Sultanbəy-140. Xalq öz qəhrəmanını heç zaman unutmur...

Xalq qəhrəmanlarımız... Xalqın azadlığı yolunda canından keçən soydaşlarımız. Varı, dövləti yağmalanan, "kulak", "xalq düşməni", "millətçi" damğası vurularaq yurddan didərgin edilən ulularımız... Nə yaxşı ki, tarix onları unutmur, qədirbilən xalqımız bu qəhrəmanların adlarını hörmətlə anırlar. Aprelin 24-də xalq qəhrəmanı Sultan bəy Sultanovun anadan olmasının 140 illik yubileyi münasibəti ilə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli ümumrayon tədbiri keçirildi.
Öncə tədbir iştirakçıları və rayon ictimaiyyəti nümayəndələri tərəfindən ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binası qarşısındakı büstü önünə gül dəstələri qoyuldu. Sonra Taxta körpü qəsəbəsində şəhidlərin Xatirə Kompleksi ziyarət olundu. Rayon icra hakimiyyəti inzibati binasının foyesində Sultan bəy və Xosrov bəy qardaşlarına həsr olunmuş fotostendə baxış keçirildikdən sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov inzibati binanın iclas zalında qonaqları və iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi və xalq qəhrəmanı Sultan bəyin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sultan bəy haqqında video-çarxın nümayişindən sonra R. Cəbrayılov çıxış etdi:
-Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmişin obyektiv mənzərəsi, tariximizin qaranlıq qalmış bir çox səhifələrinin yenidən öyrənilməsinə real imkan yarandı. Ulu öndər Heydər Əliyevin elm adamlarına, xüsusilə tarixçilərə tövsiyə olaraq ünvanladığı "Biz tariximizin qara tərəfini də, ağ tərəfini də göstərməliyik, faciəni də, nailiyyəti də, uğurları da göstərməliyik" kimi dəyərli fikri müasir tarix ədəbiyyatının inkişafına yeni nəfəs və stimul verdi. Qısa zamanda bu tövsiyənin nəticəsi olaraq görkəmli tədqiqatçı alimlərimiz tərəfindən Azərbaycan tarixinə aid bir sıra sanballı əsərlər yazıldı, elmi araşdırmalar davam etdirildi, 70 ildən çox bir müddətdə adlarının çəkilməsi belə xalqımıza yasaq edilən neçə-neçə vətənpərvər azərbaycanlının adının üstündən "vətən xaini", "xalq düşməni" kimi adlar götürülərək onlara bəraət verildi və layiq olduqları tarixi sosial mənsubiyyətləri özlərinə qaytarıldı.
XX əsrin əvvəllərində ermənilər üçün keçilməz səddə çevrilən Zəngəzur qəzası, xüsusilə onların tarix boyu Qarabağın "qara qapısı" adlandırdıqları Laçın rayonu ərazisi Xosrov bəy və Sultan bəy qardaşlarının başçılığı ilə bölgənin igid və vətənpərvər oğulları tərəfindən qəhrəmanlıqla qorunmuş, riyakar erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq kimi sərsəm niyyətlərinin reallaşmasına imkan verilməmişdi. Lakin təəssüflər olsun ki, Azərbaycan dövlətçiliyinin və ərazilərinin qorunmasında xüsusi xidmətləri olan bu iki qardaş sovet hakimiyyəti qurulduqdan sonra "xalq düşməni" adlandırılaraq təqib və təzyiqlərə məruz qalmış, qalan ömürlərini mühacirətdə keçirməyə məcbur olmuşlar. Möhtərəm Prezidentimizin yüksək dəstəyi ilə Laçın şəhərinin 85 illik, Minkənd məktəbinin 120 illik yubileylərinin keçirilməsi, bu gün isə həmyerlimiz Sultan bəyin anadan olmasının 140 illik yubileyinin qeyd olunması hər bir laçınlı üçün əsl bayramdır. Yubiley tədbirinin 24 aprel tarixinə təyin edilməsi heç də təsadüfi deyil, bu tarixin dünya erməniləri tərəfindən heç bir tarixi həqiqətə uyğun olmadan genosid günü kimi qeyd edilməsinə etiraz mesajıdır ki, Sultan bəy, Xosrov bəy və eləcə də digər qəhrəmanlarımızın varisləri Qarabağ müharibəsində hələ son sözünü deməyib.
Ölkə Prezidenti cənab İlham Əliyevin dekabrın 24-də, 50 yaşının tamam olduğu bir gündə laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdən biri kimi Ağcabədi rayonunun Taxta körpü qəsəbəsinə səfəri, ərazidə bütün infrastruktura malik 552 ailəlik qəsəbənin açılışında şəxsən iştirak etməsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prinsipial mövqe nümayiş etdirməsi bir daha əminlik yaradır ki, bütün işğal altındakı torpaqlarımız düşməndən azad ediləcək, biz ata-baba yurdumuza qayıdacağıq. Azərbaycan Texniki Universitetinin professoru, "Xalq Qəhrəmanı Sultan bəy" kitabının müəllifi Şikar Qasımov Sultan bəyin bir zamanlar Muradov soyadı ilə tanınmasını, babası Xanmurad bəyin adından götürülən bu familiyanı hazırda törəmələrinin daşıdığını qeyd edərək xalq qəhrəmanının həyatı, yaşadığı mühit və şərait haqqında tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur mahalının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında Əlipaşa bəyin ocağında dünyaya göz açıb və atası ona özünün ana babası Əsəd Sultanın adını verib. Get-gedə uşağın adındakı Əsəd unudularaq Sultan bəy çağırılıb. O, bir neçə il Molla Xudaverdidən "əlif-bey"i öyrəndikdən sonra atası onu Şuşa şəhərinə, qəza məktəbinə göndərib...
Sultan bəy öncə qəza məktəbində, sonra Gəncədəki gimnaziyada orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərində Hərbi Akademiyaya daxil olur. Amma naməlum səbəblərdən onu tamamlaya bilmir və doğma yurdu Qasımuşağı obasına qayıdır. Dədə-baba peşələri qoyunçuluğu inkişaf etdirərək Yağ-pendir zavodu tikdirir. Həmçinin Hacısamlı nahiyəsinin ərazisində olan meşələrdən taxta istehsal edib xarici bazarlara satır. Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri Sultanbəylər ailəsinə məxsus idi. İndiki Laçın rayonunun Kürdhacı kəndində yaşayan Sultan bəy maldarlıq sahəsində xüsusi ad çıxarmışdı. Çalbayırda xalqın ağır güzəranını yaxşılaşdırmağa çalışırdı. Hacısamlı, Şəlvə, Kürdhacı meşələrinin qırmızı palıdını konyak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sultan bəyin Yağ-pendir zavodunun məhsullarının da əsas müştəriləri idilər. İstehsal olunan yağ, pendir böyük motallara, dəmir və ağac çəlləklərə doldurulub buzlu zirzəmilərdə, soyuq kahalarda saxlanırdı. Məhsulları daşımaq üçün bəyliyin xeyli atı, öküzü, kəl arabaları, dəvə karvanları, var-dövlətini mühafizə etmək üçün süvari dəstəsi vardı.
Sultan bəyin həyatında 1905-ci il erməni-müsəlman hadisələri və 1918-ci il olayları xüsusi yer tutur. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında müstəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alınan Andranikin dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.
1920-ci ildə Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurduqdan sonra Azərbaycan bəyləri öz vətənlərində qaçaq vəziyyətində yaşamağa başladılar. Sultan bəy hökumətdən qaçaq vəziyyətdə Kürdhacı kəndindəki meşədə, bir yarğanda gizlənərdi. Ermənilərin hiyləsi ilə ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə o, İran şahına üz tutur. Şah İranda Rusiyanın erməni casuslarının çox olmasına baxmayaraq Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy qardaşları ilə vətəndən mühacirət etməli olur.
Milli Məclisin deputatları Yaqub Mahmudov, Nazim Fərəcov və Aqil Abbas, Ağcabədi və Xocavənd rayon icra hakimiyyətlərinin başçıları Şahin Məmmədov və Eyvaz Həsənov, tanınmış şair Məmməd Aslan çıxış edərək Sultan bəyin çox az məlumat olan mühacirət həyatından danışdılar. Qeyd olundu ki, Sovet imperiyasının göndərdiyi xüsusi casuslar İranda Sultan bəyin qardaşı İskəndər bəyi öldürdükdən sonra şah təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. O, Türkiyə dövlətinə müraciət edir və Türk dövləti 1923 -cü ildə hər iki qardaşı - Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçköy kəndində mülk və malikanə verir. Sultan bəy 1955 -ci ildə Qars ətrafında, Köçköy kəndində vəfat edir. Xalq qəhrəmanının həyat yoldaşı Dilruba xanım və övladları-Ənvər, Çingiz, Yusifkamal bəylər və Bəyim xanım 1956-cı ilə qədər Qazaxstanda sürgündə qalırlar.
Bakı Metropoliteninin baş mühəndisi, Sultan bəyin nəvəsi Elbrus Muradovun çıxışı daha maraqla qarşılandı və doğma yurdlarından ayrı düşən laçınlıları kövrəltdi:
- Babamın qəbrini axtarmaq üçün uzun illər çalışdım. Türkiyəyə gedən hər tanışımdan soraqladım. Gələnlərdən xəbər aldım. Gördüm deyən olmadı. Nəhayət, internet araçılığı ilə Qars vilayətinin Köçköy kəndində hələ XIX yüzildən laçınlıların məskunlaşdığını öyrəndim. Adil Laçın adlı bir nəfərlə yazışıb vədələşdik və 2006-cı il mayın 15-də mən Türkiyəyə uçdum. Adil bəy məni Esenboğa hava limanında qarşıladı. Səhər saat 6-da Qarsa tərəf yola çıxdıq. Yolboyu həyəcanlıydım. Görəsən, doğurdanmı babamın qəbri ordadır, yoxsa başqa variantlar kimi bu da özünü doğrultmayacaq?! Çünki Sultan bəyin Ərzurumda, Konyada dəfn olunması haqda versiyalar mövcud idi. Nəhayət, Köçköy kəndinə yetişdik. Qəbiristanlıqda sadə bir qəbiri göstərib "Sultan bəyin məzarıdır" söylədilər. Ağsaqqallar babamı olduğu kimi təsvir edib şübhəmi dağıtdılar. Qəribədir ki, Köçköy kəndində yaşayanların çoxu bizim soyun adamlarına bənzəyirdilər. Mən o kənddə hətta öz oxşarımı da tapdım. Bakıya qayıdandan sonra məndə olan nəsil şəcərəmizi yoxladım ki, Adil bəyin ulu babası ilə mənim ulu babam doğmaca qardaşdırlar. Zəngəzur mahalında xalq arasında vaxtı ilə səslənən: "Paşa bəy ədaləti ilə, Sultan bəy cəsarəti ilə daim yaşamış və yaşayacaqdır" kəlamı bu gün də xalq arasında olduqca tez-tez işlənir. Azərbaycanı qoruyacaq vahid xalq ordusu olmadığı halda Sultan bəy cəsarəti ilə Türkiyədə və Azərbaycanda çoxlu sayda cinayətlər törətmiş, Türk ordusunun sirlərini ingilis kəşfiyyatına satmaq üstündə qulağı kəsilmiş erməni quldur dəstələrinin rəhbəri Andranik Ozanyanı tarixin yaddaşından silmişdir.
Tədbirdə rayonun ümumtəhsil məktəblərində "Sultan bəy erməni işğalçılarına qarşı mübarizə aparmış xalq qəhrəmanıdır" mövzusu üzrə keçirilmiş inşa yazı müsabiqəsinin, Sultan bəyin xatirəsinə həsr olunmuş taekvondo idman növü üzrə 12 rayonun idmançıları arasında və rayonda keçirilmiş atçılıq yarışının qalibləri təltif edildilər. Yubiley tədbirinin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir Taxta körpü qəsəbəsində "Heydər Parkı"nda respublikanın tanınmış müğənnilərinin iştirakı ilə təntənəli bayram konserti ilə davam etdirildi.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında