Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Xətai Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan rayon icra hakimiyyətiin başçısı Razim Məmmədov qeyd etmişdir ki, ilin birinci rübündə rayonun sənaye müəssisələrində 253 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 6,4 faizi məhsul istehsalının, 93,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
İlin əvvəlindən istehlak və xidmət bazarlarında əhaliyə 299 milyon 465 min manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmiş, keçən ilin birinci rübü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 3,8 faiz, pullu xidmətlərin həcmi isə 1,3 faiz artmışdır.
Ticarət şəbəkələrindən satılmış məhsulların 15,3 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 4,3 faizi yarmarkalar, 80,4 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun tikinti kompleksinə bütün maliyyə mənbələri hesabına əvvəlki ilin müvafiq dövründəkindən 2,8 dəfə çox investisiya yönəldilmişdir. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 80 milyon 709 min manat, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 52 milyon 209 min manat sərmayə yatırmışlar.
2012-ci ilin yanvar-mart aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1596 nəfər artaraq 57813 nəfər olmuş, rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı 12,2 faiz artmışdır. Sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı 16,6 faiz artaraq 486,2 manat, tikinti kompleksində 11 faiz çoxalaraq 530,4 manat, nəqliyyatda 10,2 faiz çoxalaraq 683,6 manat, rabitə sahəisndə 13,3 faix çoxalaraq 982,5 manat təşkil etmişdir. İşsizlik statusuna malik olan 2213 nəfərdən 65 nəfərinə işsizliyə görə müavinət təyin olunmuşdur.
Başçı həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə cari ilin yanvar ayının əvvəlindən pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi rayon üzrə 33944 nəfər pensiyaçıya şamil edilmiş və nəticədə əlavə olaraq hər ay 200 min 385 manat vəsait xərclənmişdir.
2003-cü ilin oktyabrın 1-dən 2012-ci ilin aprel ayının 1-dək rayonda 24214-ü daimi olmaqla 24420 yeni iş yeri açılmışdır. Bu ilin birinci rübündə isə hamısı daimi iş yerləri olmaqla 1164 yeni iş yeri yaradılmışdır.
İclasda vurğulanmışdır ki, ölkədə həyata keçirilən düzgün, uzaqgörən, uğurlu sosial-iqtisadi siyasətin nəticəsində Bakı şəhəri və eləcə də respublikamızın regionları sürətlə inkişaf etmişdir. Son illərdə Xətai rayonunda həyata keçirilən geniş həcmli yenidənqurma və abadlaşdırma işləri Bakı şəhərinin inkişafına təkan vermişdir. Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işləri davam etdirilmişdir.
Vurğulanmışdır ki, bu ilin birinci rübündə Prezident İlham Əliyevin iştirakı ilə rayon 251 saylı uşaq bağçası və körpələr evinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilmiş, "Bakı - Ağ şəhər" layihəsinin, yaxınlıqdakı Boks Federasiyasının, Xocalı prospektində və İzzət Orucov küçəsində İş Mərkəzlərinin, Nəcəfqulu Rəfiyev küçəsində Belarus səfirliyinin, Əhmədli qəsəbəsində isə yeni xəstəxana - poliklinikanın tikintisi aparılır. H.Əliyev prospekti ilə Babək prospektini birləşdirən yol genişləndirilir. Xocalı 9/16 və Y.Səfərov 18 saylı binaların arasındakı boş sahədə müasir tələblərə və ərazinin memarlığına cavab verən şəbəkəli arkanıntikintisi başa çatdırılmışdır. Bu arka ilə üzbəüz ərazidəki Əfəndiyev adına xəstəxanada aparılan tikinti, təmir və yenidənqurma işləri, binanın üzlük daşla üzlənməsi başa çatmaq üzrədir.
İclasda qeyd edilmişdir ki, keçən ilin may ayında qəbul olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonun mövcud problemləri öz əksini tapmışdır. Bu gün həmin Dövlət Proqramında nəzərdə tutulmuş işlərin icrası rayonun sürətli inkişafına yeni təkan verir.
Proqram çərçivəsində əsaslı təmir olunan 7 uşaq bağçası və körpələr evindən birində keçən il, 6-sında isə bu ilin birinci rübündə işlər başa çatdırılmışdır. Cari ildə 20 məktəbdə və 12 uşaq bağçasında əsaslı təmir işləri görüləcəkdir ki, artıq onların bir qismində bu işlərə başlanılmışdır.
Proqram çərçivəsində əsaslı təmir olunan səhiyyə müəssisələrində də işlər qrafik üzrə aparılmış, 2 və 6 saylı uşaq poliklinikalarında təmir işləri bu ilin birinci rübündə başa çatdırılmışdır.
Rayonda yol infrastrukturunun yeniləşdirilməsi qarşıda duran ən mühüm problemlərdən biridir. Doğrudur, son illərdə yeni yol qovşaqları, körpülər, yol ötürücüləri, yeraltı və yürüstü keçidlər tikilib istifadəyə verilmiş, mərkəzi yollar, o cümlədən Y.Səfərov küçəsi, Nobel prospekti və Zığ yolu küçəsi dünya standartları səviyyəsində yenidən tikilmişdir. Rayonun daxili küçə və yollarının əsaslı şəkildə təmiri və yenidən qurulması istiqamətində də Dövlət Proqramına uyğun xeyli işlər görülmüşdür. Hazırda asfaltlaşma işlərinə başlanması üçün hazırlıq işləri görülür.
İclasda Milli Məclisin deputatı Hüseynbala Mirələmov və başqaları çıxış edərək görülən işləri qənaətbəxş hesab etdiklərini bildirmişlər.
Sonda həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları nəzərdə tutulan abadlıq tədbirləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.