbi leksikondakı təşbeh və epitetlərdən səxavətlə istifadə etmişdir. Bu barədə bir qədər sonra bəhs edəcəyik. Ancaq cümləpərdaz polkovnikin 69 insanın həyatına son qoymuş "qəhrəmanlığı" barədə susmaq mümkün deyildir. Beləliklə, İsa Sadıqovun Milli Orduda keçdiyi yol yalnız xidməti vərəqəsində göstərilən vəzifədən-vəzifəyə "hoppanmaqdan" başqa real bir uğurla yadda qalmayıb, əksinə onun hərbçi və rəhbər kimi özünü doğrulda bilməməsi, hərbi əməliyyatlara başçılıq etməyə bacarıqsızlığı bəllidir. Buna dair kifayət qədər materiallar və sübutlar vardır. İsa Sadıqov 707 saylı hərbi hissənin "sükanı arxasında" olanda da, Müdafiə Nazirliyində ayrı-ayrı vəzifələr tutanda da səriştəsizliyini dəfələrlə nümayiş etmişdir. Onun bu "nümayişləri", Vətənə və Xalqa "sevqisi", özbaşınalığı lüzumsuz yerə qan tökülməsinə, komandirinə arxayın olmuş və ona inanan çoxlu zabit və əsgərlərin həlak olmasına, hədər yerə verilmiş şəhidlərin qohumlarının göz yaşlarına, ürəklərinə sağalmaz yaralar vurulmasına səbəb olmuşdur. Yazılarında istinad etdiyi 1993-cü ilin iyun hadisələri zamanı İsa Sadıqov 709 saylı hərbi hissənin ləğv edilməsini təmin etmək üçün Gəncəyə göndərilən hökumət qoşunlarına rəhbərlik etmişdir. Lakin o, nədənsə zirzəmiyə düşdü, özü də 709 saylı hərbi hissənin ərazisində olan zirzəmiyə. "Uğurlu" komandir, komandan müavini və sair və ilaxır hərbi əməliyyat planını necə qurmuşdu ki, zirzəmiyə düşdü?! O və həmin dövrdə hökumət qoşunlarına rəhbərlik etmiş onun kimilər və onlardan geri qalmayan Surət Hüseynov necə və hansı plan qurmuşlar ki, müharibə şəraitində olan ölkənin silahları düşmənə yox, öz vətəndaşlarımıza tuşlandı, vətəndaş qarşıdurması və vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qanı töküldü, 69 nəfər həlak oldu? Budurmu "döyüşkən", "peşəkar" polkovnikin döyüş uğuru, nailiyyəti? Müəllif o vaxt parlamentə zəng edərək açıqlama vermək istədiyini, ancaq buna imkan yaradılmadığını iddia edir. Amma faktlar göstərir ki, o bu açıqlamasında səmimi deyil. Yəni həqiqəti söyləmək istəyən adam ən azından son fürsət kimi mətbuata üz tuta bilərdi. İndi gəlin baxaq; qəzet səhifələrində dərc etdirdiyi silsilə məqalələrində törətdiyi cinayət əməlini ört-basdır etməyə çalışaraq özünü "həqiqət mücəssəməsi", "ədalət carçısı", "cəsur döyüşçü", Vətən (-?!) üçün böyük işlər görmüş yüksək rütbəli zabit kimi göstərən İsa Sadıqov əslində özünün təsvir etdiyi kimi "alovlu vətənpərvər" və "savaş qəhrəmanı" deyil. Azərbaycandakı, belə demək mümkünsə, "ezamiyyət müddətinin" üç ilini cəbhə bölgəsində qeyri-peşəkar, səriştəsiz fəaliyyəti ilə başa vuran, yarım ilini axtarışda olan, iki ilini isə cəzaçəkmə müəssisəsində keçirən keçmiş polkovnikin həyatı heç də dediyi kimi şəffaf, təmiz deyil.
Azmış qatarın tənha sərnişini
İyun böhranının aradan qaldırılması, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdinin dəf edilməsi gənc müstəqil dövlətimizin böyük uğuru idi. Yalnız Heydər Əliyevin rəhbərliyi sayəsində xalq həqiqi müstəqilliyimizin nailiyyətlərini qoruyub saxlaya bildi. Əlamətdar haldır ki, Heydər Əliyev həmin hadisələrin qarşısını silah-sursatla, dövlətin məcburetmə aparatının gücü ilə deyil, öz zəkasının, müdrikliyinin gücü, onu dəstəkləyən xalqın əzm və iradəsi ilə aldı. Budur, ən böyük silah - insanların ürəyini, varlığını tərksilah edən mənəvi cəbbəxana. 1999-cu ilin mayında ulu öndər çıxışlarından birində demişdir: "...Tam əsasla deyə bilərəm ki, 94-cü, 95-ci illərdə Azərbaycanda dövlət çevrilişinə silahlı cəhdlər, terror aktları və təxribat əməlləri də məhz ölkəmizin sərbəst, müstəqil neft strategiyasının qarşısını almaq məqsədi ilə həyata keçirilirdi". 1994-cü ilin payızı ağır gəldi. Sentyabrın 29-da, əsrin neft müqaviləsinin böyük təntənə ilə imzalanmasından 9 gün sonra, dəhşətli terror hadisəsi baş verdi. Ali Sovet sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildilər. Sentyabrın 21-dən 22-nə keçən gecə isə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından keçmiş müdafiə naziri Rəhim Qazıyev və müavini Baba Nəzərlinin, AXC rəhbərlərindən Arif Paşayev və separatçı Əlikram Hümbətovun qaçışı təşkil edilmişdi. Oktyabrın 2-də Mahir və Rövşən Cavadov qardaşları başda olmaqla XTPD-nin bir dəstə üzvü respublika Prokurorluğuna silahlı basqın edərək əməkdaşlara fiziki zor tətbiq etmiş, hakimiyyətə və qanunlara itaət etmədiklərini göstərmişdilər. İki gün sonra baş nazir Surət Hüseynovun himayə etdiyi silahı dəstələr Gəncədə dövlət orqanlarının yerləşdiyi inzibati binaları və mühüm kommunikasiya obyektlərini zəbt etmişdilər. Bütün bu lokal cinayətlər, əslində, ustalıqla hazırlanmış daha böyük cinayətin - 1995-ci il mart dövlət çevrilişi cəhdinin simptomları idi. Azərbaycan dövlətçiliyinin taleyindən yana son dərəcə məsul bir məqam yetişmişdi. Səngərin bir tərəfində dövlətin və hakimiyyətin qanına susamış cinayətkar ünsürlər və onları dəstəkləyən xarici qüvvələr, o biri tərəfində isə Heydər Əliyev və xalq durmuşdu. Təsadüfdəndi, ya zərurətdən, İsa Sadıqovun ilk məqaləsi martın 15-i dərc olunub. OMON-çuların paytaxtda qırğına başladıqları gün. Müəllif "xatirələrində" həmin hadisələrə geniş yer verməklə kifayətlənmir, respublika ərazisində adları ən ağır cinayətlərdə hallandırılan bu adamlara hüsn-rəğbətini belə gizlətmir. Bəli, etiraf olunmalıdır ki, bu təşkilatın sıralarında Azərbaycan torpaqları uğrunda canından keçən igid, qeyrətli oğlanlar az deyildi. Amma Rövşən və Mahir Cavadov qardaşları bu adamları öz cinayətkar əməllərinin alətinə, bandit dəstəsinə çevirmişdilər. Bəli, 1995-ci ilin martında yenicə dirçəliş yoluna qədəm qoymuş dövləti yenidən zorla, silah gücünə devirmək, hakimiyyəti ələ keçirmək cəhdi oldu. Həm xaricdən dəstəklənən dairələr, həm də antimilli müxalifət qüvvələri silahlı bir qurumun - Xüsusi Təyinatlı Polis Dəstəsinin ətrafında cəmləşmişdilər. Təəssüflər olsun ki, onları birləşdirən torpaq itkisi, vətən sevgisi, düşmənin əlində əsir qalmış ana-qız-gəlin qeyrəti deyildi. Onların iradəsinə hakim kəsilən zəif və xəstə hisslər idi, hakimiyyətin bir də geri dönə biləcəyi ilə bağlı irreal və əflatuni xülyalar idi. Öz şəxsi, firqə mənafelərini ümummilli mənafelərdən üstün tutan və millətin o ağır günündə hakimiyyət uğrunda döyüşə qalxan bədxah və rəzil qüvvələr bu gün - tarixin öz bətnindən süzüb keçirdiyi ötən 17 ilin yüksəkliyindən necə də yazıq və miskin görünürlər. Konkret hərbi cinayətlərdə təqsirləndirilən sabiq müdafiə nazirinin müavini Vahid Musayevlə "avtozak"dakı görüş səhnəsindən sonra İsa Sadıqovun Mehmandarovları xatırlaması ən azından səmimi görünmür. Bəli, Mehmandarovları məhz Sadıqovu, Musayevi yetişdirən ideoloji sistem məhv etdi. Bəs nədən bu adamlar "sələf"lərinin azadlıq arzularını müstəqil Azərbaycanda cücərdə bilmədilər? Nədən bu qədər can və torpaq itkisi verdik? Axı, onlar orduda heç də axırıncı adam deyildilər... korpus komandiri, nazir müavini... döyüşün, minlərlə əsgərin taleyinə hökm verirdilər. İsa Sadıqov həqiqi qəhrəmanlara abidə qoymaqdan bəhs edir. Bəs Şəhidlər Xiyabanında, hər bir şəhərdə, rayon mərkəzində salınmış şəhid qəbiristanlıqlarında, anaların, bacıların qəlbinin ən kövrək guşəsində uyuyanlar kimlərdir, qəhrəman deyillər? Yoxsa fərari polkovnikin qəhrəmanlıq haqqında öz anlayışı, təsəvvürləri var? Həmin abidə bu gün itirilmiş, on minlərlə şəhidimizin mübarək qanı ilə suvarılmış torpaqlarımızdır. İsa sadıqovkimilər bu torpağı qorumaq üçün vəzifələndirilmişdilər. İndi necə, bu abidənin gözlərinə baxa bilirlərmi? Yoxsa hər gün belə bir utanc hissi ilə min dəfə ölüb-dirilməmək üçün qaçıblar vətəndən? Bir-iki cızmaqarasından sonra özünü nasirlər cərgəsinə qoşan İ.Sadıqov Eduard Şevardnadze və Heydər Əliyev paralelləri aparmağa cəhd edir. Və bu müqayisədə birinciyə tərəf açıq və məqsədli reveranslar nəzərdən qaçmır. Bəllidir! Şəxsiyyətlərə və onların tarixi retrospektivdə dəyərləndirilməsinə gəldikdə Heydər Əliyevin respublika, regional miqyaslardan çıxaraq dünya çapında müstəsna bir siyasi xadim, dövlətşünas, vətəndaş və şəxsiyyət olduğunu görməmək tək siyasi korafəhimlik deyil, həm də fizioloji qüsurdur. Zira, Heydər Əliyev çapında insanlar haqqında danışarkən ən azından gərək bütün xudbin, xəbis, konyunktur hisslərdən təmizlənib, durulanıb sonra nə isə deməyə cəhd edəsən. Müəllif öz insinuasiyalarına davam edərək yazır ki, orduda dağılma və deqradasiya məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başladı. Ən böyük məğlubiyyət və uğursuzluqlar da onun zamanında baş verdi. Yalnız fərari birisindən bu sözləri dilinə gətirəcəyi qədər vicdansızlıq gözlənilir. Axı həmin hadisələr min il əvvəl baş verməyib və İsa Sadıqov da həmin tarixin yeganə eksponat-şahidi deyil. Dünəninə daş atanı, həqiqətin ağzına daş basanı tarix bağışlamır. Cızmaqaraçı polkovnik 1994-cü il atəşkəsinin "cinayətkar mahiyyəti"ndən bəhs edərək bunu müharibələr tarixində nonsens adlandırır. Ali hərbi təhsil almış bir zabitin əsl "saldofon" təfəkkürü və davranışı nümayiş etdirməsi bəlkə də təəccübləndirməməlidir. Milliyyətcə azərbaycanlı olsa da onun bu etnomədəniyyətə bağlılığını yalnız pasportundakı "beşinci qrafa" təsdiq edir. Qan, gen, düşüncə, etik-əxlaqi və milli-mənəvi dəyərlər onun tam başqa "sosiobioloji" ünsürlərdən yoğrulduğunu isbatlayır. Azərbaycan ordusundakı xidməti fərarilik və döyüş uğursuzluqları ilə yadda qalmış bir adamın ötən 18 ildə atəşkəsin Azərbaycana nələri verdiyini və Ermənistandan nələri aldığını görə bilməməsi, yaxud bunu görmək istəməməsi çörəyini yediyi bir ölkənin kürəyinə xəyanət xəncərini saplamağa hazır olduğunu bariz şəkildə görüntüləyir. Dad yarımçıq əlindən - deyiblər. Hərbçi kimi "poslujnoy"u ləkəli olan İsa Sadıqov özünün politoloji "prostrasiyalar"ında ifrata vararaq ortaya konkret faktlara söykənən sübutlar əvəzinə büsbütün həsəddən, kindən, qərəzdən qaynaqlanan mövqe qoyur. Onun təhlili bəsit, politoloji dəyərləndirmələri nimdaş, mülahizə və qənaətləri dayanıqsız və cəfəngdir. Və bu ampluasında o, çox miskindir, əynində hərbçi kiteli olan zabitə deyil, arenadakı məzhəkəçiyə daha çox oxşayır. Müəllifin ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə bağlı paralelləri də bəsit və arqumentsizdir. Siyasi konyunkturanın və xırda fərdi maraqların əsirliyindən xilas ola bilməməsi romalı Brutun azərbaycanlı prototipinə bəhs etdiyi mürəkkəb dövrün ictimai-siyasi hadisələrini təhlil etməkdə "korluq" çəkdirir. Müəllifi obyektiv olmağa qoymayan fərdi-merkantil hisslərdən, xəstə izzəti-nəfsdən qurtula bilməməsi ilə yanaşı, həm də siyasi dəyərləndirmə və təhlillərindəki qayət piyadalığıdır. Azərbaycanda xarici güc mərkəzlərinin köklü maraq və mənafelərinin olduğunu gözəl bilən fərari-polkovnik xaosdan sabitliyə, dərəbəylikdən möhkəm dövlətçiliyə istiqamət götürən hadisələri diktatura adlandırmaqdan çəkinmir. Bəli, əgər diktaturadan bəhs etmək mümkündürsə, o halda bu, xalq hakimiyyətinin, demokratiyanın, müstəqil və güclü Azərbaycan görmək istəyinin diktaturasıdır.
* * *
Bəlkə də İsa Sadıqovun tariximizin çox uzaqda olmasa da bir qədər qaranlıq, bir qədər mübahisəli, bir qədər də başıbəlalı keçmişini xatirələrində canlandırmaq cəhdi müsbət sayıla bilərdi. Tarixi fakt və hadisələri təhrif etməyə, obyektiv gercəklikləri subyektiv baxış bucağından təhlil və təşrih etməyə girişməsə idi. Axı tarix həm də bir millətin, xalqın, fərdin sevinci, kədəri, qəhrəmanlığı, mübarizəsi ilə yazılan salnamədir. Orada hər kəs və hər şey doğru-dürüst, öz biçimində olmalı və görünməli, faktların körpə məsumluğuna xətər toxunmamalıdır. Ancaq təəssüf! Çox təəssüf ki, müəllif oxucularla səmimi olmağı bacarmamışdır, nəzər bucağına həqiqəti, real olanı deyil, qərəz və qisasçılıq hisslərinin "zindanında döyülmüş" yalanları çıxarmışdır. Fransız filisof - yazıçı Lene Paskal söyləyirdi ki, vicdan insanın layiq olduğu ən yaxşı əxlaq kitabıdır. Yolunu azmamaq üçün ona tez-tez baxmalısan. Görəsən, Azərbaycanın hərb tarixində fərari-polkovnik kimi bədnam ad qoymuş İsa Sadıqov necə, həmin kitaba baxmağa vaxt tapırmı?

{nl}

Eldar SULTANOV, Azərbaycan Respublikası Baş Prokurorluğunun hüquqi təminat və informasiya idarəsinin rəis müavini - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında